Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Səkinə xanım Axundzadə haqqında nə bilirsiniz?


 Səkinə xanım Axundzadə qız məktəbində ilahiyyat müəllimi işləyirdi. O, qızları dram dərnəyinə cəlb edir, onlarla birgə öz fəaliyyət tamaşaları hazırlayırdı. Səkinə Axundzadə (1865-1927) 1865-ci ildə Qubada anadan olmuş, ilk təhsilini Fəda təxəllüsü ilə tanınan şair atası Hədat bəy Axundovdan almışdır. Onun maarifçilik fəaliyyəti doğma şəhərində yaxşı qarşılanmamışdı. İş o həddə çatmışdı ki, cahil adamlar Səkinə xanımın həyat yoldaşını qətlə yetirmişdilər. Səkinə xanım məcburiyyət qarşısında qalıb Bakıya qaçmalı olmuş, Hacı Zeynalabdin Tağıyevin qız məktəbinə pənah gətirmişdi. Səkinə xanımın 4 dekabr 1904-cü ildə tamaşaya qoyulan “Maarifçiliyin bəhrəsi” adlı pyesi böyük uğur qazanmışdı. Bu həm də bütün müsəlman dünyasında qadınlar tərəfindən səhnələşdirilən və oynalılan ilk teatr tamaşası idi. Bu ilk uğurdan sonra o, “Acı həqiqət”, “Gəlin və qaynana”, “Yağışdan çıxdıq, yağmura düşdük” kimi pyesləri də səhnəyə qoymuşdur.

Səkinə xanım Axundzadənin təşəbbüsü və Abbas Mirzə Şərifzadə, Hüseyn Ərəblinskinin iştirakı ilə 26 yanvar 1917-ci ildə “Lakme” əsəri oynanılmışdı. Bu tamaşaya baxmaq və ilk müsəlman qadın dramaturqla görüşmək üçün Türkiyə səhnəsinin aparıcı xadimlərindən olan Ərtoğrul Möhsin Bakıya gəlmişdi.

Tağıyev teatrında Hüseyn Ərəblinski ona bu sözlərlə müraciət etmişdi: “Əziz Səkinə xanım! Qadınlarsız teatr çiçəksiz bahar kimidir. Ağılsız mövhumat üzündən minlərlə qadının və qızın hətta teatra yaxınlaşa bilməməsi məgər gülünc bir hal deyilmi? Siz bizim qadınların ürəklərinə teatra qarşı sevgi və rəğbət qığılcımı salmaqla, həqiqətən, böyük iş görmüsünüz. Bir vaxt gələcək ki, bu qığılcım alovlanacaqdır.”

Sovet hakimiyyəti dövründə Səkinə xanım Axundzadə doğma Qubaya qayıdıb maarifçilik fəaliyyətini davam etdirmişdir.

Məktəbin dram dərnəyini təsis etməklə Səkinə xanıma həmkarı Şəfiqə xanım Əfəndizadə də yaxından kömək etmişdi.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər