Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixi ədalətin bərpası deməkdir


Uzun illər ərzində Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün danışıqlar aparılıb. BMT Təhlükəsizlik Şürası və Baş Assambleyası, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən bir sıra hüquqi sənədlərin qəbul edilməsinə baxmayaraq bu danışıqlar heç bir nəticə verməyib. 30 ilə yaxındır ki, beynəlxalq hüquq baxımından Azərbaycanın haqlı olduğunu hər dəfə etiraf edən dünya birliyi münaqişənin həlli üçün konkret addımlar atmayıb. Və bütün bunlar erməni tərəfin Azərbaycanın yalnız hərbi mövqelərini deyil, həmçinin mülki əhalisini və obyektlərini hədəfə alan müntəzəm təxribatları fonunda baş verib.

Öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə apardığı dövrdə də mövqeyinə sadiq qalan Azərbaycan tərəfin çağırışı dəyişməyib. Ali Baş Komandan, Prezident İlham Əliyevin səsləndirdiyi mövqeyimiz bu olub: ölkəmiz hər zaman adekvat danışıqlara hazırdır, lakin xüsusilə də son iki ildə danışıqlar prosesinə böyük zərbə vuran erməni tərəfin təxribatları ilə üzləşən Azərbaycanın bir yolu var. Danışıqlar nəticəsiz qaldığı üçün işğal edilmiş torpaqları Milli Ordu azad etməyə başlayıb.

Təəssüflər olsun ki, düşmən yalnız bizim hərbi mövqelərimizi atəşə tutmayıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilən məlumata görə, sentyabrın 27-dən noyabrın 9-dək bu hücumlar nəticəsində 93 mülki şəxs həlak olub, 407 nəfər yaralanıb, 3326 şəxsi ev, 120 çoxmərtəbəli yaşayış binası və 504 mülki obyekt yararsız hala düşüb. Baş verən prosesləri müxtəlif ölkələrdən müşahidə edən müstəqil ekspertlər dinc əhalini hədəfə aldığını gizlətməyən düşmən tərəfin bu hərəkətlərini hərbi cinayət adlandırıb. Buna baxmayaraq dünya birliyi işğalçı dövlətə qarşı heç bir qəti addım atmıyıb.

Və nəhayət, noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasını elan edən Bəyanat imzalanıb. Bu bəyanatın imzalanmasını mühüm tarixi hadisə və faktiki olaraq Ermənistanın hərbi kapitulyasiyası adlandıran Ali Baş Komandan bildirib ki, bundan sonra proseslərin siyasi-diplomatik yolla nizamlanmasına start verilir.

Sadalananları nəzərə alaraq qeyd etmək lazımdır ki, baş verən proseslərin hüquqi bazasının təkmilləşdirilməsi məsələsi böyük aktuallıq kəsb edir. Ölkə başçısı İlham Əliyevin vurğuladığı kimi, “bizə heç kimin torpağı lazım deyil, biz öz torpaqlarımızı qaytarırıq, ölkəmizin dünya birliyi tərəfindən qəbul olunmuş ərazi bütövlüyünü bərpa edirik”. Bir neçə ay bundan öncə Xarkovda Azərbaycanın Gürcüstan və Moldovadakı sabiq Fövqəladə və Səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyevin elmi redaktəsilə “Dövlətin öz ərazi bütövlüyünü bərpa etmək hüququ” adlı məqalələr toplusu nəşr edilib. Bu toplu AMEA Hüquq və İnsan Haqları İnstitutu, Ukrayna Ali Radasının Qanunvericilik İnstitutu və “Hüquq və politologiya” adlı beynəlxalq elmi jurnalın birgə məhsuludur. Nəşrin baş məsləhətçisi institutun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadədir. Topluda ölkə alimləri və mütəxəssislərilə yanaşı Moldova, Ukrayna, Gürcüstan və Litvanın görkəmli alim və ictimai xadimlərinin də qeyd olunan mövzunun müxtəlif aspektlərinə həsr edilmiş məqalələri yer alıb.

Toplunun “Ön söz”ündə beynəlxalq əlaqələrin üç tərkib hissəsi – beynəlxalq hüquq, geosiyasət və ideologiya haqqında söhbət açaraq Aytən Mustafazadə müasir hüquq sistemi və onun inkişaf mərhələləri, “özünü müəyyənetmə” və “dövlətin suverenliyi, ərazi bütövlüyü” anlayışları arasında mövcüd olan ziddiyyətlər haqqında ətraflı danışır. Alim həmçinin, Dağlıq Qarabağ münaqişəsi və dünyanın müxtəlif ölkələrində baş qaldıran separatçılıq nəticəsində yaranan münaqişələrə də nəzər salır. Beynəlxalq hüquq sahəsində yaranan böhran və dünya üzrə münaqişələrin həllində mövcud olan çətinlikləri nəzərə alan institut direktoru bu mürəkkəb vəziyyətin müxtəlif ölkələrin alimləri və ictimai xadimləri tərəfindən müzakirə edilməsinin zəruri olduğunu vurğulayır.

“«Dondurulmuş münaqişələr» ərazilərində insan haqlarının təmin olunması” adlı məqaləsində Moldova İctimai Palatasının sədri, vəkil Aureliya Qriqoriu insan haqları sahəsində Avropa standartları, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlər, postsovet məkanında sözügedən sahədə mövcud olan problemlərdən bəhs edir. Müəllif həmçinin, Gürcüstan, Dağlıq Qarabağ və Dnestryanı münaqişələri zamanı çoxsaylı hüquq pozuntuları haqqında da ətraflı danışır. Tədqiqatlarına yekun vuraraq o, dünya birliyi, əsasən də BMT və ATƏT tərəfindən münaqişələrin həllinə yönəlmiş qəti addımların atılmadığını qeyd edir və münaqişələrin dondurulmasının bu ərazilərdə insan haqlarının təmin edilməsinə mənfi təsir göstərdiyini bildirir.

Regional baxımdan tarix elmləri doktoru Quram Marxuliyanın “Ermənistanın geosiyasətində Gürcüstan”, sosial elmlər doktoru Marina İzoriyanın “Abxaziya faciəsi və işğal edilmiş Abxaziyada erməni bayramları” və litvalı jurnalist Qintaras Visotskasın “Ehtiyatlı olun – Gürcüstanda erməni təxribatı” adlı məqalələri diqqəti cəlb edir. Samsxe-Cavaxeti regionunda erməni separatizmindən söhbət açan Quram Marxuliya erməni sərhədçiləri tərəfindən Gürcüstan-Ermənistan dövlət sərhədinin Gürcüstan tərəfə “çəkilməsi”, ölkə ictimaiyyətinin üzləşdiyi xalqlararası, həmçinin Gürcüstan və Azərbaycan arasında anlaşılmazlıqlar yaratmaq məqsədilə törədilən erməni təxribatları haqqında danışır, “sərhədlərin çəkilməsi” nəticəsində qanunsuz zəbt edilən torpaqların geri qaytarılması, Gürcüstan-Ermənistan dövlət sərhədinin demarkasiya və delimitasiyası, habelə Ermənistanın Gürcüstan ərazisində qanunsuz sahiblik etməsi nəticəsində ölkəyə dəyən ziyanın qiymətləndirilməsinə yönələn konkret təkliflər irəli sürür. Müəllif vurğulayır ki, “qeyd olunanlar həyata keçirilməsə Ermənistan öz separatçı fəaliyyətini Cavaxetiyə gətirmək məqsədilə Gürcüstan ərazisində təxribatlar törətməyə davam edəcək…”

1993-cü ildə Baqramyan adına batalyonun hərbi heyətinin Suxumidə törətdiyi vəhşiliklərdən bəhs edən Marina İzoriya hazırda ermənilərin yaşadığı və Yaştxua adlanan keçmiş Tavisupleba kəndindən qaça bilməyən gürcülərin hərbçilər tərəfindən qətlə yetirildiyi ərazidə 2019-cu ildə erməni məhsuldarlıq bayramı sayılan “Amşen”in keçirilməsi haqqında, erməni millətçilərinə həm Ermənistan rəhbərliyi, həm separatçı Abxaziyanın liderləri tərəfindən göstərilən dəstək, həmçinin Abxaziyanın Gürcüstanın tərkibində olduğu dövrdə dövlət səviyyəsində qorunan abxaz dilinin zamanla yox olmaq təhlükəsindən danışır. Müəllif qeyd edir ki, “abxaz dilinin də, abxaz etnosunun da yox olması Kremlə də, Abxaziyanın erməni “sahibləri”nə də sərf edir. Dil yoxdursa xalq da yoxdur”.

Məqaləsində 2019-cu il yanvarın 16-da baş tutan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris debatlarını təhlil edən Qintaras Visotskas Azərbaycanın münaqişənin həllinə dair konstruktiv danışıqlara hər zaman hazır olduğunu, Ermənistanın isə bu danışıqlara hələ də hazır olmadığını qeyd edir: “Yanvarın 16-dan sonra Ermənistan panikaya qərq olmağa başladı. Mətbuatda müqəddəs and kimi xatırlamalar səsləndirilir: Ermənistanın işğal olunan əraziləri tərk etmək haqqı yoxdur, Azərbaycan Dağlıq Qarabağ uğrunda müharibəni uduzması ilə barışmalı və dərhal Dağlıq Qarabağ Respublikasını müstəqil dövlət kimi tanımalıdır”. Ermənilərin öz cəmiyyətlərində Azərbaycan əleyhinə münasibət yaratdığını, sonra isə gileyləndiyini bildirən müəllif münaqişəni sülh yolu ilə həll etməyə can atan Azərbaycanın Ermənistanda millətçilik abu-havasının genişləndiyini müşahidə edərək məsələnin güc yolu ilə həll etmək məcburiyyətində olacağını vurğulayır. Bunu biz bu gün, 2020-ci ilin payızında görürük: erməni tərəfin təxribatları, işğal etdiyi Azərbaycan torpaqlarından çıxmaq istəməməsi, bu azmış kimi ünvanımıza səsləndirilən şovinistik lozunqlar, Şuşada inauqurasiya və rəqslər, baş nazirin həyat yoldaşının biz tərəfə tuşladığı Kalaşnikov avtomatı, Ermənistan rəhbərliyinin utanmadan insafsızcasına səsləndirdiyi çağırışlar – bütün bu amillər beynəlxalq hüquq tərəfindən qəbul olunan Azərbaycan ərazilərinin azad edilməsinə yönələn hərbi əməliyyatların başlanmasına gətirib çıxardı. Və bu vaxt biz nəyi müşahidə edirik? Ermənilərin Azərbaycanın “sülhpərvər Ermənistana” qarşı müharibə etməsi haqqında hayqırtıları bütün dünyanı bürüyüb…

Öz məqaləsində Qintaras Visotskas həmçinin, Gürcüstanda Azərbaycana qarşı xoşagəlməz meyllərin yaranmasına yönələn erməni təxribatlarından da bəhs edir. Məsələn, 2019-cu il yanvarın 20-də, yəni Azərbaycanda ümumxalq hüzn günü Axalkalaki rayonunun Cavaxeti bölgəsində hələ 1995-ci ildə ucaldılan erməni separatçısı və terrorçusu, Qarabağda dinc əhaliyə qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyanın büstünün bərpadan sonra təntənəli açılışı keçirilib. Mərasimdə Axalkalakinin meri, Gürcüstan parlamentinin millət vəkilləri, Ermənistanın Gürcüstandakı səfiri və digər rəsmi şəxslər iştirak edib. Nəticədə Azərbaycan Gürcüstana rəsmi etiraz notası təqdim edib, Tbilisidə separatçının büstünün sökülməsi tələbi ilə azərbaycanlıların mitinqləri keçirilib. Beləliklə, Gürcüstanın erməni icması növbəti dəfə ölkədaxili vəziyyəti gərginləşdirməyə, azərbaycanlılarla gürcülərin arasını vurmağa və iki ölkə arasında münasibətlərdə nifaq yaratmağa cəhd edib.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, erməni separatizmi yalnız Qarabağla kifayətlənmir. Zaman keçdikcə separatçılar ermənilərin yaşadıqları bütün torpaqlara öz iddialarını bildirməyə başlayır. Bu “fenomen” tarixçi və sosioloqlar, habelə psixoloq və antropoloqlar tərəfindən ciddi araşdırılmalıdır, çünki zaman keçir, amma artıq Ermənistan Respublikasının dövlət siyasətinə çevrilmiş separatizm və terrorçuluq siyasəti genişlənməyə davam edərək yalnız Cənubi Qafqaz regionu üçün deyil, digər ölkələr üçün də ciddi təhlükəyə çevrilir. Çox təəssüf ki, dünya birliyi bu iki anlayışın – erməni terrorizmi və erməni separatizminin nə qədər böyük təhlükə olduğunu sonadək dərk etmir.

(ardı var)

Nəzmin CƏFƏROVA, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

© Mənbə: www.science.az