19/01/2015
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 25 illik ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə Riyaziyyat və Mexanika institunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov açıq elan edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Misir Mərdanov çıxışını davam etdirərək 1990-cı ildə yaşananları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu qanlı tarixi ilk dəfə layiqincə qiymətləndirən Ulu öndər Heydər Əliyevin şücayətindən danışıb. İlk dəfə 20 Yanvar faciəsinə görə çəkinmədən Qorbaçovu günahlandıran Heydər Əliyevin vətən sevgisindən bəhs edib.
Sonra tədbiri Riyaziyyat və Mexanika İnstitutunun aspirantı olmuş, şəhid Yusif Sadıqovun bacısı, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Terminologiya” şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova davam etdirərək, qardaşı barəsində yadda qalan hadisələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. “20 Yanvar hadisəsi tək bizim ailənin yox, bütün Azərbaycanın faciəsidir.” -deyən Sayalı Sadıqova şəhidlərin azadlıq yolunda şücayətini yüksək qiymətləndirib.
Anım tədbirini professor Nadir Suleymanov və Vaqif Quliyev, institutun Gənc alim və mütəxəssislər şurasının sədri Famil Seyfullayev çıxışları ilə davam etdirib.