Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Horizontal quyularda qeyri-stasionar süzülmə prosesinin inteqral modelləşdirilməsi” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Horizontal quyularda qeyri-stasionar süzülmə prosesinin inteqral modelləşdirilməsi” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda ARDNŞ-nın “Neftqazelmitədqiqatlayihə” institutunun “Quyuların istismar üsullarının layihələndirilməsi və optimallaşdırılması”şöbəsinin müdiri, texnika elmləri namizədi Elxan Abbasov məruzə edib.
Məruzədə horizontal quyularda quyu-lay sisteminin dinamik əlaqəsini və borunun divarının horizontal hissəsində süzgəc xarakterli olmasını nəzərə alaraq mayenin layda qeyri-stasionar süzülmə prosesi riyazi modelləşdirilərək tədqiq edilib. Quyunun horizontal hissəsinin uzunluğundan və layın parametrlərindən asılı olaraq onun məhsuldarlığı təyin edilib. Borunun horizontal hissəsində onun divarının süzgəc xarakterli olması və lay-quyu sisteminin dinamik əlaqəsini nəzərə almaqla boruda təzyiq düşməsinin təyin edilməsi üçün analitik düstur tapılıb. Quyudibi təzyiqin dəyişmə dinamikası təyin edilib. Aparılan tədqiqatlar əsasında horizontal quyuların istismar göstəricilərini yaxşılaşdıra bilən parametrlərin qiyməti tapılıb.