Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutu və institutun “Azerbaijan journal of mathematics” jurnalı SCOPUS mükafatına layiq görülmüşdür


25 yanvar 2016-ci ildə Azərbaycanda ilk dəfə “SCOPUS Mükafatları”nın təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev təqdimatların əhəmiyyətindən söz açıb, ölkəmizdə elmin inkişafına dövlət tərəfindən göstərilən qayğını xüsusi vurğulayıb.
Prezident yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, adıçəkilən mükafat dünyanın tanınmış akademik nəşriyyatlarından və informasiya həllərinin təminatçılarından biri olan “Elsevier”in qlobal təşəbbüslərindən biridir və ölkədə bütün elm sahələri üzrə araşdırmaları daha da təkmilləşdirmək, elmi təşkilat və tədqiqatçıların səylərini dəstəkləmək üçün təşkil edilib: “Əsas məqsəd Azərbaycan alimlərini motivasiya etmək və onlara akademik fəaliyyətlərində stimul vermək, Azərbaycanda aparılan araşdırma və tədqiqatlar üzrə ən dəyərli nəticələr alan, nüfuzlu nəşrlərdə məqalələr çap etdirən və beynəlxalq əməkdaşlıq edən qurumları, həmçinin eksklüziv akademik jurnalları önə çəkməkdir”.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, “Elsevier” nəşriyyatının daxil olduğu “RELX” qlobal şirkətlər qrupunun korporativ əlaqələr və Asiya strategiyası üzrə direktoru Youngsuk Chi, Təhsil nazirinin müavini Ceyhun Bayramov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev təqdimatların əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətinin təqdirəlayiq olduğunu bildiriblər.
Sonra Azərbaycanda fəaliyyət göstərən, yüksək nəticələri ilə ölkə hüdudlarından kənarda tanınmış 4 elmi-tədqiqat qurumuna (Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, AMEA-nın Fizika və Riyaziyyat və Mexanika institutları), həmçinin 2 elmi jurnala beynəlxalq qiymətləndirmə meyarlarına əsasən mükafatlar təqdim olunub. Həmçinin SCOPUS və SciVal bazaları əsasında seçimin nəticələrinə əsasən Azərbaycanda elmin inkişafına verdiyi töhfəyə görə Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu xüsusi mükafatlarla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.