23/01/2020
Yanvarın 22-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş – Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadəyə yubiley medallarını təqdim edib.
Tədbiri giriş sözü ilə açan akademik Ramiz Mehdiyev iclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin və Şəki Regional Elmi Mərkəzinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətlərini əks etdirən hesabatlarının dinləniləcəyini diqqətə çatdırıb.
Sonra Humanitar Elmlər Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə AMEA-nın I vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. O, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2019-cu ilin ölkədə “Nəsimi ili” elan etməsinin ölkəmizdə humanitar fikrə, ədəbiyyatımıza göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu deyib. İsa Həbibbəyli Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində layiqli yer tutan dahi şairin yaradıcılığının əhəmiyyətini təbliğ etmək məqsədilə Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələri ilə birgə fəaliyyət proqramı hazırladığını və bu istiqamətdə bir sıra təqdirəlayiq işlər görüldüyünü, tədbir çərçivəsində elmi sessiya, beynəlxalq elmi konfrans keçirildiyini, sərgi nümayiş etdirildiyini, bölmənin tərkibinə daxil olan institutların əməkdaşları tərəfindən Nəsimi irsinə dair bir sıra kitab və monoqrafiyaların nəşr olunduğunu diqqətə çatdırıb.
Bölmənin müəssisələrinin müxtəlif dövlət qurumları, nazirliklər, ali təhsil müəssisələri, yerli və beynəlxalq təşkilatlarla birgə tədbirlər keçirdiyini vurğulayan akademik İsa Həbibbəyli bildirib ki, yubiley çərçivəsində institut əməkdaşları tərəfindən kollektiv biblioqrafik göstərici, fənn-proqramlar, 36 kitab, o cümlədən 16 monoqrafiya nəşr edilib, “Nəsiminin anadilli əsərlərinin ensiklopedik-izahlı lüğəti”nin I cildi çapdan çıxıb. Azərbaycan Respublikasının Bolqarıstandakı, Moldovadakı, Serbiyadakı səfirliklərinin təşəbbüsü və dəstəyi ilə Nəsiminin dünya dillərinə tərcümə edilmiş seçmə əsərlərindən ibarət kitabların təqdimat mərasimləri keçirilib. AMEA-nın birinci vitse-prezidenti Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icra vəziyyəti, eləcə də ölkə başçısı tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və mütəfəkkirlərinin yubileylərinin qeyd olunması ilə bağlı imzalanan sərəncamlarından irəli gələrək həyata keçirilmiş tədbirlər barədə söz açıb.
Hesabatda bölmə üzrə il ərzində 23 respublika elmi konfransının, 11 beynəlxalq elmi konfransın, 16 yubiley tədbirinin, üç dəyirmi masanın keçirilməsinin də elmi mühitin canlandırılmasına səbəb olduğu göstərilir.
İclasda bölmə üzrə yerinə yetirilən elmi tədqiqat işlərindən danışan akademik elektron elmin vəziyyəti, o cümlədən elmi tədqiqat xarakterli fəaliyyət sahələri üzrə müntəzəm olaraq institutların saytlarına materiallar yerləşdirildiyini qeyd edib. Məruzədə sosial şəbəkələrdə institutda keçirilən tədbirlər haqqında məlumatlar, ədəbiyyatşünaslığa dair maarifləndirici informasiya resurslarının yer aldığı vurğulanıb. Saytda jurnalların elektron variantlarını oxumağın və onlayn olaraq məqalə göndərməyin mümkün olduğunu nəzərə çatdıran akademik nəşriyyat fəaliyyətinə də toxunub. Qeyd olunub ki, bölmə üzvləri tərəfindən hesabat ilində 50-yə yaxın kitab, 300-dən çox məqalə çap olunub, həmin əsərlərin bir qismi xarici ölkələrdə işıq üzü görüb. Hesabat ilində HEB alimləri tərəfindən 11-i xaricdə olmaqla 188 kitab, 14-ü xaricdə olmaqla 102 monoqrafiya, 291-i xaricdə olmaqla 2198 məqalə və 82-si xaricdə olmaqla 446 tezis nəşr olunub. İmpakt-faktorlu jurnallarda əməkdaşların 42 məqaləsi işıq üzü görüb və elmi işçilərin əsərlərinə olan istinadların sayı 500-ü keçib. Hesabat ilində 15 adda dərslik çap edilib.
Beynəlxalq əlaqələr barədə məlumat verən birinci vitse-prezident bölmənin elmi müəssisələrinin Özbəkistan, Türkmənistan, Türkiyə, Pakistan, Koreya və s. ölkələrlə elmi əməkdaşlıq əlaqələrindən söz açıb. Tədbirdə kadr potensialı barədə göstəriciləri diqqətə çatdıran akademik İsa Həbibbəyli Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrində AMEA-nın yeddi həqiqi və altı müxbir üzvünün fəaliyyət göstərdiyini deyib. Bildirib ki, hazırda bölmənin elmi müəssisələrində 246 dissertant təhsil alır.
Rəyasət Heyəti təklifləri nəzərə alaraq HEB-in 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təsdiq edib. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə humanitar elmlərə dair dərslik və dərs vəsaitlərinin ərsəyə gətirilməsi ilə bağlı təkliflərin hazırlanması, humanitar elmlərin başqa elm sahələri ilə əlaqələrini möhkəmləndirmək məqsədilə baza təhsili dəqiq elmlər olan gəncləri humanitar yöndə tədqiqat aparmağa cəlb etmək üçün stimullaşdırıcı tədbirlərin görülməsi, o cümlədən ali məktəblərin sonuncu kurs tələbələri ilə ədəbi-mədəni görüşlərin keçirilməsi tapşırılıb.
Qərarda bölməyə respublika elmi ictimaiyyətini yaxından cəlb etməklə Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənətinin təbliği ilə bağlı məqalələrin impakt-faktorlu jurnallarda və ingilisdilli e-ensiklopediyalarda nəşr edilməsi, humanitar sahədə çalışan əməkdaşların dünyanın aparıcı ölkələrinin, o cümlədən Avropa, Rusiya və Türkiyənin qrant layihələrində iştirakının intensivləşdirilməsi, humanitar sahədə fəaliyyət göstərən alimlərin, xüsusən də gənc tədqiqatçıların “Clarivate Analytics” və digər beynəlxalq elmi bazaların imkanlarından geniş istifadəsinin təmin edilməsi və s. istiqamətlərdə tapşırıqlar verilib.
Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Şəki Regional Elmi Mərkəzinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub. Hesabat məruzəsi ilə çıxış edən mərkəzin direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü bildirib ki, mərkəzin ötənilki fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabineti və AMEA Rəyasət Heyətinin qərarları, AMEA prezidentinin sərəncamları əsas götürülüb, habelə dövlət proqramlarının icrasından irəli gələn işlər yerinə yetirilib.
Hesabat ilində əldə olunan mühüm nəticələri diqqətə çatdıran mərkəz direktoru bildirib ki, əməkdaşların 5-i xaricdə olmaqla 27 elmi məqaləsi, 8-i xaricdə olmaqla 33 tezisi dərc olunub.
Y.Şükürlü ötən il mərkəzdə əhalinin sağlamlığı və biotibb, tarixi və etnoqrafik irs, şimal-qərb bölgəsinin folkloru, bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi, şimal-qərb regionunda yabanı ipəkqurdlarının axtarışı və s. istiqamətlərdə aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib.
Elm və təhsilin inteqrasiyasından danışan alim bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında tədris olunan fənnlərə dair bir tədris proqramı və bir dərs vəsaiti çap olunub. Həmçinin Balakən rayon İcra Hakimiyyəti ilə birgə ADPU-nun Şəki filialının əməkdaşlarının da iştirakı ilə “Elm Günü”nə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Alim məruzəsində beynəlxalq elmi əlaqələr, keçirilən konfrans və yubileylər, struktur dəyişiklikləri, təltiflər, xarici ezamiyyətlər, gənc alim və mütəxəssislərin fəaliyyəti barədə da məlumat verib.
Məruzə dinlənildikdən sonra müzakirə olunub, Yusif Şükürlü AMEA-nın I vitse-prezidentləri – akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, vitse-prezident, akademik Rasim Əliquliyev və müxbir üzv Əminağa Sadıqovun səsləndirdiyi suallarla bağlı məsələlərə aydınlıq gətirib. Hesabat Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib. Alınmış mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.
Tədbirdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan Məhəmməd Hadinin 140 illik yubileyinin qeyd olunması ilə bağlı tədbirlər planı təsdiq olunub.
Sonda akademik Ramiz Mehdiyev aidiyyatı üzrə müvafiq tapşırıqlarını diqqətə çatdırıb.
© Mənbə: www.science.az