Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Arif Səlimov Türkiyə Dövlətinin Elmi və Texniki Araşdırmalar Komitəsinin ən prestijli mükafatlarından birinə layiq görüldü


ArifSelimovAzərbaycanlı riyaziyyatçı alim fizika-riyaziyyat elmləri doktoru, professor Arif Səlimov aktiv və aktual elmi tədqiqatlarına görə 2015-ci ildə Türkiyə Dövlətinin Elmi və Texniki Araşdırmalar Komitəsinin (TÜBİTAK-ın) ən prestijli mükafatlarından biri olan “PPÖ-Proje Performans Ödülü”nə layiq görülmüşdür. O bu mükafata layiq görülmüş ilk azərbaycanlı alimdir.
Arif Səlimov 1956-cı ildə Azərbaycanın Ağsu şəhərində anadan olmuşdur. 1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsi olmuşdur. 1978-1980-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda mühəndis-riyaziyyatçı kimi çalışmış, 1980-1983-cü illərdə isə Rusiyanın Kazan Dövlət Universitetinin aspiranturasında “həndəsə və topologiya” ixtisası üzrə təhsil almışdır. 1984-cü ildə Kazan şəhərində məşhur sovet həndəsə alimi V.V.Vişnevskinin elmi rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə etmişdir. 1984-1995-ci illərdə Bakı Dövlət Universitetinin həndəsə kafedrasında müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildə Kazan Dövlət Universitetində “həndəsə və topologiya” ixtisası üzrə doktorluq dissertasıyasını müdafiə etmişdir. Arif Səlimov Azərbaycanda “həndəsə və topologiya” ixtisası üzrə doktorluq elmi dərəcəsinə sahib olan yeganə elm adamıdır. 1995-ci ildən Türkiyənin Atatürk Universitetində çalışmağa başlamış, hazırda bu universitetin “matematik bölümü”ndə professor vəzifəsindədir. Tenzor operatorlar nəzəriyyəsində aldığı fundamental nəticələr və lift nəzəriyyəsində yaratdığı yeni metod ilə diferensial həndəsə sahəsində dünyada tanınmış mütəxəssisdir. 13 tələbəsi riyaziyyat (həndəsə) üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. 50-dən çox beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. 100-dən çox elmi əsəri vardır. Bunlardan bir çoxu ABŞ, Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Sinqapur, Meksika, Rusiya, İngiltərə, Fransa, İtaliya, Hollandiya, Polşa, Türkiyə və s. ölkələrin SCIE kateqoriyalı nüfuzlu elmi jurnallarında çap olunmuşdur. Arif Səlimovun “Tensor operators and their applications” adlı kitab-monoqrafiyası ABŞ-ın nüfuzlu “Nova Science Publishers, Inc., New York” elm nəşriyyatının “Mathematics Research Developments” seriyasında çap edilib. Layihə rəhbəri olduğu 3 layihəsi (TBAG-105T551, TBAG-108T590, MFAG-112T111) Türkiyə Dövlətinin Elmi və Texnoloji Tədqiqat Komitəsinin (TÜBİTAK-ın) qrantlarını almışdır. Onun “Tensor operators and their applications” adlı kitabı 2013-ci ildə Türkiyədə “AÜ Bilimsel Teşvik Birincilik Ödülü” mükafatına layiq görülmüşdir.