Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“İrsi elastik cisimlərin uzunmüddətli zədələnmə və uzunmüddətli möhkəmlik şərtləri. Bir paradoksun həlli” mövzusunda Ümuminstitut seminarı keçirildi


İyunun 3-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “İrsi elastik cisimlərin uzunmüddətli zədələnmə və uzunmüddətli möhkəmlik şərtləri. Bir paradoksun həlli” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri, f-r.e.d., prof. Lətif Talıblı məruzə edib.
Məruzədə irsi elastik cisimlərdə zədələrin yığılması prosesinin keyfiyyətcə fərqli kinetik tənliyinin qurulmasından danışılıb. Bu tənlik irsi elastik cisimlərdə zədələrin əmələ gəlməsi və yığılması prosesinin başlanğıcının deformasiya prosesinin başlanğıcından sonra gəlməsini göstərən təcrübə məlumatlarına əsaslanır. İlk dəfə olaraq zədələnmə şərti anlayışı daxil edilir və bu şərtin riyazi ifadəsi verilir. Zədələnmə şərti deformasiyaya uğrayan irsi elastik cisimlərdə zədələrin əmələ gəlmə vaxtını və yerini təyin edir. Eyni zamanda, fərqli uzunmüddətli möhkəmlik şərti alınıb ki, bu da irsi elastik cisimlərin dağılma vaxtını proqnozlaşdırmağa imkan verir. Alınan nəzəri nəticələrin eksperiment məlumatlarına uyğunluğu göstərilib. Mövcud uzunmüddətli möhkəmlik nəzəriyyəsində yaranmış bir paradoks həll edilib. Alınan nəticələr irsi elastiklik nəzəriyyəsinin ümumi kvazistatik məsələsinin yeni riyazi qoyuluşda baxılmasını zəruri edir.