03.06.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri, f-r.e.d., prof. Lətif Xəlil oğlu Talıblı “İrsi elastik cisimlərin uzunmüddətli zədələnmə və uzunmüddətli möhkəmlik şərtləri. Bir paradoksun həlli” mövzusunda məruzə edəcəkdir.
İrsi elastik cisimlərdə zədələrin yığılması prosesinin keyfiyyətcə fərqli kinetik tənliyi qurulmuşdur. Bu tənlik isri elastik cisimlərdə zədələrin əmələ gəlməsi və yığılması prosesinin başlanğıcının deformasiya prosesinin başlanğıcından sonra gəlməsini göstərən təcrübə məlumatlarına əsaslanır. İlk dəfə olaraq zədələnmə şərti anlayışı daxil edilir və bu şərtin riyazi ifadəsi verilir. Zədələnmə şərti deformasiyaya uğrayan irsi elastik cisimlərdə zədələrin əmələ gəlmə vaxtını və yerini təyin edir. Eyni zamanda, fərqli uzunmüddətli möhkəmlik şərti alınmışdır ki, bu da irsi elastik cisimlərin dağılma vaxtını proqnozlaşdırmağa imkan verir. Alınan nəzəri nəticələrin eksperiment məlumatlarına uyğunluğu göstərilmişdir. Mövcud uzunmüddətli möhkəmlik nəzəriyyəsində yaranmış bir paradoks həll edilmişdir. Alınan nəticələr irsi elastiklik nəzəriyyəsinin ümumi kvazistatik məsələsinin yeni riyazi qoyuluşda baxılmasını zəruri edir.