11/06/2015
İyunun 10-da Riyaziyyat və Mexanika İnstitutunda görkəmli riyaziyyatçı alim, AMEA-nın müxbir üzvü İlham Məmmədovun 60 illik yubileyinə həsr olunmuş Ümuminstitut seminarı keçirildi.
Əvvəlcə alimin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş nitqi ilə institutun direktoru, professor Misir Mərdanov açaraq İlham Məmmədovun şərəfli həyat yolundan, çoxşaxəli fəaliyyətindən, Azərbaycanda riyaziyyat elminin inkişafındakı misilsiz xidmətlərindən söz açıb.
Sonra institutun “Riyazi-fizika tənlikləri” şöbəsinin əməkdaşı, f-r.e.n., dos.Əbdürrəhim Quliyev “AMEA-nın müxbir üzvü İlham Məmmədovun həyat və elmi fəaliyyəti“ mövzusunda məruzə ilə çıxış etmişdir.
Bildirilib ki, İlham Məmmədov 1955- ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə 27 saylı məktəbə daxil olmuş və 15 yaşında məktəbi qızılmedalla, 1975-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1974-1975-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsində elmi təcrübə keçmişdir. 1976-cı ildə fizika-riyaziyyat elmləri namizədi, 1981-ci ildə fizika-riyaziyyat elmləri doktoru dissertasiyalarını müdafiə edib. 1988-ci ildə Diferensial tənliklər və riyazi fizika ixtisası üzrə professor, 2001-ci il də AMEA-nın müxbir üzvü seçilmişdir.
Görkəmli riyaziyyatçı alim 80 elmi işin müəllifi olmuş və 16 elmlər namizədi hazırlamışdır.
1982-ci ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, 1985-ci ildən «Riyazi fizika tənlikləri» şöbəsinin müdiri, 1992-ci ildən elmi işlər üzrə direktor müavini, 2000-2003-cü illərdə İnstitutun direktoru vəzifəsində çalışmışdır. 2000-2002-ci ilə qədər NATO-nun Elm komitəsinin eksperti olmuşdur. 1993-ci ildən 2002-ci ilə qədər Az. Resp. Prezidenti yanında AAK-ın Rəyasət Heyətinin üzvü olmuşdur.
İlham Məmmədov xüsusi törəməli diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi sahəsində tanınmış mütəxəssisdir. Onun elmi maraq dairəsinə kəsilən əmsallı qeyri-divergent strukturlu ikinci tərtib elliptik və parabolik xətti və kvazixətti tənliklərin həllərinin sərhəd xassələri nəzəriyyəsi, bu tənliklərin həllərinin daxili hamarlığın araşdırılması, qeyri-məhdud oblastlarda həllin özünü aparmasının öyrənilməsi, mənfi olmayan xarakteristik formalı cırlaşan tənliklər nəzəriyyəsi, müxtəlif funksional fəzalarda sərhəd və başlanğıc-sərhəd məsələlərinin həll oluna bilən olması məsələləri və s. daxildir. Onun tərəfindən sərhəddə qeyri-hamar oblastlarda geniş sinif elliptik və parabolik tənliklər üçün birinci sərhəd məsələsinə dair sərhəd nöqtələrinin requlyarlığı nəzəriyyəsinin işlənib hazırlanmasına böyük töhfələr edilmişdir. İkinci tərtib parabolik tənliklərin keyfiyyət nəzəriyyəsinin mühüm probleminin həlli İlham Məmmədova məxsusdur. O, tənliyin əmsallarının hamarlığına və baş hissəsinin məxsusi ədədlərinin səpilməsinə heç bir şərt qoymadan göstərmişdir ki, ikinci tərtib kvazixətti parabolik tənliyin ixtiyari həll baxılan oblastın hər bir ciddi alt oblastında Hölder mənada kəsilməz olacaqdır. Sərhəddi qeyri-kompakt oblastlarda ikinci tərtib elliptik və parabolik tənliklərin həllərinin aparılması xarakteri və müntəzəm cırlaşan elliptik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələri haqqında mühüm nəticələr, həmçinin qeyri-divergent strukturlu ikindi tərtib tənliklər üçün sərhəd məsələlərinin çəkili anizotrop S.L.Sobolev fəzalarında ümumiləşmiş mənada həll oluna bilən olması haqqında prinsipial nəticələr də ona məxsusdur.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov çıxış edərək , alimlə bağlı xatirələrini bölüşmüşdür. İlham Məmmədovun təkcə böyük alim deyil, həm də böyük insan kimi xarakterizə etmişdir.
Tədbirdə alimin həyat yoldaşı Qəmər Məmmədova çıxış edərək İlham Məmmədovun xatirəsinə göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.
Daha sonra İnstitutun “Diferensial tənliklər” şöbəsinin müdiri, prof.Əkbər Əliyev, “Maye və Qaz mexanikası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov, prof. Nadir Süleymanov, alimin tələbəsi, f-r.e.n. Vəfa Məmmədova və başqaları alim haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.