Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında Şamaxı Astrofizika Rəsədxanasının alimləri çıxış ediblər


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və rəsədxananın bir qrup alimləri iştirak ediblər.

Seminarda “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin elmi işçiləri astrofiziki məsələlərin həllində qarşıya çıxmış bəzi riyazi problemlər haqqında məruzə ediblər.

İlk olaraq f.-r.e.n., dos. Mirnamik Bəşirov “Anizotrop Günəş küləyi modeli üçün MHD köçürmə tənliklərinin bəzi həlləri” adlı məruzə ilə çıxış edib. Anizotrop günəş küləyi plazması üçün alınmış qeyri-xətti adi diferensial tənliklər sistemi və onun bəzi həlləri müzakirə olunub.

Sonra k.e.i. Rəcəb İsmayıllı “Anizotrop Günəş küləyi plazmasında maqnit-hidrodinamik Kelvin-Helmholtz tipli dayanıqsızlıq” adlı məruzəni təqdim edib. Məruzədə günəş küləyinin müxtəlif sürətli axınlarının kontakt səthlərində yaranan plazma dayanıqsızlıqları və bununla bağlı meydana gələn riyazi çətinliklərdən danışılıb.

Daha sonra e.i. Mahir Pirquliyev “Maqnit sahəsi effektləri nəzərə alınmaqla diferensial fırlanan Günəşin aşağı tezlikli məxsusi rəqsləri” mövzusunda çıxış edib. Uzunperiodlu burulğanlı Rossbi tipli qlobal rəqslərin yaranması, onların Yerin iqlimində mövcud olan qlobal dəyişkənliklərlə əlaqəsi və qoyulan fiziki məsələnin riyazi çətinlikləri barəsində müzakirələr aparılıb.

Nəticədə rəsədxananın əməkdaşları tərəfindən təqdim olunmuş riyazi məsələlərin həllində onlara kömək etmək üçün işçi qrup müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər