Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Keçən əsrin 20-ci illərinin əvvəllərində təhsilin məzmununda hansı dəyişikliklər edilib?


Həmin dövrdə təhsilin məzmununda 3 dəfə dəyişiklik olub:

1) 1920/1921 – 1923/1924-cü tədris illərində məktəblər öz işini fənlərin tədrisi əsasında qurmuşdu. Məktəblərdə ayrı-ayrı fənlər üzrə stabil dərsliklərdən istifadə olunurdu. Öz dövrü üçün tamlığı, sistemliliyi, anlaşıqlılığı ilə seçilən bu proqram ibtidai təhsilin yeni tələblərinə cavab verməklə yanaşı şagirdlərin nitqinin inkişafında, sürətli oxu vərdişlərinə yiyələnmələrində, təbiət və cəmiyyət hadisələrini dərk etmələrində mühüm rol oynayırdı.

2) 1924-1925-ci tədris ilində müxtəlif fənlərin təlim materialları arasında təbii əlaqə yaradılmasını irəli sürən kompleks proqramlar tətbiq edildi. Qeyd etmək lazımdır ki, təlim materialları arasında təbii əlaqə yaratmaq həmişə mümkün olmurdu.

3) Az sonra kompleks proqramlar kompleks-layihələr ilə əvəz olundu. Bu proqramlar şagirdlərin ictimai-faydalı işlərinə daha çox vaxt ayırır, onların istehsalat mühitini öyrənmələrinə geniş yer verirdi. Başqa sözlə, bu proqramlar şagirdlərə fənlər üzrə verilən biliyi deyil, uşaqların ictimai-faydalı işlərini təlimin mərkəzinə keçirilirdi. Bu kimi eksperimentlər Azərbaycan ümumtəhsil məktəblərində proqramların sistemli və ardıcıl tətbiqinə imkan vermirdi. Bu isə təbii ki, tədrisin keyfiyyətinə daha çox mənfi təsir göstərirdi.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər