11/10/2018
01-03 oktyabr 2018-ci il tarixlərində Rusiyanın Ufa şəhərində Başqırdıstan Dövlət Pedaqoji Universitetinin professoru, f.-r.e.d. Y.T. Sultanayevin 70 illik yubileyinə həsr olunmuş “Spektral nəzəriyyə və qarışıq məsələlər ” beynəlxalq elmi konfrans keçirilib.
Konfransda AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov, həmin şöbənin aparıcı elmi işçisi, dosent Telman Qasımov və “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Araz Əliyev iştirak ediblər.
Tədbirdə professor Bilal Bilalov “Morri tip fəzalarda həyəcanlanmış eksponent sistemlərin bazisliyi haqqında”, Telman Qasımov “İkinci tərtib kəsilən diferensial operatorun məxsusi funksiyalarının bazisliyi haqqında” və professor Araz Əliyev “Elastiklik nəzəriyyəsi məsələsini modelləşdirən dördüncü tərtib operator-diferensial tənliyin həll olunması haqqında” mövzusunda plenar məruzələr ilə çıxış ediblər.
Daha sonra alimlər 03-05 oktyabr 2018-ci il tarixlərində Sterlitamak şəhərində keçirilən “Proses və sistemlərin riyazi modelləşdirilməsi” Gənclərin VIII Beynəlxalq elmi-praktiki konfransında iştirak ediblər.
Beynəlxalq tədbirdə professor Bilal Bilalov və Telman Qasımov “Bir spektral məsələnin məxsusi funksiyalarının çəkili Lebeq fəzalarında bazisliyi haqqında”, professor Araz Əliyev və Elnur Əlimirzəyev “Paylanma sistemində trafik marşrutlaşdırma məsələsinin həllinin kompüter modeli” mövzusunda plenar məruzələr ilə çıxış ediblər.
Səfər çərçivəsində professor Bilal Bilalov Başqırdıstan Dövlət Universitetinin Sterlitamak filialının rektoru Svetlana Anatoliyevna Mustafina və onun müavini Vladimir Nikolayeviç Krizskiy ilə kimyada riyazi modelləşdirmə və təsvirlərə görə yer səthinin öyrənilməsi istiqamətlərində elmi əlaqələrin yaradılması barədə müzakirələr aparıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.