Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasında institutun 2014-cü il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. İclasda çıxış edən institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov görülmüş işlər barədə şura üzvlərinə məlumat verib. Qeyd edib ki, hazırda institutda 250 nəfər çalışır, onların 159 nəfəri elmi işçidir. Elmi işçilərdən 41-i elmlər doktoru, 89-u isə fəlsəfə doktorudur. AMEA-ya keçirilən seçkilərdə 3 əməkdaşımız müxbir üzv seçilib. Beləliklə, institututda 2 akademik və 4 müxbir üzv fəaliyyət göstərir.
Hesabat ilində institutda 22 doktorant təhsil almış, bu il 4 doktorant qəbul olmuş, 9 nəfərsə doktorantura təhsilini başa vurmuşdur.
İl ərzində dissertasiya şurasında 21 nəfər dissertasiya işi müdafiə etmiş, onlardan 7-si elmlər doktoru, 14 nəfəri isə fəlsəfə doktorudur. Müdafiə edənlərdən 13 nəfəri (3 elmlər doktoru, 10 fəlsəfə doktoru) institutun əməkdaşlarıdır.
Bu ilində institut əməkdaşlarının 390 elmi işi, o cümlədən xaricdə 107, impakt faktorlu olan jurnallarda 56 məqaləsi və 166 tezisi çap olunub, elmi işçilərin əsərlərinə olan isnadların sayı 850-ə çatıb. Qeyd edək ki, keçən il istinadların sayı 672 idi.

Elmi Şura üzvləri institutun bu ilki fəaliyyətini müsbət qiymətləndirib. Daha sonra gələn il üçün təkliflər dinlənilib.