Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Qırğızıstanın “İssık-kul” gölünün sahilində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V Konqresi keçirildi.


5 – 7 iyunda Qırğızıstanın “İssık-kul” gölünün sahilində Türk Dünyası  Riyaziyyat  Cəmiyyətinin V  Konqresi keçirildi. Konqresdə Türk dünyasından və dünyanın müxtəlif ölkələrindən 300-ə yaxın riyaziyyatçı alim iştirak edirdi. Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, BDU-nun  Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, Cəmiyyətin vitse-prezidenti Fikrət Əliyev, həmin institutun professoru, cəmiyyətin idarə heyətinin üzvü Yusif Qasımov, MDU-nun Bakı filialının professoru, idarə heyətinin üzvü Azad Tağızadə və başqaları iştirak edirdilər.
Konqresdə Misir Mərdanov Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti kimi 3 il ərzində idarə heyətinin fəaliyyəti haqqında geniş hesabat verib.
İyunun 7-də  Türk Dünyası Riyaziyyat Cəmiyyəti V konqresinin bağlanış iclasında qarşıdan gələn 3 il müddətinə Qırğızıstan Elmlər Akademiyasının akademiki Altay Borubayev cəmiyyətin prezidenti seçilmişdir.
Misir Mərdanov cəmiyyətin Fəxri Prezidenti, akademik Fikrət Əliyev cəmiyyətin vitse-prezidenti, professor Azad Tağızadə və Yusif Qasımov idarə heyətinin üzvü seçilmişlər.
Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin növbəti konqresinin 2017-ci ilin yayında Qazaxıstanın Astana şəhərində keçirilməsi qərara alınmışdır.
Qazaxıstan tərəfinin ayırdığı 10 min ABŞ dolları məbləğində vəsaitin 6 min dolları Türk dünyasının görkəmli riyaziyyatçı alimi kimi  akademik Muxtarbay Otelbayevə verilmişdir.
2 min ABŞ dolları məbləğində II mükafat cəmiyyətin “Nəzəri və tətbiqi riyaziyyat “ jurnalının redaksiya heyətinə verilmişdir.
Qalan 2 min ABŞ dollarının isə V konqresin Təşkilat Komitəsinə (Qırğızıstan) verilməsi qərara alınmışdır.
Fərqli dillərdə riyaziyyat terminləri sözlüyünün hazırlanması üçün prof. Hasan Hilmi Hacısalihoğlunun rəhbərliyi ilə 4 nəfərdən ibarət Komissiya yaradılmışdır. Azərbaycandan AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun professoru Məmməd Bayramoğlu  həmin komissiyanın üzvü seçilmişdir.

Faydalı linklər