Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-da ictimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyəti təkmilləşdirilir


Dekabrın 18-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında akademiyanın institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin 2019-cu il üçün hesabat iclası keçirilib.

İclas AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi tərəfindən təşkil olunub.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək son dövrlərdə akademiyada aparılan köklü islahatlardan, tətbiq olunan yeniliklərdən söz açıb. Bildirib ki, akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra ictimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyətinin yenidən təşkili ilə bağlı məqsədyönlü qərarlar verib, ciddi tədbirlər həyata keçirib.

İ.Həbibbəyli qeyd edib ki, AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi ilə ölkənin kütləvi informasiya vasitələri arasında əlaqələr genişlənməli, Azərbaycan elminin ölkədə və dünyada təbliği istiqamətində işlər sürətlənməlidir. Alim beynəlxalq əlaqalərin təşkili və gücləndirilməsində mətbuatın rolunu xüsusi vurğulayaraq, İnternet saytlarının, qəzet və jurnalların siyasi-ideoloji cəhətdən aydın mövqe nümayiş etdirmələrinin zəruriliyini bildirib.

“AMEA-nın ictimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşları elmi və analitik materialların hazırlanmasına xüsusi diqqət yetirməlidirlər” – deyən İ.Həbibbəyli vurğulayıb ki, qələm sahibləri elmi problemləri qabartmalı, akademiyada fəaliyyət göstərən alim və mütəxəssislərdən aktual mövzularda müsahibələr götürməlidirlər. O, mətbu fəaliyyətdə dövlətçilik mövqeyi və siyasi maraqların ortaya qoyulmasının, eləcə də peşəkarlıq və obyektivlik kimi meyarların nəzərə alınmasının son dərəcə vacib olduğunu diqqətə çatdırıb.

AMEA-nın rəsmi İnternet səhifəsi olan science.az-ın fəaliyyətindən danışan İ.Həbibbəyli son zamanlar portalın işinin daha da təkmilləşdiyini bildirib. Alim AMEA-nın “Elm” qəzeti, eləcə də “Elm və həyat” jurnalının da işinin yeni tələblər əsasında qurulması ilə bağlı tədbirlərin görüldüyünü söyləyib.

Akademik İ.Həbibbəyli Moskvaya səfəri barədə məlumat verərək, orada Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun rəhbərliyi ilə görüşdüyünü, iki qurumun saytları arasında təcrübə mübadiləsinin təşkilinə dair müzakirələrin aparıldığını qeyd edib.

İctimaiyyətlə əlaqələr şöbələri ilə Vikipediya arasında münasibətlərin qurulmasının məqsədəuyğun olduğunu deyən AMEA-nın vitse-prezidenti Azərbaycanın dünyada təbliğində bu onlayn ensiklopediyanın əvəzsiz rolunu vurğulayıb. Bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və dövlətçilik mövqeyinin qorunması AMEA-nın qarşısında duran əsas vəzifələrdəndir.

Sonra İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov hesabatla çıxış edib. O, science.az veb-portalında yerləşdirilən xəbərlərin statistikasını təqdim edərək, hesabat ilində saytda 2300-ə yaxın xəbərin yerləşdirildiyini, həmçinin Elm Tv sektoru tərəfindən 900-dən çox videonun yayımlandığını bildirib.

A.Şükürov AMEA Rəyasət Heyəti aparatının mətbu orqanı olan “Elm” qəzeti, o cümlədən “Elm və həyat” jurnalının fəaliyyəti barədə də məlumat verib. Onun sözlərinə görə, il ərzində “Elm” qəzetinin nömrələrində Azərbaycan elminin müxtəlif sahələrini əhatə edən informativ və analitik yazılar dərc olunub. “Elm və həyat” jurnalında isə ölkəmizin hüdudlarından kənarda yaşayan və dünyanın müxtəlif elm mərkəzlərində fəaliyyət göstərən azərbaycanlı alimlərin müsahibə və məqalələri yer alıb.

Daha sonra texnika üzrə fəlsəfə doktoru Zaur Ağamalıyev Neft-Kimya Prosesləri İnstitutunun, Məhsəti Qurbanova Botanika İnstitutunun veb-saytının idarə edilməsi və informasiya təminatı, hesabat ili ərzində KİV-də işıqlandırılan məlumatların statistik göstəriciləri, elmi tədqiqatların, əldə edilən nailiyyətlərin populyarlaşdırılması, institutun fəaliyyətinin sosial mediada təbliği istiqamətində görülən işlər haqda təqdimatla çıxış ediblər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, ictimaiyyətlə əlaqələr şöbələri arasında əlaqələrin, təşkilati işlərin yüksək səviyyədə qurulması ilə bağlı müvafiq qərarlar verilib.

© Mənbə: www.science.az