Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNUN 55 İLLİK YUBİLEYİ KEÇİRİLİR.


Azərbaycanda riyaziyyat və mexanika elmlərinin məbədi hesab olunan  Riyaziyyat və Mexanika İnstitutunun 55 illik yubileyi münasibətilə mayın 15-16-da  “Riyaziyyat və mexanikanın aktual problemləri” adlı beynəlxalq konfrans keçirilib. Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif  Hacıyev açıq elan edib. Daha sonra Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor  Misir Mərdanov İnstitutun 55 illik fəaliyyəti haqqında qısa məlumat verib.

 “55 illik fəaliyyəti ərzində Akademiyanın Riyaziyyat və Mexanika İnstitutu şərəfli bir yol keçmiş, ölkəmizdə riyaziyyat və mexanikanın inkişafında uğurlu nəticələrin qazanılmasında böyük nəaliyyətlər əldə etmişdir. Riyaziyyat və Mexanika İnstitutu fəaliyyəti dövründə ölkəmizdə riyaziyyat və mexanika elm sahələrinin mərkəzinə çevrilmişdir.”

Beynəlxalq konfransda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən  205 tezis göndərilib. Konfransda Azərbaycanda və xaricdə yaşayan məşhur alimlərimiz,  o cümlədən İran, Türkiyə və Rusiyadan gələn riyaziyyatçılar, mexaniklər,  elm adamları iştirak edərək  məruzə ilə çıxış edəcəklər. Digər məruzələr üzrə çıxışlar 10 seksiyada davam etdiriləcək. 2 gün davam edəcək beynəlxalq konfransda 6 məruzə dinləniləcək.

55 il ərzində institut əməkdaşları 93 monoqrafiya və 10000-dən çox elmi məqalə çap etdiriblər. Bu məqalələrin 1500-dən çoxu nüfuzlu xarici jurnallarda nəşr etdirilib.

Vaxtilə Riyaziyyat və Mexanika İnstitutunda işləmiş alimlərin 67 nəfəri hal-hazırda xarici ölkələrin (Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Almaniya, Meksika, ABŞ, Avstraliya, Böyük Britaniya, Belarus və s.) aparıcı elm və təhsil müəssisələrində çalışırlar. Onların 29 nəfəri elmlər doktoru, digərləri isə fəlsəfə doktorudurlar.

Qeyd edək ki, Riyaziyyat və Mexanika İnstitutu 1959-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin 27 aprel 319 nömrəli və Azərbaycan SSR EA-nın Rəyasət Heyətinin 06 may tarixli qərarları ilə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunun bazasında yaradılmışdır.

Faydalı linklər