Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Akademik Akif Hacıyevin 80-illik yubileyinə həsr olunan “Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans işə başlayıb


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda görkəmli riyaziyyatçı alim, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı beynəlxalq elmi konfrans işə başlayıb.

Tədbiri giriş nitqi ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov akademik Akif Hacıyev Azərbaycan riyaziyyat elmində məktəb yaradan, özündən sonra dərin iz qoyan nadir şəxsiyyətlərdən biri olduğunu bildirib.

Professor Misir Mərdanov alimin elmi-pedaqoji fəaliyyəti haqqında məruzə ilə çıxış edərək, Akif Hacıyev iyirminci əsrin yetmişinci illərində yaxınlaşmalar nəzəriyyəsi sahəsindəki tədqiqatlarını davam etdirərək, sonlu parçada kəsilməz funksiyalara yaxınlaşan xətti müsbət operatorlar ardıcıllığının öyrənilməsində mühüm elmi nəticələr aldığını vurğulayıb. O, qeyri-məhdud çoxluqlarda təyin olunmuş kəsilməz funksiyalar sinfində Korovkin tipli teoremlər isbat etmiş, vahid dairədə analitik olan funksiyalar fəzasında təyin olunmuş xətti operatorların tədqiqi və həmin operatorların approksimativ xassələrinin araşdırılması istiqamətində mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən ciddi nəticələr əldə etmişdir.

Akif Hacıyev 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, 2004-cü ildə isə Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur.
O, 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika üzrə Ekspert Şurasının, 2005-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının sədri olmuşdur. Akademik Akif Hacıyev “AMEA-nın Məruzələri”, “AMEA-nın Xəbərləri”, “ADPU-nun Xəbərləri” jurnallarının redaksiya heyətlərinin üzvü, “AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının baş redaktoru olmuşdur.

İstedadlı alim və tədqiqatçı Akif Hacıyev 2010-cu ildən ömrünün sonuna qədər Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti olmuş və bütövlükdə respublikada riyaziyyat və mexanika elmlərinin inkişafında yüksək ixtisaslı riyaziyyatçı alimlərin hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycan Riyaziyyat Cəmiyyətinin xətti ilə nəşr edilən və baş redaktoru olduğu “Azerbaijan Journal of Mathematics” jurnalında bu gün də dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlər öz məqalələrini dərc etdirirlər. Həmin jurnal 2015-ci il dekabrın 22-də Thomson Reuters agentliyinin ilkin bazasına daxil edilmişdir.

Akif Hacıyevin əldə etdiyi nəzəri və tətbiqi əhəmiyyətli nəticələr, onun pedaqoji fəaliyyəti, elm təşkilatçısı kimi əvəzsiz xidmətləri, riyaziyyat elminin inkişaf etdirilməsi, və təbliği sahəsində çox şaxəli, gərgin və məhsuldar əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmiş, 2005-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Çıxışında professor Misir Mərdanov onu da vurğulayıb ki, Azərbaycan milli riyaziyyat məktəbinin yaradıcıları Zahid Xəlilov, Əşrəf Hüseynov və İbrahim İbrahimov kimi məşhur riyaziyyatçıların layiqli davamçısı olan akademik Akif Hacıyev 210-dan çox elmi əsərin müəllifidir. Onun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda dərc edilən 100-dən artıq elmi əsərlərdə və 4 monoqrafiyada öz əksini tapmışdır. Akademik Akif Hacıyevin rəhbərliyi ilə Azərbaycanda və Türkiyədə riyaziyyat üzrə onlarla fəlsəfə doktoru və fizika-riyaziyyat elmləri doktoru hazırlanmışdır.

Akademik Akif Hacıyevin elmi irsi, onun tələbələri və həmkarları tərəfindən uğurla davam etdirilir, əziz xatirəsi onu tanıyanlar və Azərbaycan riyaziyyatçıları tərəfindən daim hörmətlə yad edilir.

Sonra tədbirdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, professor Nadir Süleymanov, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev, “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov, Yıldız Texnik Universitetinin dosenti Yusif Zeren, Kırıkkale Universitetinin dosenti Sevgi Esen akademik Akif Hacıyev haqqında xatirələrini konfrans iştirakçıları ilə bölüşüblər.

Daha sonra konfransda “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov “Statistik yığılma, ümumiləşməsi, kəsilməz variantı və Furye-Stiltyes çevirməsinə tətbiqləri” və “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri, professor Lətif Talıblı “Özlüelastikiyyət nəzəriyyəsinin ümumi-kvazi statik məsələsinin həll üsulu və onun tətbiqləri” mövzusunda plenar məruzə ilə çıxış ediblər.

İki gün davam edəcək beynəlxalq konfransda “Harmonik və qeyri harmonik analiz”, “Funksional analiz”, “Həndəsə, topologiya və cəbr”, “Yaxınlaşmalar nəzəriyyəsi”, “Xüsusi törəməli diferensial tənliklər”, “Operatorlar nəzəriyyəsi və spektral analiz”, “Tətbiqi analiz”, “Bütöv mühit mexanikası”, “Optimal idarəetmə problemləri”, “Ehtimal nəzəriyyəsi və stoxastik analiz”, “Riyazi fizika”, “Riyaziyyatın tarixi və tədrisi metodikası” bölmələri üzrə 160-ə yaxın məruzə dinləniləcək.

Qeyd edək ki, məruzələr Respublika ali təhsil müəssisələrindən, AMEA-nın institutlarından, o cümlədən Türkiyə, İran, Qırğızıstan, Rusiya Respublikasından daxil olmuşdur.

Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı beynəlxalq elmi konfransın proqramı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.