Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi və onun açılışında Hacının çıxışı


Məktəbin təsdiq edilmiş nizamnaməsinə görə, o, qapalı tədris-tərbiyə müəssisəsi idi. Məktəbə yaşı 7-dən az olmayan qızlar qəbul edilirdi, təhsil müddəti 4 il idi. Məktəb öz proqramına görə Qafqaz Tədris Dairəsinin ibtidai məktəblərinə uyğun idi. Nizamnaməyə görə, məktəbin müdiri, həmçinin rus və Azərbaycan dilləri, şəriət müəllimləri mütləq müsəlman qadınları olmalı idi.

Məktəbdə müəllimə yerini tutmaq üçün bir neçə müsəlman qadını xahişlə müraciət etmişdi. Onlar aşağıdakılardır: Daşkənddə yaşayan podpolkovnik qızı Xədicə xanım Əbdürrəhmanova, Tiflisdən zadəgan qadın Rəhilə Terequlova, Vladiqafqazdan Fatma Terequlova. Bu şəxslərin təhsil haqqında təqdim etdikləri sənədlərindən bəlli olur ki:

1) Əbdürrəhmanova Xədicə xanım Daşkənd qız gimnaziyasını bitirmiş və xüsusi yoxlamadan keçmişdir, həmdinlərinə tərbiyəçi olmaq və ev müəlliməsi hüququna malikdir.

2) Terequlova Rəhilə xanım Tiflisdə “Müqəddəs Nina” qız məktəbini bitirmişdir, ev müəlliməsi hüququna malikdir.

3) Terequlova Fatma xanım Vladiqafqaz qız progimnaziyasının 3-cü sinfini bitirmişdir və 6 ay həmin progimnaziyada hazırlıq sinfində müəllimə köməkçisi kimi təcrübə keçmişdir. İbtidai kənd və prixod məktəbi müəlliməsi hüququna malikdir. Aleksandrinski rus-Azərbaycan qız məktəbinin qəyyumluq şurası qərara alır: Xədicə xanım Əbdürrəhmanova və Rəhilə xanım Terequlova orta təhsil aldıqları və ev müəlliməsi hüquqları olduğu üçün indidən (1901-ci il nəzərdə tutulur – M.M) – senyabrın 20-dən ildə 500 manat məvaciblə yuxarıda adı çəkilən məktəbdə dərs deməyə cəlb edilsinlər və onların təsdiqi Bakı Quberniyası Dağıstan Vilayəti Xalq məktəbləri Direktorluğu vasitəsi ilə Qafqaz Tədris Dairəsinin qəyyumluq şurasından xahiş edilsin. Fatma xanım Terequlovaya isə mövcud olan iki yerin tutulduğu xəbəri verilsin və sənədləri qaytarılsın.

1901-ci il oktyabrın 7-də məktəbin rəsmi açılışı oldu. Açılışda Hacı Zeynalabdin Tağıyev özü çıxış edərək deyib:

“Bu məktəbin güşadı barəsində sizin bu növ izharir-zaməndi və məmnuyyətiniz bu məktəbə olan məhəbbət və hissiyatınız məni bais edir ki, gələcəkdə mən bir mərtəbə bu məktəbin imarətinin üstün bina edib, vaxtilə bu məktəbi müsəlmanlar üçün ünasiyyə mədrəseyi rüşdiyyəsi qərar verim. Sizin bu növ himmətiniz mənim bu fikrimin əncamə gəlməyinin dəxi də təcilinə bais olacaqdır”.

Məktəbin açılması və fəaliyyətə başlaması münasibətilə senator Yanovskidən, Tiflisdən Qafqaz Tədris Dairəsinin hamısı Zavodskidən, Baxçasaraydan İsmayıl Qasprinskidən, Baxçasaray şəhər rəisi Mustafa ibn Davuddan, Riqada təhsil alan müsəlman tələbələrdən, Petrovski limanının direktoru Txarjevskidən, Kazan müsəlman müəllimlərindən və başqalarından Hacı Zeynalabdin Tağıyevin adına onlarla teleqram gəlmiş, dövri mətbuatda məqalələr, təbriklər dərc olunmuşdu.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər