Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyaziyyat və astronomiyanın tarixi, mövcud vəziyyəti və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans öz işinə başladı


Ensiklopedik alim Nəsirəddin Tusinin vəfatının 740 illiyi ilə əlaqədar Riyaziyyat və Mexanika İnstitutu, Nəsirəddin Tusi adına ŞamaxıAstrofizika Rəsədxanası, Azərbaycan Dövlət Pedoqoji Universiteti və Azərbaycan Universiteti dahi mütəfəkkirin xatirəsinə həsr olunmuş “Riyaziyyatın və Astronomiyanın Tarixi, Mövcud Durumu və Gələcəyə Baxış” adlı beynəlxalq konfrans keçirib. Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev açıq elan edib. O, Tusi yaradıcılığının Azərbaycan  riyazi məktəblərinin formalaşmasına təsirindən danışıb.

Daha sonra Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov çıxış edərək Azərbaycanda Tusi yaradıcılığına göstərilən diqqətin təqdirəlayiq hal olduğunu bildirib. Qeyd edib ki, Ulu öndər Heydər Əliyev Nəsirəddin Tusini dahi azərbaycan alimi  və mütəfəkkiri hesab etmiş, onun zəngin yaradıcılığı ilə yanaşı, böyük bir elmi məktəbin banisi kimi dünya şöhrəti qazandığını hər zaman söyləmişdir.  Məhz buna görə də Nəsrəddin Tusinin anadan olmasının 800 illiyinin YUNESKO tərəfindən beynəlxalq hadisə kimi qiymətləndirildiyini nəzərə alan prezident 2001-ci ildə bu yubileyin dövlət miqyasında qeyd edilməsi barədə xüsusi fərman imzalamışdır.

Nəsirəddin Tusinin hansı millətə mənsub olması indiyə qədər mübahisəli olmasını söyləyən Misir Mərdanov onun həyat və yaradıcılığını tədqiq edən bir sıra alimlərin  Tusinin Azərbaycan türkü olduğunu əsaslı dəlillərlə sübut etdiklərini bildirib. Sonda qeyd edib ki, bu dahi alimin yaradıcılığı bəşəriyyətə mənsubdur.

Sentyabrın 12-ə qədər davam edəcək beynəlxalq konfransı məruzələrlə Beynəlxalq Elm Tarixi Akademiyasının akademiki, professor Sergey Demidov, Lozanna Politexnik Universitetinin professoru Jak Sesiano, Lill Elm və Texnologiyalar Universitetinin professoru Əhməd Cabbar, Britaniya İslam İrsi Mərkəzinin Mançester filialının prezidenti, professor Salim Aydüz və s. davam etdirəcək. Konfransda İngiltərə, Fransa, İspaniya, İsveçrə, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İran, Özbəkistan və başqa ölkələrdən 22 alim iştirak edir.

Konfransın bağlanış iclası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçiriləcək.Qeyd edək ki, konfrans Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Faydalı linklər