Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İlk milli seminariya: Qazax Müəllimlər Seminariyası – III hissə


Firudin bəy Köçərli qısa müddət ərzində seminariyanı elə şöhrətləndirdi ki, onun sədası respublikanın hər yerindən gəldi, seminariya elmi-pedaqoji və metodik mərkəzə çevrildi. O, seminariyanın işini təşkil etməklə yanaşı müəllimlərin köməyi ilə yaşlılar üçün savad kursları açdı, yetimlər evi təsis etdi, qaçqınlara yardım fonduna yaxından kömək etdi. Firudin bəy Köçərlinin 35 illik pedaqoji fəaliyyətinin Qazax Müəllimlər Seminariyasındakı dövrü bu böyük pedaqoqun, ədəbiyyatşünas alimin, vətənpərvər insanın həyatının ən fərəhli illərini təşkil edir. Lakin, təəssüf ki, bu sevinc, fərəh uzun sürmədi. Sovet Rusiyasının hərbi müdaxiləsi ilə həyata keçirilən 27 aprel 1920-ci il dövlət çevrilişi Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələndi. Azərbaycan təhsil tarixinə öz əbədi imzasını həkk etmiş Qazax Müəllimlər Seminariyasının əsasını qoyan, Azərbaycanın istiqlal mücahidi, maarif və elm fədaisi Firudin bəy Köçərli 1920-ci il mayın 26-dan 30-dək davam edən Gəncə üsyanı zamanı mənfur daşnaklar tərəfindən öldürülür.
Firudin bəy Köçərlinin ölümündən sonra Əhməd ağa Mustafayev Qazax seminariyasının müdiri vəzifəsinə təyin olunur. O, 1864-cü ildə Qazax qəzasının Salahlı kəndində anadan olmuş, 1880-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olmuş, 1885-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdi. Əhməd ağa təkcə Salahlı kəndindən Qori Müəllimlər Seminariyasında oxumaq üçün 30-dan artıq məzun hazırlamış, 50 ildən artıq xalq məktəblərində müəllimlik etmişdi. O, 1923-cü ilə qədər seminariyaya rəhbərlik etmiş, Firudin bəy ənənələrinə sadiq qalaraq onu bir az da irəli aparmışdır.
1920-ci ildə Qazax seminariyasının yanında qızlar üçün şöbə açıldı. Həmin dövrdə qızları məktəbə cəlb etmək çox çətin iş idi. Qabaqcıl, mütərəqqi adamlar bu çətinliyin öhdəsindən gəlməyə çalışırdılar. Həmin il qızlar şöbəsinə Dilrubə, Dürrə, Validə və Həbibə Mustafayevalar, Dilşad Şıxlinskaya, Səlimə Əfəndiyeva, Kövsər Qayıbova qəbul oldular. Qeyd etmək lazımdır ki, bu qızların əksəriyyətinin seminariyaya daxil olmasının əsas səbəbi onların Qori Seminariyasının məzunu və Qazax Müəllimlər Seminariyasının direktoru, xalq maarifinin görkəmli nümayəndəsi Əhmədağa Mustafayev ilə qohumluq əlaqəsinin olması idi. Qızlar şöbəsi qapalı fəaliyyət göstərirdi, qızlar məktəb binasında yaşayır, orada oxuyur və dərslərinə hazırlaşırdılar. Seminariyada tərbiyəçi qadın müəllimləri var idi. Onlar qızlarla bir yerdə qalır, yeməklərinə, dərslərinə və otaqlarının səliqə-sahmanına nəzarət edirdilər. Cümə günlərindən başqa qızlara həftə ərzində pansiondan kənara çıxmağa icazə verilmirdi. Cümə axşamları isə valideynlər xüsusi icazə ilə qızlarını evlərinə apara bilərdilər. 1926-cı ildə bu qapalılıq aradan qaldırıldı və qızlarla oğlanlar bir yerdə təhsil almağa başladılar.
Qazax seminariyasına 1923-1926 və 1927-1929-cu illərdə xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov rəhbərlik etmişdir. Əli Hüseynov 1886-cı ildə Qazax qəzasının 2-ci Şıxlı kəndində anadan olmuş, ilk təhsilini öz kəndlərində İsa Abakarovdan almış və onun məsləhəti ilə 1897-ci ildə Qori Müəllimlər Seminariyasının aşağı hazırlıq sinfinə daxil olmuş, 1905-ci ildə seminariyanın tam kursunu bitirmişdi. 1918-ci ildə Firudin bəy Köçərli onu Qazax Müəllimlər Seminariyasına dəvət etmişdi. O, seminariyada müəllim işləməklə yanaşı Qazaxda maarif işinin təşkilində böyük fədakarlıq göstərmişdir. Əli Hüseynov seminariyanı yeni müəllim kadrları ilə təmin etdi, ədəbiyyat müəllimləri Süleyman Qayıbovu, Əkrəm Cəfəri və Yusif Əfəndiyevi, coğrafiya müəllimi Mirzə Əfəndini, təbiət müəllimləri Mahmud Bayramovu, Tahir Abdullayevi, Abdulla Babanlını, rus dili müəllimi Əhmədağa Gülməmmədovu, alman dili müəllimi Əli Mustafayevi gətirdi. Əli Hüseynov 1926-27-ci illərdə Lənkəran, 1932-34-cü illərdə Qazax rayon xalq maarif şöbələrinin müdiri, 1930-cu ildə Naxçıvan Maarif Komissarı vəzifələrində işləmişdir.
1930-31-ci illərdə Qazax Müəllimlər Seminariyasına Əhməd Qurbanov rəhbərlik etmişdir. Əhməd Osman oğlu Qurbanov Qazax rayonunun II Şıxlı kəndində anadan olmuş, ibtidai təhsilini doğulduğu kənddə aldıqdan sonra Qazax Müəllimlər Seminariyasına daxil olmuş, seminariyanı bitirdikdən sonra orada müəllim işləmişdir. Əhməd müəllim sonralar Bakıya köçmüş, müxtəlif rəhbər vəzifələrdə işləmiş, İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, müharibədən qayıtmamışdır.
1931-1936-ci illərdə Qazax Müəllimlər Seminariyasına Mirqasım Əfəndiyev rəhbərlik etmişdir. Mirqasım Hacı Ömər oğlu Əfəndiyev 1902-ci ildə Qazax qəzasının I Şıxlı kəndində anadan olmuş, ibtidai təhsilini aldıqdan sonra 1918-ci ildə Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. O, seminariyada Səməd Vurğun, Mehdixan Vəkilov, Mirəli Mirəliyevlə birlikdə təhsil almışdır. Mirqasım Əfəndiyevin direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində Bəkir Əfəndiyev işləmişdir.
1936-1940-cı ilə qədər Qazax Müəllimlər Seminariyasına Mirzə Bağırov rəhbərlik etmişdir. Mirzə Bağırovun direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində 1936-1938-ci illərdə Alı Alıyev, 1939-1940-cı illərdə isə Məcid Tağıyev işləmişdir.
1940-1942-ci illərdə Qazax Müəllimlər Seminariyasına Məcid Tağıyev rəhbərlik etmişdir. Məcid Əsgər oğlu Tağıyev 1908-ci ildə Qazax rayonunun I Şıxlı kəndində anadan olmuş, ibtidai təhsilini öz kəndlərində almış, 1923-cü ildə Qazax Müəllimlər Seminariyasına daxil olmuş, 1928-ci ildə seminariyanı müvəffəqiyyətlə bitirdikdən sonra Şamaxı rayonunun Şəridli kəndində məktəb direktoru vəzifəsində çalışmışdır. Məcid müəllim 1929-cu ildə Ali Pedaqoji İnstituta daxil olub və 1932-ci ildə institutu qurtarmışdır. Sonralar o, Tovuz rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində işləmişdir. Məcid Tağıyevin direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində Güllüzar Əliyeva işləmişdir.

Mənbə: AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, “İlk milli seminariya: Qazax Müəllimlər Seminariyası”, 525-ci qəzet, 8 dekabr 2018-ci il.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.