Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xacə Nəsirəddin Tusinin “Məntiqin təcridi (Təcridul-mantıq)” əsərinin rus dilinə ilk tərcüməsiolan “Извлечение из логики” kitabının təqdimatı


Oxuculara təqdim edilən bu kitab, XIII əsrdə yaşayıb yaratmış dahi mütəfkkir azərbaycanlı alim, ensiklopedik zəka sahibi Nəsirəddin Tusinin məntiq elminə dair məşhur fəlsəfi traktatlarından birinin ərəb dilindən rus dilinə tərcüməsidir. Kitab Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilmişdir. Klassik məntiq elminin bütün bölmələrini əhatə edən əsər məntiq və elm tarixi üzrə mütəxəssislər, fəlsəfə fakültələrinin tələbə və magistrləri və N.Tusinin yaradıcılığı ilə maraqlanan digər rusdilli oxucular üçün maraqlı ola bilər.
Sözü gedən əsərin rus dilinə tərcüməsi 1988-ci il Beyrut nəşri və İstanbulun “Fatih” kitabxanasındakı əlyazmanın üzündən icra edilmişdir.
Dahi soydaşımız N.Tusinin “Məntiqin təcridi” əsəri, adından göründüyü kimi, məntiq elminin əsaslarına həsr olunmuşdur. Bu əsər müəllifin məntiqə dair həcmcə daha geniş, ətraflı yazılmış “Biliklərin mənimsənilməsinin əsasları (Əsəsul-iqtibas)” traktatının müxtəsər variantıdır və məntiq elminin predmetindən kifayət qədər anlayışı olan oxucuya ünvanlanmışdır.
Qeyd etmək lazımdır ki, N.Tusinin məntiq nəzəriyyəsi hələ Aristoteldən başlayaraq onun sələfləri tərəfindən bu elmə dair apardıqları araşdırmaların müsbət və rasional nəticələrinin ümumiləşdirilmiş tədqiqi və onlardan bəzilərinin inkişaf etdirilərək təkmilləşdirilməsindən ibarətdir.
Təqdim etdiyimiz “Извлечение из логики” kitabı, oxuculara kömək məqsədilə, ərəb mətninin əsli, ərəb dili barədə ən ümumi və müxtəsər məlumat, məntiqə dair 200 sözdən ibarət terminoloji lüğət və tərcümənin mənimsənilməsini asanlaşdıran elmi qeydlər bölməsi ilə tamalanmışdır.
Ümid edirik ki, “Извлечение из логики” kitabının Tusi yaradıcılığının dünya xalqları arasında təbliğində də müəyyən rolu olacaq və beləliklə, Azərbaycan elm tarixinə töhfə verə biləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.