Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Gənc alim İstanbulda davam edən beynəlxalq konfransda məruzə edib


17.12.2019 tarixindən başlayaraq Türkiyənin İstanbul şəhərində keçirilən “Mexanika mühəndisliyində nailiyyətlər” mövzusunda sayca 5-ci beynəlxalq konfrans öz işini davam etdirir. ABŞ, Kanada, Almaniya, Çin və digər inkişaf etmiş ölkələrin nüfuzlu alimlərinin qatıldığı ənənəvi elmi tədbirdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov da iştirak edib. Gənc alimin və Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın  müxbir üzvü Surxay Əkbərovun həmmüəllifi olduğu elmi məruzəsi konfransın müvafiq panelində şifahi təqdim edilib. Məruzə tədbir iştirakçıları tərəfindən xeyli maraqla dinlənilərək yüksək qiymətləndirilib. Gənc alim konfransın Elmi-təşkilat Komitəsi tərəfindən sertifikatla təltif olunub. Mexanika sahəsində tədqiqatlar aparan çoxsaylı alimlərin məruzəsi ilə davam edən tədbirə 19.12.2019 tarixində yekun vurulacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.