Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Prezident İlham Əliyevə ad günü münasibətilə təbriklər


Bir sıra ölkələrin dövlət başçıları Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər.

“Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik etmək və ən xoş arzularımı bildirmək – xoşbəxtlik, cansağlığı və Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni uğurlar diləmək istərdim.
Sizinlə ünsiyyətdə olmağa həmişə şadam. Əlaqələrimizin və səmərəli birgə işimizin davam edəcəyinə ümidvaram”, – Rusiya Prezidenti Vladimir Putinin təbrik məktubunda deyilir.

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev İlham Əliyevə ünvanladığı təbrik məktubunda Qazaxıstan ilə Azərbaycan arasında etimada və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin iki ölkə xalqlarının rifahı və strateji tərəfdaşlığın möhkəmlənməsi naminə bundan sonra da fəal inkişaf edəcəyinə əminliyini bildirib.

“Sizin yorulmaz əməyiniz sayəsində qardaş Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanmışdır. Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, hər bir təşəbbüsünüzdə səmərəli nəticələr, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm”, – Nazarbayev qeyd edib.

Özbəkistan Prezidenti İslam Kərimov təbrik məktubunda bildirib ki, dost Azərbaycanın ictimai-siyasi həyatın bütün sahələrində, sosial-iqtisadi sahədə uğurlarına, habelə ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə Özbəkistanda ürəkdən sevinirlər.

“Bizim əyani şəkildə görüb yəqin etdiyimiz bu uğurlar Sizin adınızla, Sizin rəhbərliyiniz altında həyata keçirilən ardıcıl daxili və xarici siyasətlə ayrılmaz şəkildə bağlıdır. Bu yaxınlarda qonaqpərvər Bakıda Sizinlə görüşümüzü, mehribanlıq, etimad və qarşılıqlı anlaşma şəraitində keçən danışıqlarımızı xüsusi səmimiyyət və minnətdarlıqla xatırlayıram. Əminəm ki, əldə edilmiş razılaşmalar bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyi naminə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının durmadan möhkəmlənməsinin etibarlı əsası olacaqdır”, – Kərimovun məktubunda deyilir.

Türkmənistan Prezidenti Qurbanqulu Berdimühəmmədov da İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Doğum gününüz münasibətilə mənim səmimi təbriklərimi qəbul edin! Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, firavanlıq, səadət, dost Azərbaycan xalqı naminə bütün təşəbbüslərinizdə və istəklərinizdə uğurlar diləyirəm”, – Berdimühəmmədov məktubunda qeyd edib.

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev də azərbaycanlı həmkarını təbrik edib.

“Siz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini uğurla davam etdirirsiniz. Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında siyasi və iqtisadi inkişafda mühüm uğurlar qazanmış, islahatlar və dəyişikliklər, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi yolu ilə qətiyyətlə irəliləyir.
Əminəm ki, Sizin yüksək dövləti vəzifədə fəaliyyətiniz Qırğızıstan-Azərbaycan münasibətlərinin bundan sonra da hərtərəfli dərinləşməsinə və möhkəmlənməsinə şərait yaradacaqdır. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bütün niyyət və istəklərimizin uğurla həyata keçməsini, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq diləyirəm”, – Atambayevin təbrik məktubunda qeyd edilir.

“Hörmətli İlham Heydər oğlu! Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, firavanlıq və məsul dövləti fəaliyyətinizdə bol-bol uğurlar diləyirəm.

Ölkənizin həyat fəaliyyətinin bütün sahələrində daha böyük tərəqqi əldə edilməsinə, onun beynəlxalq nüfuzunun möhkəmlənməsinə yönəlmiş səyləriniz Sizə haqlı olaraq nüfuz və hörmət qazandırmışdır.

İnanıram ki, Ukrayna ilə Azərbaycan Respublikası arasında ənənəvi qarşılıqlı anlaşma və etimad ab-havası strateji tərəfdaşlığın həm ikitərəfli, həm də regional miqyaslı yeni, qarşılıqlı faydalı layihələrlə zənginləşdirilməsi məqsədilə bu tərəfdaşlığın bundan sonra da dərinləşməsi prosesinə imkan verəcəkdir”, – Ukraynanın Prezidenti Viktor Yanukoviçin təbrik məktubunda deyilir.

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn də Prezident İlham Əliyevi təbrik edib: “Doğum gününüz münasibətilə Sizə böyük məmnuniyyətlə təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə xoşbəxtlik, rifah, gələcək fəaliyyətinizdə daha böyük uğurlar diləyirəm”.

Dekabrın 24-də Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Mixeil Saakaşvili Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı təbrikə və diqqətə görə Mixeil Saakaşviliyə minnətdarlığını bildirib.

“Hörmətli İlham Heydər oğlu! Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizin rəhbərliyinizlə dost Azərbaycan sosial-iqtisadi inkişafda sanballı uğurlar qazanmış, regional və beynəlxalq aləmdə öz mövqelərini xeyli möhkəmlətmişdir.

Biz Tacikistan-Azərbaycan münasibətlərinin möhkəmlənməsi işinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. İnanıram ki, birgə səylərimiz sayəsində Tacikistan və Azərbaycan xalqlarının mənafeləri naminə ölkələrimizin əməkdaşlığını bundan sonra da kompleks şəkildə inkişaf etdirəcəyik.

Hörmətli İlham Heydər oğlu, həyatınızın bu əlamətdar günündə Sizə möhkəm cansağlığı, ailə səadəti və firavanlıq, dost Azərbaycan xalqının naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”, – Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təbrikində bildirilir.

Moldova Respublikasının Prezidenti Nikolaye Timofti də dövlətimizin başçısını təbrik edib: “Hörmətli İlham Heydər oğlu! Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi, Sizə uzun ömür və ali dövləti vəzifənizdə uğurlar diləyimi qəbul edin.

İnanıram ki, Sizin məqsədyönlü və çoxşaxəli fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının firavanlığına, onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə və Azərbaycan xalqının rifahının yüksəlməsinə xidmət edəcəkdir.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri qərarlaşmış qarşılıqlı faydalı əməkdaşlıq və tarixən yaranmış humanitar əlaqələr ruhunda bundan sonra da dinamik inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizin doğmalarınıza və yaxınlarınıza bir daha möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyim”.

“Doğum gününüz münasibətilə mənim səmimi təbriklərimi qəbul edin. Sizə xas olan böyük fədakarlıq, geniş təfəkkür, yüksək peşəkarlıq Azərbaycan Respublikasının qarşısında duran mürəkkəb məsələləri həll etməyə imkan verir.

Əmin olduğumu bildirirəm ki, xalqlarımızı bir-birinə bağlayan, zəngin həyat təcrübəsinə əsaslanan dostluq, mehriban qonşuluq və əməkdaşlıq ənənələri bundan sonra da yalnız möhkəmlənəcək və inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan xalqı naminə çoxşaxəli və məsul fəaliyyətinizdə yeni uğurlar diləyirəm”, – Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov təbrik məktubunda bildirib.

Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Abdullah Gül Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı təbrikə və diqqətə görə Abdullah Gülə minnətdarlığını bildirib.

Prezidentlər ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

“Hörmətli İlham Heydər oğlu! Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz istedadlı və əzmkar bir rəhbər kimi Azərbaycan Respublikasının Prezidenti vəzifəsində işlədiyiniz illər ərzində ölkənizin firavanlığı və çiçəklənməsi, dünya siyasi arenasında onun nüfuzunun və təsirinin möhkəmlənməsi üçün çox iş görmüsünüz.

Şəxsən Sizin bizim şəhərə və Azərbaycan ilə Sankt-Peterburq arasında əməkdaşlığın inkişafına göstərdiyiniz xüsusi diqqəti yüksək qiymətləndirirəm. Əminəm ki, Sizin fəal dəstəyiniz sayəsində Azərbaycan ilə Sankt-Peterburq arasında qarşılıqlı faydalı işgüzar, elmi, mədəni və humanitar əlaqələrin uğurlu inkişafı xalqlarımız naminə davam edəcəkdir.

Şübhə etmirəm ki, Azərbaycan ilə Sankt-Peterburq arasında Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti sayəsində bu əlaqələrin inkişafı üçün yeni mühüm addımlar atılacaqdır. Sizə möhkəm cansağlığı, firavanlıq, bütün planlarınızın gercəkləşməsini və doğma ölkəniz naminə fəaliyyətinizdə yeni uğurlar diləyirəm”, – Sankt-Peterburq qubernatoru Georgi Poltavçenkonun
təbrikində deyilir.

Dekabrın 24-də İordaniya Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Kral II Abdullah ad günü münasibətilə dövlətimizin başçısını təbrik edib, ali dövləti fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev təbrikə və diqqətə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev də dövlətimizin başçısını təbrik edib.

“Hörmətli İlham Heydər oğlu! Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi təbrikləri qəbul edin. Sizə xas olan uzaqgörən siyasi xadimin parlaq keyfiyyətləri, perspektivli məqsəd və vəzifələrin müəyyən edilməsində genişmiqyaslı təfəkkür, onlara nail olmaq əzmi Sizin Azərbaycan Respublikasının Prezidenti kimi yüksək dövlət vəzifəsində uğurlu işinizi şərtləndirmişdir.

Sizin rəhbərliyiniz altında həyata keçirilən strateji fəaliyyət xətti Azərbaycanın beynəlxalq arenada nüfuzunun və rolunun durmadan artmasına şərait yaradır. İnanıram ki, Sizin topladığınız zəngin dövlətçilik və siyasi fəaliyyət təcrübəsi bundan sonra da Azərbaycan Respublikasının dinamik inkişafına xidmət edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək MDB çərçivəsində bizim səmərəli əməkdaşlığımıza görə səmimi minnətdarlığımı ifadə edir, əmin olduğumu bildirirəm ki, bu əməkdaşlıq bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək, əldə olunmuş razılaşmaların gerçəkləşməsi qarşılıqlı faydalı dövlətlərarası tərəfdaşlığın real məzmun qazanmasına şərait yaradacaqdır. Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”, – təbrikdə qeyd olunur.

Dekabrın 24-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin Baş nazirinə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq münasibətlərinin gələcəkdə də dinamik şəkildə inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

“Hörmətli İlham Heydər oğlu! Doğum gününüz münasibətilə ən səmimi, ürəkdən gələn təbriklərimi qəbul edin.

İqtisadi cəhətdən çiçəklənən Azərbaycanın daha da inkişaf etməsinə yönəlmiş fədakar əməyiniz Sizə haqlı olaraq həm doğma ölkənizdə, həm də onun hüdudlarından çox-çox uzaqlarda hörmət qazandırmışdır. Bu gün Azərbaycan Respublikası sosial-iqtisadi inkişafda sanballı uğurlar nümayiş etdirir, beynəlxalq aləmdə öz nüfuzunu ardıcıl olaraq möhkəmləndirir. Strateji xarakteri bizim müntəzəm, məzmunlu əlaqələrimizlə təsdiqlənən Belarus-Azərbaycan tərəfdaşlığının inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında ikitərəfli qarşılıqlı əlaqələr bundan sonra da səmərəli surətdə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram”, – Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko təbrik məktubunda bildirib.

Gürcüstanın Baş naziri Bidzina İvanişvili də Prezident İlham Əliyevi təbrik edib.

“Zati-aliləri, icazə verin doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırım, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün səylərinizdə ən böyük uğurlar arzulayım.

Gürcüstan ilə Azərbaycan Respublikası bir-birinə dərin tarixi tellərlə bağlıdır, münasibətlərimiz dostluğa, hörmətə və qarşılıqlı dəstəyə əsaslanır. Mən Gürcüstanın yeni Baş naziri kimi əminəm ki, birgə səylərimizlə əlaqələrimizə yeni təkan verəcəyik və ölkələrimiz arasında strateji tərəfdaşlıq xalqlarımızın tərəqqisinə və rifahına, regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verməklə keyfiyyətcə daha yüksək səviyyəyə qalxacaqdır.

Dekabrın 26-da Bakıda keçirəcəyimiz ilk görüşü çox böyük səbirsizliklə gözləyirəm. Bu fürsətdən istifadə edərək münasib bildiyiniz vaxtda Sizi Tbilisiyə dəvət etmək istərdim. Zati-aliləri, bu düşüncələrimlə icazə verin ən yüksək ehtiramımı Sizə çatdırım”, – təbrikdə deyilir.

Kabardin-Balkar Respublikasının rəhbəri Arsen Kanokovdan: “Hörmətli İlham Heydər oğlu! Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi, möhkəm cansağlığı və firavanlıq, Azərbaycan Respublikasının və Müstəqil Dövlətlər Birliyinin rifahı naminə uzun illər boyu səmərəli fəaliyyət arzularımı qəbul edin”.

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Sergey Narışkin də Prezident İlham Əliyevi təbrik edib.

“Hörmətli İlham Heydər oğlu! Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, Sizin böyük təşkilatçılıq istedadınız, böyük dövlət xadimi təcrübəniz hələ uzun illər boyu Azərbaycan xalqının rifahı naminə dost ölkələrimiz arasında çoxtərəfli əlaqələrin və strateji tərəfdaşlığın inkişafına xidmət edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, yüksək və məsul vəzifənizdə yeni uğurlar arzulayıram”, – təbrikdə deyilir.

“Hörmətli İlham Heydər oğlu! Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Siz bütün qüvvənizi, təcrübənizi və biliklərinizi xalqın rifahına sərf edərək planlarınızı bacarıqla real işlərə çevirirsiniz. Sizin yüksək peşəkarlığınız, məqsədyönlü işiniz çox cəhətdən ölkənin sosial-iqtisadi inkişafına, onun sakinlərinin həyat səviyyəsinin və rifahının yüksəldilməsinə şərait yaradır. Sizin həyat yolunuz, dövlətinizin mənafelərinə sədaqətiniz, fəal həyat mövqeyiniz Azərbaycana təmənnnasız xidmətin parlaq nümunəsidir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, bütün işlərinizdə və təşəbbüslərinizdə yeni uğurlar diləyirəm”, – İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov təbrik məktubunda bildirib.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən: “Çox hörmətli İlham Heydər oğlu! İcazə verin, doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edim və Sizə ən səmimi hörmətimi bildirim! Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, Azərbaycan xalqının rifahı naminə yeni uğurlar diləyirəm.

Möhtərəm İlham Heydər oğlu, fürsətdən istifadə edib Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında qarşılıqlı dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın uğurlu inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə, bu inkişafa şəxsi töhfənizə görə Sizə təşəkkür edirəm. Ürəkdən inanıram ki, aramızda yaranmış qarşılıqlı faydalı münasibətlər bundan sonra da uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizi bir daha ürəkdən təbrik edirəm, Sizə və yaxınlarınıza xoşbəxtlik, uğurlar, tükənməz optimizm və uzun ömür arzulayıram”.

Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Taymuraz Mamsurov dövlətimizin başçısına təbrik məktubu ünvanlayıb.

“Hörmətli cənab Prezident! Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Biz dostluğumuzu yüksək qiymətləndiririk və aramızdakı əməkdaşlığın və çoxtərəfli əlaqələrin möhkəmlənməsinə yönəlmiş bütün təşəbbüsləri bundan sonra da dəstəkləyəcəyik. Rusiya və Qafqaz xalqları sülhə can atır. Bu, təkcə bizim regionun deyil, bütün planetin uğurlu inkişafının əsasıdır.

Sizə səmimi qəlbdən cansağlığı, ailənizə firavanlıq, günəşli Azərbaycana isə daha da çiçəklənmə arzu edirəm”.

Dərbənd Rayonu Administrasiyasının başçısı Qurban Qurbanovdan: “Çox hörmətli İlham Heydər oğlu! Doğum gününüz münasibətilə Dağıstan Respublikasında yaşayan azərbaycanlılar adından səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. İcazə verin, fürsətdən istifadə edib Azərbaycan ilə Dağıstan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş çoxşaxəli fəaliyyətinizə, bizə, Dağıstanda yaşayan azərbaycanlılara göstərdiyiniz dəstək və diqqətə görə Sizə dərin təşəkkürümüzü bildirim.

Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı və doğma Azərbaycanın firavanlığı naminə yeni uğurlar diləyirik”.

© Mənbə: www.az.trend.az

Faydalı linklər