Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dünya şöhrətli bakılı fizik Lev Landaunun anadan olmasının 110 ili tamam olur


Adı Albert Eynşteyn, Nils Bor kimi nəhəng fiziklərlə eyni sırada çəkilən akademik, Nobel, Maks Plank, Lenin və üç dəfə Stalin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Danimarka və Niderland Elmlər akademiyalarının, Amerika Elmlər və İncəsənət Akademiyasının (ABŞ), Fransa Fizika Cəmiyyətinin, London Fizika Cəmiyyətinin və London Kraliça Cəmiyyətinin üzvü əfsanəvi bakılı fizik Lev Davidoviç Landau 1908-ci ildə yanvar ayının 22-də Bakı şəhərinin Balaxanı qəsəbəsində neft mühəndisi ailəsində dünyaya gəlmişdir.

O, 1916-cı ildə Bakıda gimnaziyaya qəbul olumuş və 12 yaşında buranı əla qiymətlərlə başa vurmuşdur. Onun ali məktəbdə oxuması üçün hələ çox gənc olduğunu nəzərə alaraq valideynləri gələcək fizikin iki il Bakı İqtisadiyyat Texnikumunda təhsilini davam etdirməsi barədə qərar qəbul etmişlər.
1922-ci ildə 14 yaşlı L.Landau müvəffəqiyyətlə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) qəbul imtahanları vermiş və eyni vaxtda iki fakültədə — fizika-riyaziyyat və kimya fakültələrində təhsil almışdır. Lakin birinci semestrdən sonra o yəqin etmişdir ki, fizika və riyaziyyat daha maraqlı və ürəyincədir.

Landau ilk elmi çıxışlarına məhz Azərbaycan Dövlət Universitetində (ADU) başlamışdır. Əla oxuması və imtahanlarda olduqca yüksək nəticələr göstərməsi bu gənci universitetdə məşhurlaşdırmış və ona diqqəti artırmışdır. Məhz Bakıda aldığı təhsil onun gələcək elmi axtarışlarının və nailiyyətlərinin, nəzəri fizikaya gətirdiyi fundamental və klassik yeniliklərin, ümumiyyətlə, fizika elmində yaratdığı yeni üslubun və nəzəri fizika sahəsində yaratdığı böyük məktəbin əsası olmuşdur. Landau çox gənc olmasına baxmayaraq, nəzəri fizika üzrə gələcək dahi alim kimi sabiq SSRİ-nin o vaxtkı elm mərkəzi sayılan Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə yola salınmışdır. 1924-cü ildə 16 yaşlı Landau Leninqrad Dövlət Universitetinin (LDU) fizika-riyaziyyat fakültəsinə köçürülmüşdür.

Lev Landaunun “İkiatomlu molekulların spektrləri nəzəriyyəsi” adlı ilk elmi əsəri 1926-cı ildə çap olunmuşdur. Bu elmi işi onu daha da məşhurlaşdırmışdır.

O, 1927-ci ildə LDU-da təhsilini başa vurmuşdur. Leninqrad Fizika-Texnika İnstitutunun aspiranturasında təhsilini davam etdirən gənc 21 yaşında doktor dərəcəsini almışdır.

1929-cu ildə L.Landau ilk dəfə Avropaya getmək imkanı əldə etmişdir. Almaniyada qısa müddətdə qaldıqdan sonra Kopenhagenə yollanmış və burada Nils Borun Nəzəri Fizika İnstitutunda çalışmışdır. Landau özünü həmişə Borun tələbəsi hesab etmiş və onun fizikaya olan münasibətində Borun misilsiz rolunun olduğunu qeyd etmişdir. Kopenhagendən sonra o yenidən Sovetlər birliyinə qayıtmışdır.

1932-1937-ci illərdə Landau Xarkov Mexanika və Maşınqayırma İnstitutunun nəzəri fizika kafedrasına rəhbərlik etmişdir.

1936-1937-ci illərdə Landau “Fazaların ikinci növ dəyişmələri” nəzəriyyəsini və “Yüksəkkeçiricilərin aralıq vəziyyəti” nəzəriyyəsini yaratmış və bu problemlərə həsr olunmuş elmi məqalələrlə çıxışlar etmişdir.

Artıq həmin dövrdə Landau dünyada məşhur nəzəriyyəçi fizik kimi tanınırdı və 1937-ci ilin fevralında Moskva Fiziki Problemlər İnstitutuna dəvət olunmuş və həmin institutda nəzəriyyə şöbəsinə rəhbərlik etmişdir.

1950-1960-cı illərdə Lev Davidoviç Landau fizikanın bir çox sahələri — maqnetizm, yüksəkaxıcılıq və yüksəkkeçiricilik, bərk cisim fizikası, atom nüvəsi və elementar hissəciklər, plazma, kvant elektrodinamikası, hidrodinamika, astrofizika sahələrində elmi əsərlər yazmış, müxtəlif universitetlərdə və institutlarda mühazirələr oxumuşdur.

Elmi nailiyyətlərindən başqa alim, eyni zamanda, mərkəzi Xarkov şəhəri olmaqla keçmiş sovetlər birliyində nəzəri fizika elminin aparıcı Landau məktəbinin əsasını qoymuşdur. Onun yaratdığı bu məktəb sovet elminə Lev Pitayevski, Aleksey Abrikosov, Arkadi Levanyuk, Yevgeni Lifşitz, Lev Gorkov, İsak Xalatnikov və Boris Yoffe kimi fiziklər bəxş etmişdir.

Yaradıcılığının ən parlaq dövründə — 1962-ci ilin 7 yanvarında Lev Landau olduqca ağır avtomobil qəzasına düşmüş. Bu qəzadan ciddi xəsarət alan alim üç ay komada yatmışdır.

1962-ci ilin noyabrında Landau ona Nobel mükafatı verilməsi barədə teleqram almışdır. Nobel Komitəsinin tarixində ilk dəfə xüsusi hal kimi məşhur fizik L.Landaunun Stokholma gedə bilməməsi nəzərə alınmış və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim etmişdir.

Lev Landau ömrünün iki ilini xəstəxanalarda keçirmiş, ancaq 1964-cü ilin 25 yanvarında öz evinə qayıda bilmişdir.

Lev Landaunu dünya alimlərinin səyləri nəticəsində ölümdən xilas etmək mümkün olsa da, onun səhhəti tam bərpa olunmamışdır. 1968-ci il martın 24-də onun səhhəti kəskin pisləşmiş və yenidən xəstəxanaya aparılmışdır. Göstərilən səylərə baxmayaraq sovet nəzəri fizikasının banisi, məşhur nəzəriyyəçi fizik, həmyerlimiz Lev Davidoviç Landaunun həyatını xilas etmək mümkün olmamış və o, 1968-ci il aprelin 1-də Moskva şəhərində vəfat etmişdir.

“Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur.” (Əbu Turxan)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.