17/12/2019
AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında 18 dekabr 2019-cu il tarixində saat 1000-da görkəmli alim və müəllim fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlunun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcəkdir.
Məmməd Bayram oğlu 1939 –cu ildə Gürcüstan SSR Marneuli rayonun Əzizkənd kəndində kolxozçu ailəsində anadan olmuşdur. Atası Bayramov Bayram Böyük Vətən müharibəsində həlak olmuş, anası Bayramova Cahan isə 1945 –ci ildə vəfat etmişdir. Sonra 2-ci Dünya müharibəsi əlili əmisi Əliyar Bayramovun himayəsində böyümüşdür.
1946 –cı ildə Əzizkənd 8-illik məktəbinin 1-ci sinfinə daxil olub, oranı 1954 –cü ildə bitirib, həmən ildə Gorarx (indiki Algeti) 11-illik məktəbinin IX-ci sinfinə daxil olub, oranı 1957 ildə bitirmişdir.
Təhsilini davam etdirmək məqsədilə 1957-ci ildə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat ixtisası üzrə fizika-riyaziyyat fakültəsinə daxil olub, oranı1962-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Onun tələbəlik dövründəki fəaliyyəti, ümid verir ki, gələcəkdə ondan bacarıqlı bir mütəxəssis olar. Belə ki, o oxuduğu illərdə fakültənin ictimai işlərində fəal iştirak etmiş və riyazi analiz kafedrasının təşkil etdiyi elmi seminarlarında iştirak etməklə bərabər diferensial tənliklər üzrə “İki dəyişəndən asılı iki tərtibli diferensial tənliyin kanonik şəkildə gətirilməsi”, “Ümumiləşmiş Qrin düsturu”, “Koşi məsələsi və xarakteristika haqqında anlayış”, “İki dəyişəndən asılı iki tərtibli diferensial tənliyin Laplas metodu ilə həlli” və s. mövzularda məzmunlu məruzələr etmişdir.
Məmməd Bayram oğlunun elmi işə böyük həvəsi onu 26 avqust 1962 ildə aspiranturaya daxil olmaq üçün keçirilən müsabiqədə iştirak etmək məqsədilə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun direktoruna ərizə təqdim edib icazə istəyir. 1964-cü ildə hərbi xidmətin iki ay əvvəlcə ordudan tərxis edilmişdi sonra AEA Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasına qəbul olunmuş, 1967 –ci ildə aspiranturanı bitirmiş və1967-1969 illərdə Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, baş mühəndis vəzifəsində çalışmışdır.1969-cu ildə həmin institutda akademiklər Fərəməz Maqsudov və Mirabbas Qasımovun rəhbərliyi ilə “Öz-özünə qoşma və qoşma olmayan bəzi diferensial operatorların spektral xassələri” mövzusunda namizədlik dissertasiyasını 1987-ci ildə Tiflisdə A. Razmadze adına Riyaziyyat İnstitutunun Dissertasiya şurasında “Diferensial operator tənliklərin bəzi məsələləri” mövzusunda doktorluq disertasiyasını müdafiə etmişdir. 1989-cu ildə professor elmi adına layıq görülmüşdür.
Professor M. Bayram oğlu 1964-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda aspirantdan – şöbə müdiri vəzifəsinə qədər yüksəlmişdir. Hazırda o, “Diferensial tənliklər” şöbəsində baş elmi işçi vəzifəsində çalışır. İnstitutunun Elmi Şurasının, Dissertasiya Şurasının və Azərbaycan Riyaziyatçılar Cəmiyyətinin üzvüdür.
1977 –ci ildə yaradılmış “Operator tənlikləri” şöbəsi, 1978 –ci ildə struktur dəyişiklər nəticəsində “Diferensial operatorların spektral nəzəriyyəsi” şöbəsi, 1991 –ci ildə isə “Adi diferensial tənliklər” şöbəsi adlandırılmış və şöbəyə 1995 –ci illədək diferensial tənliklər və riyazi analiz sahəsində tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlu rəhbərlik etmişdir. Şöbədə diferensial operator tənliklər üçün ayrılma teoremlərinin isbatı, Qrin funksiyası və məxsusi ədədlərin asimptotikası üzrə elmi-tədqiqat işləri aparılmışdır. 1994-2009 –cu illərdə Türkiyənin İstambul şəhərində Yıldız Texniki Universitetində professor vəzifəsində işləmişdir. Həmin müddətdə 9 nəfər fəlsəfə doktoru hazırlamış, onlardan ikisi professor elmi adına layıq görülmüşdür.
1988-ci ildə institutda “Diferensial operatorların spektral nəzəriyyəsi” şöbəsi yardıldı və şöbəyə professor Məmməd Bayram oğlu rəhbərlik etməyə başladı. Şöbədə diferensial – operator tənliklərin spektral nəzəriyyəsi,operator əmsallı diferensial tənliklərin öz-özünə qoşma genişlənmələri, requlərizə edilmiş izlərin hesablanması, ağırlıqlı izlərin və məxsusi ədədlərin paylanma funksiyasının asimptotikası üzrə elmi-tədqiqat işləri aparılırdı.
O, 100 dən çox məqalənin müəllifidir. Ölkəmizdə riyaziyyat üzrə 21 elmlər namizədinin elmi rəhbəri, 2 elmlər doktorunun elmi məsləhətçisi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Riyaziyyat üzrə Ekspert Şurasının üzvüdür. Onun elmi fəaliyyəti həm ölkəmizin həm də dünyanın görkəmli riyaziyyatçıları tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Dünyanın bir sıra görkəmli riyaziyyatçıları ilə sıx elmi əlaqəsi vardır. Çoxlu sayda Beynəlxalq səviyyəli elmi konfranslarında iştirak etmiş və seminarlarda (o cümlədən onun rəhbərliyi ilə keçirilən seminarlarda) məruzə ilə çıxış etmişdir
Qazaxstan Respublikasının Elmlər Akademiyasının akademiki Muxtarbay Otelbayevin 70 – illik yubileyinə həsr olunmuş Beynəlxalq konfransın proqram komitəsinin üzvü və seksiyanın rəhbəri olmuşdur. O konfransda plenar iclasda “Формула следа операторов одного класса, заданных на всей оси” məruzəsi ilə çıxış etmişdir. Onun konfranslarda və seminarlardakı çıxışları mütəxəssislər tərəfindən həmişə yüksək qiymətləndirilmişdir və istiqamətləndirici əhəmiyyətə malikdir.
İndiyə qədər məqalələrinə xeyli sayda istinad olunmuşdur və bunların çoxu dünyanın məşhur riyaziyyatçıları tərəfindən verilmişdir.
2011-ci ildə M.Bayramoğlu Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi ikinci müsabiqədə qrant layihəsinin qalibi olmuşdur. Bu qrant layihəsi onun rəhbərliyi altinda müvəffəqiyyətlə yerinə yetirilmişdir və alınan əsas nəticələr həm beynəlxalq konfransların materiallarında, həm də Thomson Reyter jurnalları siyahısında olan “Украинский математический журнал” –inda dərc edimişdir.
Ümumiyyətlə M.Bayramoğlu Science Citation İndex siyahısından olan jurnallarda (Doklad SSSR, Дифференциальные уравнения, Украинский математический журнал, Turkish Journal of Mathematics, Mediterranian Journal of Mathematics, Filomat, Hacettepe Journal of Mathematics və s.) Balkan Journal of Mathematics, Операторы и матрицы; Journal of Mathematical Phyzics dərc olunan məqalələr də daxil olmaqla 111 elmi işin müəllifidir.
Məhəmməd Bayram oğlu hal-hazırda Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifəsində işləyir. O, öz davranışı, yüksək əxlaqi keyfiyyətləri ilə kollektivin dərin hörmətini qazanmışdır.
Ailəlidir. İki oğul, bir qız atasıdır. Oğlu Bayramov Azad Türkiyənin Təkirdağ N.Kamal Universitetində çalışıb, hal-hazırda Riyaziyyat və Mexanika İnstitutunda riyazi tədqiqatlarını davam etdirməkdədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.