06/03/2020
8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsi İnstitutun qadın əməkdaşlarını təbrik etdi. Bayramla bağlı 6 mart 2020-ci ildə tədbir keçirildi. Tədbirdə Azərbaycanın görkəmli teatr aktyoru, Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının dosenti, əməkdar artist (2002) Azad Şükürov iştirak etdi. Tədbiri açan Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü professor Misir Mərdanov İnstitutun qadın əməkdaşlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib qeyd etdi ki,
“1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopen-hagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi. 1914-cü ildə Rusiyada Beynəlxalq Qadınlar Günü martın 8-də baş tutdu, böyük ehtimalla ona görə ki, həmin gün bazar günü idi və beləliklə bu bütün ölkələrdə həmişə martın 8-i qeyd olunur. 1914-cü ildə həmin Günün mərasimi qadınların 1918-ci ilə kimi qazana bilmədikləri seçki hüququna həsr olundu. 1914-cü ilin 8 martında Londonda Boudan Trafalqar meydanına doğru qadınların seçki hüququna dəstək yürüşü oldu. 8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.
1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir”. Daha sonra o, sözü Azərbaycan Respublikasının əməkdar artisi Azad Şükürova verdi. Azad Şükürov öz şeirləri ilə Riyaziyyat və Mexanika İnstitutunun xanımlarını təbrik etdi.
Sonda Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının sədri dosent İradə Mirzəzadə Azad Şükürova öz minnətdarlığını bildirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.