23/01/2020
Yanvarın 24-də riyazi-fizika və diferensial tənliklər sahəsində tanınmış alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Bakı Dövlət Universitetinin (BDU) Riyazi-fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədovun 70 yaşı tamam olur.
Yusif Əbülfət oğlu Məmmədov 1950-ci il yanvarın 24-də Qərbi Azərbaycanın Sisiyan rayonunun Dəstəgird qəsəbəsində doğulub. O, 1966-cı ildə orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1971-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurub.
Alim 1971-1993-cü illərdə BDU-nun Riyazi-fizika tənlikləri kafedrasında assistent, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. 2000-2006-cı illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, elmi işlər üzrə prorektoru olub. 2006-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru işləyib. 2016-2017-ci illərdə Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri olub. Hazırda BDU-nun Riyazi-fizika tənlikləri kafedrasının müdiridir.
O, 1974-cü ildə “Korrekt birölçülü məsələlər və onların həllinin analitik göstərilişi” mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru, 1990-cı ildə “Ümumi şəkilli adi diferensial tənliklər sistemi üçün spektral məsələlərin tədqiqi və uyğun qarışıq məsələlər üçün çıxıqlar üsulunun əsaslandırılması” mövzusunda riyaziyyat üzrə elmlər doktoru dissertasiyalarını müdafiə edib, 1991-ci ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.
Y.Məmmədov riyazi-fizika və diferensial tənliklər sahəsində tanınmış mütəxəssisdir. O, adi diferensial operatorların rasional dəstəsi üçün requlyarlıq, sanki requlyarlıq, normallıq şərtlərini tapıb, məxsusi ədədlərin paylanması, məxsusi elementlər üzrə çoxqat ayrılış düsturunu verib. Alim ilk dəfə olaraq cırlaşan adi diferensial operatorlar üçün sonsuz tərtibli məxsusi ədədlərin mümkünlüyünü göstərib, məxsusi ədədlər çoxluğunun sonlu limit nöqtələri ətrafında requlyarlıq, sanki requlyarlıq və normallıq anlayışlarını verib. Bundan başqa, birölçülü qarışıq məsələlərin korrektliyi üçün cəbri meyar tapıb, müstəvidə sonlu limit nöqtəsi olan məxsusi ədədlər çoxluğuna malik Sobolev-Qalpern tipli tənliklər üçün qarışıq məsələyə çıxıqlar üsulunun tətbiqini əsaslandırıb. Kompleks sıxlıq funksiyalı Şturm-Liuvill operatorunun məxsusi ədədlərinin asimptotik göstərişi ilk dəfə onun tərəfindən tapılıb. Özlü elastik mühitdə dalğanın yayılması prosesinin model tənliyi üçün qarışıq məsələlərin həlli sxemini əsaslandırıb, Şredinger tipinə cırlaşan parabolik tənliklər üçün ilk dəfə olaraq qarışıq məsələnin həllinin varlığı və yeganəliyini isbat edib və həll üçün analitik ifadə tapıb.
Alim 100-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 14 fəlsəfə, 2 elmlər doktoru hazırlanıb. Akademik Y.Məmmədovun xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 2010-cu ildə isə “Şöhrət” ordeninə layiq görülüb.
Görkəmli Azərbaycan riyaziyyatçısını 70 yaşı münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.
© Mənbə: www.science.az