Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Türkiyənin mənəvi dəstəyi etibarlı qardaş sözü!


Azərbaycan-Türkiyə münasibətlərinin minilliklərdən gələn böyük tarixi, davamlı və dayanaqlı ənənələri vardır. “Torpağı əkməsən qorumağa, qorumasan əkməyə dəyməz” deyən ulu Dədə Qorqudun vəsiyyətləri Azərbaycan üçün olduğu kimi, qardaş Türkiyə üçün də eyni dərəcədə müqəddəsdir.

Dünya şöhrətli görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyəti və əhəmiyyəti haqqında böyük müdriklik və uzaqgörənliklə dediyi “Tək millət, iki dövlət” kəlamları hər iki ölkədə atalar sözü kimi qəbul olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri qətiyyətli və məqsədyönlü siyasət rəhbərlik etdikləri ölkələrin milli və dövlətçilik maraqlarını dəqiq ifadə etməklə bərabər, həm də bütün dünyanın ciddi ehtiyacı olduğu qarşılıqlı etimadın, birlik və həmrəyliyin gerçək örnəklərinin planetimizə ən açıq və aydın şəkildə təqdim olunmasına xidmət edir.

Müstəqil Azərbaycan dövləti və Türkiyə Cümhuriyyəti həqiqətən ölkələrimizin milli və dövlətçilik maraqları qədər regionda və ümumən dünyada sülhün, təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsini gerçək şəkildə öz ölkəsinin dövlət strategiyasının ana maddələrinə çevirmişdir. Bu yalnız iki xalqın yox, bütövlükdə bəşəriyyətin xeyrinədir. Azərbaycan və Türkiyə həmrəyliyi və əməkdaşlığı bizim ölkələrimiz qədər də dünya birliyinin şansıdır. Türkiyə və Azərbaycanın olduğu yerdə dünyamız qarşılıqlı etimaddan, qardaşlıqdan, birlik və həmrəylikdən heç nigaran qalmayıb, fərqli qitələrdə və materiklərdə çətinlik və böhran olan yerlərdə həmrəylik uğrunda arxayın mübarizə apara bilər.

Türkiyə Cümhuriyyətinin müstəqil Azərbaycan Respublikasının ölkəmizin əzəli torpaqları və ayrılmaz bir parçası olan Dağlıq Qarabağ uğrunda erməni işğalına və təxribatına qarşı apardığı mübarizədə, özünümüdafiə tədbirlərində müstəqil dövlətimizin və xalqımızın haqq işini müdafiə etməsi qədim tarixə malik ortaq milli-mənəvi və dini dəyərlərimizə ehtiram əlaməti olmaqdan başqa, həm də uydurma ikili standartların yox, ədalətin qələbə çalmasına dəstək verməyin əsl xidmətin ifadəsidir. Dünya birliyi artıq bilməmiş deyildir ki, Azərbaycan da qardaş Türkiyəyə münasibətdə eyni addımları atmaqla sülhü, həmrəyliyi və ədaləti müdafiə etməyin daha bir nümunəsini göstərməklə yer kürəsini düşündürmək vəzifəsini həyata keçirməyi dərk olunmuş məqbul yol sayır.

Dağlıq Qarabağ uğrunda erməni işğalçılarına qarşı mübarizədə Türkiyə Cümhuriyyətinin ürəkdən gələn etibarlı qardaş sözü hər cür silahlı müdafiədən qat-qat üstündür. Döyüş meydanlarında işğalçı Ermənistanın layiqli dərsini verməyi bacaran Azərbaycan üçün qardaş Türkiyənin gerçək mənəvi dəstəyi hərbi-iqtisadi köməyindən də əhəmiyyətlidir. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan və Türkiyə qoşa dəmir yolunun üstündə dünya birliyinə, sülh və əməkdaşlığa, qardaşlıq və həmrəyliyə doğru dönmədən irəliləyən lokomotivdir.

İşğalçı Ermənistanın Dağlıq Qarabağ ətrafında gedən döyüşlərdə Türkiyə əsgərlərinin iştirak etməsi haqqında yaydığı yalan bəyanatlar qətiyyən reallığı əks etdirmir. Təcavüzkar Ermənistanın Azərbaycan cəbhə xəttində Türkiyə faktoru ilə əlaqədar uydurduğu yanlış informasiyalar bir neçə mərkli məqsədə xidmət edir:

– Azərbaycan ordusunda Türkiyə amili haqqında yalançı mif uydurmaqla özünün ümid etdiyi digər dövlətlərin Ermənistana dəstək verməsinə cəlb etməyə çalışır.

– Bununla Ermənistan Livandan, Suriyadan və İraqdan gətirib zorla müharibəyə cəlb etdiyi artıq təsdiq olunmuş muzdlu yaraqlıları gizlətmək, diqqətdən yayındırmaq istəyir.

– Növbəti dəfə də təklənmiş, “yalançı və yazıq erməni” donuna girib, bəzi dövlətləri aldadaraq maddi və mənəvi yardım almağa can atır.

– Heç olmazsa, hələlik də olsa, yalan və şantaj yolu ilə Şərqi Anadolu torpaqlarına göz dikdiyini arxa plana keçirməklə ikinci cəbhə açılmaq təhlükəsindən yan keçməyə səy göstərir.

– Nəhayət, Türkiyə xofu qarşısında aciz və miskin olduqlarını gizlədir, qorxusunu və vahiməsini ört-basdır etmək görüntüsü yaradır.

– Azərbaycanın ədalətli mübarizəsinə kölgə salmağa, bu məsələ ətrafında uydurma qalmaqal yaratmağa, aranı qarışdırmağa cidd-cəhd göstərir.

– 27 sentyabr 2020-ci il Dağlıq Qarabağ döyüşlərində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük hərbi zəfərləri, uğurlu gedişləri təhrif etməyə çalışır.

– Bununla Paşinyan rejimi öz xalqını aldadır, özünü yalandan sığortalayır.

Buna baxmayaraq, artıq Azərbaycanın döyüş cəbhəsində qazandığı zəfərlər, doğma torpaqlarımızı azad etmək istiqamətində əldə etdiyi ciddi mövqelər yalançı Paşinyan rejiminin bütün niyyətlərinin uydurma və böhtandan ibarət olduğunu dünya ictimaiyyəti əyani surətdə görür. Buna görədir ki, indi dünyanın bir çox ölkələri Azərbaycanın haqq işini dəstəkləyir və müdafiə edir.

Ona görə də Azərbaycan-Türkiyə münasibətləri, ortaq tarixi köklər, milli-mənəvi dəyərlər və habelə qarşılıqlı etimad və əməkdaşlıq əsasında dönmədən inkişaf edərək, ölkələrimizdə, regionda və dünyada sülh və təhlükəsizliyin, birlik və həmrəyliyin, ədalət və əməkdaşlığın inkişaf etdirilməsinə real təminat və töhfələr verən, daha böyük inkişafa xidmət edən dövlətlərarası qardaşlıq və əməkdaşlıq modeli kimi qəbul olunur.

XX əsrdə Türkiyə Cümhuriyyəti – dünyanın böyük güc və söz sahiblərindən biridir. Azərbaycan da qısa müddətdə – müasir epoxanın yeni liderlərindən birinə çevrilmişdir.

Azərbaycan-Türkiyə dünyada bütün istiqamətlər üzrə vahid mövqedən çıxış etməyin, daim iş birliyində olmağın, dünyaya sülh və barış gətirməyin nümunəsidir.

Bu gün Azərbaycan səngərində türk əsgərinin olmasına xüsusi bir ehtiyac yoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin illərdən bəri ölkəmizdə apardığı ardıcıl və uğurlu ordu quruculuğu siyasəti və aşıladığı azərbaycançılıq idealı Azərbaycan əsgərinin böyük qələbəyə doğru inamla getməsi üçün hər cür təminat yaratmışdır. Ancaq bununla da fəxr etmək olar ki, dünyada Azərbaycanın öz torpaqlarını düşmən işğalından azad etmək uğrunda apardığı ədalətli mübarizəni dönmədən müdafiə edən, xalqımız və dövlətimizlə təbii bir həyəcanı yaşayıb, məsuliyyət duyğularını bölüşən Türkiyə Cümhuriyyəti və səksən iki milyonluq türk xalqı vardır. Türkiyənin özü yox, etibarlı qardaş sözü, mənəvi dəstəyi ön cəbhədə Azərbaycan əsgəri ilə bir səngərdədir və ordumuzu qələbəyə ruhlandırmağa xidmət edir.

Ürəkdən inanırıq ki, ən yaxın zamanlarda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı dövlət bayrağımız Şuşa şəhərində dalğalandığı günü Azərbaycan və Türkiyə bu böyük qələbə bayramının hərbi paradının və şənliklərinin sevincini birlikdə yaşayacaqdır.

İsa Həbibbəyli, AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

© Mənbə: www.science.az