Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AKADEMİK A.X. MİRZƏCANZADƏNİN 85-illiyinə HƏSR OLUNMUŞ «NEFTQAZ SAHƏSİNDƏ QEYRİNYUTON SİSTEMLƏR» BEYNƏLXALQ ELMİ KONFRANS


Neft elminin inkaşafı, yüksəkixtisaslı elmi və pedaqoji kadrların hazırlanmasında çoxşaxəli xidmətlərini nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə 21-22 noyabr 2013-cü ildə akademik Azad Xəlil oğlu Mirzəcanzadənin 85 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirilmişdir.
AMEA-nın Prezidenti akademik Akif Əlizadənin rəhbərliyi ilə yaradılan təşkilat komitəsində həmsədrlər ARDNŞ-nın Birinci Vitse-Prezidenti, akademik Xoşbəxt Yusifzadə, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik Siyavuş Qarayev, Başqırdıstan Respublikası Elmlər Akademiyasının Prezidenti, akademik Ramil Baxtizin təşkilat və icra komitələri ilə birlikdə böyük hazırlıq işləri görərək elmi forumun müvəffəqiyyətlə keçməsi üçün lazımı şərait yaratmışlar.
Konfransda Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Samara, Ufa, Uxta; ABŞ-nın Albakurke; Türkiyənin İstanbul; Qazaxıstan Respublikasının Aktau, İsrailin Tel-Aviv, Netanya şəhərlərindən gəlmiş xarici alimlər və yerli mütəxxəsislər iştirak etmişlər.
Konfransın açılışından öncə tədbir iştirakçıları Fəxri Xiyabanda görkəmli alim akademik Azad Mirzəcanzadənin məzarını ziyarət edərək xatirəsini yad etdilər.
Elmi konfransın təntənəli iclasını AMEA-nın Vitse-Prezidenti akademik Akif Hacıyev açaraq görkəmli elm xadimi, akademik Azad Mirzəcanzadənin Azərbaycan və keçmiş SSRİ ölkələrində elmi fəaliyyətindən danışdı. Öz çıxışında akademik Akif Hacıyev Azad Mirzəcanzadənin neft sənayesinin inkişafındakı yaradıcı xidmətlərinin Azərbaycandan qat-qat kənarlara çıxdığını göstərdi. O, həmçinin, elmi tədqiqat nəticələrinin dünya ölkələrinin bir çox elmi mərkəzlərində istifadə olunan alimin tələbələrinin Azərbaycan Respublikası, Rusiya Federasiyası, ABŞ, Vyetnam, Kazaxstan, Özbəkistan, Suriya, Ukrayna, Misir, Almaniya, İraq, Əlcazair və b. ölkələrdə böyük elmi mərkəz və universitetlərə rəhbərlik edərək, neftqazçıxarma şirkətlərinin elmi-texniki strategiyasını müəyyən etdiyini qeyd etdi.
ARDNŞ-nin Birinci Vitse-Prezidenti, akademik Xoşbəxt Yusifzadə alimin həyat və fəaliyyəti haqqında çıxış etdi. O, akademik Azad Mirzəcanzadənin neftqaz elminin inkişafındakı xidmətlərindən danışaraq, neft mədən mexanikasında yeni istiqamətlərin neftqazçıxarma və işlənmə proseslərində innovativ fikirlərinin yaradıcısı olduğunu və onun ölkənin hüdudlarından kənarda da böyük şöhrət qazanaraq, elmi içtimaiyyətimizin yaddaşında Azərbaycan elminin fəxri və parlaq simalarından biri kimi qaldığını qeyd etdi.
Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik Siyavuş Qarayev Azad Mirzəcanzadənin elmi-pedaqoji istedadından danışaraq onun neft sənayesi üçün ixtisaslı mütəxxəsislərin bütov bir nəslini tərbiyə etdiyini vurğuladı.
Çıxış edən AR Energetika naziri professor Natiq Əliyev akademik Azad Mirzəcanzadənin ölkəmizin hazırki inkişaf mərhələsində iqtisadiyyatın tərəqqisində neftmədən elminin və praktikasının rolunun xeyli əvvəl göstərdiyini qeyd etdi.
Təntənəli iclasda çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov öz tələbəlik illərinin təəssüratlarından, akademik Azad Mirzəcanzadənin pedaqoji ustalığı, onun yaratdığı elmi və mühəndis məktəbinin iqtisadiyyatın tərəqqisindəki rolunldan danışdı.
Başqırdıstan Elmlər Akademiyasının Prezidenti akademik Ramil Baxtizin Azad Mirzəcanzadənin Başqırdıstan neft elminin yaranması və elmi kadrların yetişdirilməsində əvəszis xidmətlərini göstərdi.
Rusiya Təbiət Elmləri Akademiyasının vitse prezidenti akademik Lida İvanitskaya öz çıxışında Rusiya və Azərbaycan akademik elmi cəmiyyətlərinin möhkəm və qırılmaz əlaqələrinin yaranmasında akademik Azad Mirzəcanzadənin böyük rolunu qiymətləndirdi.
Çıxışlarda həmçinin Samara Dövlət Texniki Universitetinin rektoru, professor Bıkov Dmitriy Yevqenyeviç, “KazNİPİ munayqaz” AS cəmiyyətinin elmi işlər üzrə məsləhətçisi professor Bibiqul Turkpenbayeva iştirak etdilər.
ADNA “Neft yataqlarının işlənməsi və istismarı” kafedrasının müdiri RTEA-nın akademiki, professor Tulparxan Salavatov akademik Azad Mirzəcanzadə elmi məktəbinin aktuallığı və yaradıcılıq irsinin saxlanılmasının vacibliyini göstərərək, konfransın ünvanına Berklidəki Kaliforniya Universitetinin professoru Qriqoriy Barenblat, Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, professor Ayrat Şammazov, Uxta Dövlət Texniki Universitetinin rektoru professor Nikolay Tsaxaday, Ufa Enerji Resursları və Borunəqli Problemləri İnstitutunun (ERBPİ) direktoru, professor Asxat Qumerov və RTEA – neft və qaz seksiyasından, professor Kaplan Basniyev, professor A.Muradov və professor Tatyana Qromova tərəfindən imzalanmış təbrik teleqramlarını konfrans iştirakçılarının diqqətinə çatdırdı.
21 noyabr saat 14.00-da AMEA-nın kiçik akt zalında konfransın plenar iclası keçirildi. Bu iclasın həmsədrləri professor Misir Mərdanov və RTEA-nın akademiki Əzizağa Şahverdiyev də akademik Azad Mirzəcanzadə haqqında öz xatirələrini qeyd etdilər.
Konfransın plenar iclasında akademik Fikrət Əliyev, AMEA-nın müx. üzvü Surxay Əkbərov, professor Səyavur Bəxtiyarov, AMEA-nın müx. üzvü Elmira Ramazanova, RTEA-nın akademiki professor Mars Xasanov, RTEA-nın akademiki Qeylani Pənahov, professor Said Urmançiyevin çıxışları böyük maraqla dinlənildi. Çıxışlar konfrans iştirakçılarında canlı maraq yaradan, bir çox sual və diskussiyalarla yadda qaldı.
Konfrans 22 noyabr 2013-cü ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda və Azərbaycan Dövlət Neft Akademiyasında seksiya iclaslarında öz işini davam etdirmişdir.
Riyaziyyat və Mexanika İnstitutunda “Neftqazçıxarmada riyazi metodlar”, Azərbaycan Dövlət Neft Akademiyasında isə “Neft yataqlarının işlənməsi və neftçıxarma” tematikalarını əhatə edən məruzələr dinlənilmişdir.
Konfransın sonunda NƏTICƏ QƏRARI qəbul olunmuşdur:
1. Akademik Azad Mirzəcandənin elmi irsinin saxlanması, onun elmi məktəbinin inkişafı və neft elmində yeni istiqamətləri yaratmaq məqsədi ilə Beynəlxalq elmi kollektiv, insitutut və elmi mərkəzlərin aktiv mübadiləsinin vacibliyi təsdiqlənmişdir.
2. Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən təklif olunmuş, təbiət elmləri sahəsində nəzəri, eksperimental və tətbiqi tədqiqatlarında hədsiz xidmətlərinə görə neft elminin banilərindən biri olan akademik Azad Mirzəcanzadə adına fəxri medalın təsis ideyasını dəstəkləmək.
3. Tərkibi Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Təbiət Elmlər Akademiyası, Başqırdıstan Respublikası Elmlər Akademiyası, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Dövlət Neft Akademiyası nümayəndələrindən ibarət olan mükafat komitəsini yaratmaq.
4. Azərbaycan Respublikasının muvafiq dövlət strukturlarına neftqaz sahəsində fəaliyyət göstərən elmi-tədqiqat və ya təhsil institutlarından birinə akademik Azad Mirzəcanzadənin adının verilməsi haqda müraciət olunsun.
5. Akademik Azad Mirzəcanzadənin monoqrafiyalarının və elmi irsinin çoxcildlik elmi əsərlər şəklində nəşr edilməsi vacib hesab edilsin.
6. A.X. Mirzəcanzadənin elmi irsinə həsr olunmuş beynəlxalq elmi-texniki konfranslar requlyar olaraq keçirilsin.

Təşkilat komitəsi