11/02/2020
Dünyanın bugünkü inkişaf səviyyəsinə çatması məhz elmin, bu sahədə çalışan tarixi şəxsiyyətlərin sayəsində mümkün olmuşdur. Elmin özünün tarixinin təhlili də bu inkişafın avanqardı olmuş elm xadimlərinin bügünkü yüksək sivilizasiyaya böyük töhfələr verdiyini sübuta yetirir.
Bu mənada dünyaya bəxş etdiyi övladlarına görə Azərbaycan xalqının da qürur duymağa haqqı var. Bax, bu məqamda milliyyətcə Azərbaycan türkü olmayan, fəqət bu torpaqda boya-başa çatan, həyatın müxtəlif sahələrində bu xalqa xidmət göstərən, özlərini fəxrlə bakılı saymaqla qürur hissini gizlətməyən insanlarımızı da unutmamalıyıq. M.Landau, Rixard Zorge, Nikolay Baybakov, Vladimir Saşin, Mixail Qusman… və bu qəbildən onlarca nəhəng simalar, şəxsiyyətlər hamımıza doğmadır. Hər biri dəyərli həmvətənlərimiz sayılan, adları çəkilən və çəkilməyən digər soydaşlarımız sözün həqiqi mənasında əfsanəvi insanlardır, dünyanın çox yerində sonsuz sevgi və ehtiramla xatırlanırlar…
Azərbaycanda riyaziyyat elminin inkişafına böyük töhfələr vermiş, irsi indiki nəsil üçün əsl istinad mənbəyi olan alimlərdən biri də görkəmli riyaziyyatçı, həmyerlimiz, fizika-riyaziyyat elmləri doktoru, professor Sasun Yakuboviç Yakubovdur. Soykökü Quba rayonunun Qırmızı qəsəbəsindən olan Sasun Yakubov miliyyətcə dağ yəhudisidir. O, 1935-ci il oktyabr ayının 11-də Bakı şəhərində fəhlə ailəsində dünyaya göz açıb, 1953-cü ildə Bakı şəhərində 7 saylı orta məktəbi bitirdikdən sonra elə həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə qəbul olub və 1958-ci ildə müvəffəqiyyətlə bitirib. Xatırladaq ki, Sasun müəllim həm orta, həmçinin də ali məktəbi Azərbaycan dilində oxumuşdur. O, Azərbaycan mədəniyyətinin, poeziya və musiqisinin vurğunu idi. Doğulduğu, boya-başa çatdığı şəhəri – Bakını da çox sevirdi.
Universitetdə oxuduğu illərdə Zahid Xəlilov, İbrahim İbrahimov, Əşrəf Hacıyev, Həşim Ağayev və digər görkəmli Azərbaycan riyaziyyatçılarından dərs alan Sasun Yakubov təhsilini başa vurduqdan sonra təyinatla Fizika və Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda (indiki AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu) əmək fəaliyyətinə başlamış və 1974-cü ilədək kiçik elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinədək yüksəlmişdir. Müstəsna riyazi qabiliyyətə malik olan S.Yakubov elm aləmində uğurlara gənc yaşında ikən imza ata bilir. Belə ki, o, 1962-ci ildə 27 yaşında Bakıda professor Zahid Xəlilovun rəhbərliyi altında “Banax fəzalarında təsir edən simmetrik və simmetrikləşən operatorlar nəzəriyyəsinin bəzi məsələləri” (“Nekotorıe voprosı teorii simmetriçeskix i simmetrizuemıx operatorov, deystvuöşix v banaxovıx prostranstvax”) mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi, 1969-cu ildə isə 34 yaşında ikən Rusiyanın Voronej şəhərində “Evalüsyon tənliklər üçün Koşi məsələsinin həll olunması və xüsusi törəməli stasionar olmayan diferensial tənliklər üçün sərhəd məsələləri” (“Razreşimostı zadaçi Koşi dlə gvolöüionnıx uravenie i kraevıx zadaç dlə nestaüionarnıx differenüialcnıx uravneniy v çastnıx proizvodnıx”) mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.
Azərbaycan elmi müxtəlif inkişaf mərhələlərindən keçmiş, zaman-zaman dünya elminə töhfələr vermişdir. Ulu öndərimiz Heydər Əliyevin respublikaya rəhbərliyə gəldiyi ilk dövr digər sahələr kimi, Azərbaycan elminin də yeni inkişaf mərhələsi oldu.
1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərliyə gələndə ölkədə əksər sahələr üzrə tənəzzül müşahidə olunurdu. Sovet quruluşunun bütün incəliklərinə dərindən bələd olan ulu öndər özünəməxsus qətiyyət, müdrikliklə respublikamızın uzunmüddətli, dinamik, hərtərəfli inkişafını nəzərdə tutan kompleks inkişaf proqramları hazırlatdı və bu proqramlar dərhal icraya yönəldi. Azərbaycan təhsilinin, elminin inkişafı üçün zəmin yarandı. İstedadlı, işgüzar, bacarıqlı kadrların elm sahəsində çalışması, onların irəli çəkilməsi, elmi nəticələrinin istehsalatda tətbiqi, Azərbaycan elminin dünyaya tanıdılması üçün şərait yaradıldı. Bütün bunlar təhsil və elm müəssisələrinin işinə yeni ab-hava gətirdi, yaradıcı, sağlam rəqabət üçün meydan genişləndi, elm tariximizə yeni-yeni adlar yazıldı. Sasun müəllimin ən məhsuldar elmi, pedaqoji fəaliyyəti də məhz bu dövrə təsadüf edir.
1970-1974-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Riyaziyyat və Mexanika İnstitutunda şöbə müdiri vəzifəsində çalışan Sasun müəllim 1974-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) “Riyazi analiz” kafedrasına rəhbərlik edir və 1981-ci ildə yenidən Riyaziyyat və Mexanika İnstitutuna qayıdır. 1990-cı ilədək ona doğma olan institutda öz fəaliyyətini davam etdirən alim 1976-cı ildə professor adına layiq görülür.
1990-cı il xalqımız üçün də faciə dolu bir il oldu. Dağlıq Qarabağ ətrafında gedən proseslər, ermənilərin torpaq iddiaları, məkrli siyasəti “20 Yanvar” faciəsinə yol açır. Bu faciədən sonra Sasun müəllim öz ailəsi ilə birlikdə İsrail dövlətinə köçür və 1991-ci ildən 2003-cü ilədək İsrailin Hayfa Universitetində müəllimlik fəaliyyətini davam etdirir. 2003-cü ildə isə təqaüdə çıxır.
Zaman ötdükcə, dünyada hər şey dəyişir, elmi nəzəriyyələr, fərziyyələr, fəlsəfi baxışlar, hətta riyazi qanunlar, formullar da dəyişikliyə uğrayır. Min illərin sınağından keçən məntiq öz yerini tamam təzə elmi ideologiyaya verir. Diferensial-operator tənliklər nəzəriyyəsi də riyaziyyatın ən mühüm və gənc sahələrindən biridir və bu sahə bilavasitə funksional analizin inkişafı ilə əlaqədardır. Sasun Yakubovun elmi-tədqiqat işlərinin əsas prioriteti də məhz bu sahə idi. Diferensial-operator tənliklər nəzəriyyəsinin əsasları dünyanın Ş.Ağman, L.Nirenberq, S.Q.Kreyn, X.Tanabe, Z.Xəlilov, T.Kato, A.Pazi, H.O.Fattoroni, R.S.Filips və digər görkəmli riyaziyyatçıları tərəfindən qoyulub və professor S.Yakubov da diferensial-operator tənliklər nəzəriyyəsi sahəsində nəinki keçmiş Sovetlər Birliyində, həm də bütün dünyada böyük xidmətləri ilə seçilən riyaziyyatçılardan idi.
Öz səmərəli fəaliyyəti ilə xarici ölkələrdəki həmkarlarına yaxşı tanış olan S.Yakubov Azərbaycanda yaşadığı dövrdə istər keşmiş Sovetlər Birliyində, istərsə də xarici ölkələrdə dəfələrlə ümumittifaq və ümumdünya konfranslarında respublikamızı layiqincə təmsil etmiş, Sovet İttifaqının bir çox şəhərlərində dessertasiya müdafiələrində oppenent olmuşdur. 105-dən artıq elmi əsərin müəllifidir. Bu əsərlərin əksəriyyəti keçmiş Sovetlər Birliyinin və dünyanın müxtəlif ölkələrinin nüfuzlu elmi jurnallarında dərc olunmuşdur.
Alimin aldığı elmi nəticələrin böyük əksəriyyəti onun müəllifi olduğu monoqrafiyalarında öz əksini tapıb. Onun ilk kitabı olan “Xətti diferensial operator tənliklər və onların tətbiqləri” (“Lineynıe differenüialğno-operatornıe uravneniə i ix prilojeniə”) adlı monoqrafiyası 1985-ci ildə Bakıda, “Elm” nəşriyyatında, ikinci kitabı, “Reqülyar diferensial operatorların köklü funksiyalarının tamlığı” (“Completeness of rootfunctions of reqular diferential operators”) adlı monoqrafiyası 1994-cü ildə ABŞ-da çap olunmuşdur. Üçüncü kitab isə (oğlu Yakov Yakubovla birlikdə) 2000-ci ildə ABŞ-da çap olunan “Diferensial operator tənliklər. Adi və xüsusi törəməli diferensial tənliklər” (Diferential-operator equations. Ordinary and partial diferential equations”) adlı monoqrafiyadır.
Bu monoqrafiyalar diferensial operator tənliklər nəzəriyyəsi sahəsində çalışan riyaziyyatçılar tərəfindən rəğbətlə qarşılanmış və onların stolüstü kitabına çevrilmişdir. Əlbəttə, bu kitablar Sasun müəllimin yüksək riyazi qabiliyyətinin nəticəsi olmaqla yanaşı, həm də onun necə bir zəhmətkeş insan olmasının göstəricisi, elmi axtarışlarının, gərgin əməyinin nəticəsidir. Hər bir alimi xarakterizə edən müsbət amillərdən biri də onun öz davamçılarını yetişdirməsi məsələsidir. Sasun müəllim respublikamızda riyaziyyatçı kadrların hazırlanmasına da çox böyük əmək sərf etmiş, onun rəhbərliyi altında 25 nəfər dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik elmi dərəcəsi almışdır. Onlardan 5 nəfəri fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almağa müvəffəq olmuşdur. Sasun müəllim elmi rəhbərlik etdiyi bütün tələbələrinə demək olar ki, müxtəlif xarakterli məsələlər təklif etmiş və qoyulan bu məsələlərin heç biri digərinin bilavasitə davamı olmamışdır. Bu isə onun həm də yenilikçi bir insan olduğunu göstərir. Onun tələbə-müəllim münasibəti çoxlarına nümunə idi, öz mədəni davranışları ilə tələbələrinin də, həmkarlarının da qəlbinə yol tapa bilmişdi. İstər tələbələrini, istərsə də ona müraciət edən hər kəsi diqqətlə dinləməyi bacaran, onlara təmənnasız məsləhət, tövsiyə verməkdən, öyrənib, öyrətməkdən zövq alan sözün həqiqi mənasında böyük insan idi, Sasun müəllim. Təsadüfi deyildir ki, üstündən uzun illər keçsə də, onun rəhbərliyi altında dissertasiya müdafiə edib elmi dərəcə alan tələbələri bu gün də öz müəllimlərini hörmətlə xatırlayırlar.
Vətən deyilən bir anlayış var və onu hər kəs bir cür başa düşür. Kimisi gününün xoş keçdiyi yeri Vətən bilir özünə, kimisi üçün Vətən onun tarixi vətənidir. Doğulub boya-başa çatdığı yeri Vətən bilənlər də var. Əsas məsələ onu unutmamaqdadır. Sasun müəllim də Azərbaycanı, dünyaya göz açdığı Bakını unutmamışdı. İsraildə yaşadığı müddətdə də öz tələbələri, dostları ilə əlaqəni kəsməmiş, bir neçə dəfə Bakıya gələrək Azərbaycanı ziyarət etmişdi. 2004-cü ildə doğma Riyaziyyat və Mexanika İnstitutunun 45 illiyinə həsr olunmuş Beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələn Sasun müəllim Azərbaycan riyaziyyatçıları tərəfindən çox böyük rəğbət və mehribanlıqla qarşılanmışdı. O vaxt hamı bu nurlu insanla görüşə can atırdı.
Sasun müəllimin uşaqlıq dövrü İkinci Dünya müharibəsi illərinə təsadüf etdiyindən çox məşəqqətli keçmişdi. Atası müharibədə həlak olduğundan ailədə olan üç körpə uşaq anası Xana-Sara xanımın himayəsində böyüməli olmuşdu. 2013-cü ildə Sasun müəllimin nəvəsi Sara Yakubova ilə birlikdə işləyib hazırladığı “Müqəddəs qadın” (“Svətaə jenhina”) adlı kitabında Yakubovlar ailəsinin bu ağır və həm də mənalı həyatı öz əksini tapıb. Bədii cəhətdən nəfis şəkildə tərtib olunan bu kitabda o, ailələrinin ağır durumda yaşamasından, buna rəğmən yaxşı insanların köməyi ilə ayaqda qalmalarından bəhs edir, Azərbaycan xalqının xeyirxahlığı, humanistliyi ilə bağlı çoxlu sayda nümunələr göstərir. Bu isə onun doğulduğu torpağa, bütün dinlərə hörmətlə yanaşan, müxtəlif xalqların nümayəndələri ilə tarixən mehriban şəraitdə yaşayan insanlarına hörmətinin ifadəsidir.
Həyat daimi deyil, bir gün gələn, bir gün gedir. Ömrünü bütünlüklə elmə həsr edən Sasun Yakuboviç Yakubov da 2020-ci il yanvarın 15-də ömrünün 85-ci ilində həyatla vidalaşdı. İnanırıq ki, cismən aramızdan getsə də, onun başladığı elmi işlər tələbələri və ardıcılları tərəfindən bundan sonra da davam etdiriləcək, yazdığı elmi əsərlər, monoqrafiyalar hələ uzun müddət gənc riyaziyyatçıların yetişməsində öz töhfəsini verəcəkdir. Azərbaycanda riyaziyyat elminin inkişafında böyük xidmətləri olan alimlərin sırasında onun da adı həmişə hörmətlə xatırlanacaq…
Belə bir inanc var: Əbədi dünyaya köçən insanın ruhu bu dünyada dolaşır. Sağlığında qəlbi Azərbaycanla döyünən Sasun müəllimin ruhu da bu torpaqların səmasında dolaşacaqdır!..
Misir MƏRDANOV, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,
Əkbər ƏLİYEV, Riyaziyyat və Mexanika İnstitutunun Diferensial tənliklər şöbəsinin müdiri, professor,
Bəhram ƏLİYEV, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrasının müdiri, professor.
“Respublika” qəzeti, 11 fevral 2020-ci il