Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Qrossmeyster Teymur Rəcəbov xalqımıza yeni ilin ilk qələbə sevincini yaşatdı


Xalqımıza yeni ildə ilk qələbə sevincini qrossmeyster Teymur Rəcəbov yaşatdı. “Airthings Masters” turnirinin final görüşünü Azərbaycanda böyükdən-kiçiyədək hamı böyük maraq və həyəcanla izləyirdi. Hətta idmanla, şahmatla maraqlanmayanlar belə, Teymur Rəcəbov-Levon Aronyan matçına diqqət kəsilmişdi. Nəhayət, xoş xəbər gəldi. Şahmatçımız erməni rəqibinə heç bir şans verməyərək onu 2:0 hesabı ilə məğlub etdi.

AZƏRTAC bu parlaq qələbə ilə bağlı bəzi diqqət çəkən məqamlara və şahmatçımızın idman karyerasına nəzər salır.

Teymur Rəcəbovla Ermənistan təmsilçisi arasında keçirilən final oyununun Azərbaycan Ordusunun Qarabağ Zəfərindən sonraya təsadüf etməsi onun adi bir şahmat matçı olmadığını göstərirdi. Oyunun gedişində sosial şəbəkələrdə ardı-arası kəsilməyən mesajlar, rəylər və müzakirələr dünyanın müxtəlif guşələrində bu qarşılaşmaya olan böyük maraqdan xəbər verirdi.

Bunun adi qələbə olmadığını belə bir faktdan da aydın görmək olar. Final oyunu saat 21:00 radələrində başa çatdı. Bundan bir neçə saat sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qrossmeyster Teymur Rəcəbovu parlaq qələbə münasibətilə təbrik etdilər. Təbrikdə deyilirdi: Əziz Teymur, sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun, eyni zamanda, xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.

İdmanı siyasiləşdirmək istəməsək də, fakt faktlığında qalır. Şahmat taxtası arxasında əyləşmiş Teymur Rəcəbov qalib xalqın, onun rəqibi Levon Aronyan məğlub Ermənistanın təmsilçisi idi. Bu, şahmatçıların psixoloji durumuna öz təsirini göstərməyə bilməzdi. Emosional insan olan Rəcəbov hisslərini cilovlamağı bacardı və gözəl oyun nümayiş etdirdi. Tanınmış şahmatçı, niderlandlı Aniş Giri də bunu etiraf edərək, Teymuru qəhrəman adlandırdı.

Emosiyalar özünü oyun başa çatdıqda büruzə verdi. Teymur ona qələbə qazandıran axırıncı gedişini edib, əlləri ilə üzünü örtsə də, göz yaşlarını hamımız gördük. Xalq yazıçısı, akademik Kamal Abdulla həmin təsirli məqamı belə təsvir edir: “Sonuncu oyun başa çatdıqda o, göz yaşını saxlaya bilmədi. Bütün dünyanın gözü qarşısında o, əlləri ilə üzünü tutdu və gözləri doldu. Bu zaman biz – bu oyunu böyük gərginliklə izləyənlər hamımız qəhərləndik. Biz hamımız qəlbimizdə hönkürdük. Bu hönkürtü Prezidentimizin bizi inamla apardığı qələbə riqqətindən, qələbə sevincindən doğmuşdu”.

Bəs, şahmat mütəxəssisləri nə deyirlər?

Azərbaycan Şahmat Federasiyasının və FIDE-nin vitse-prezidenti Mahir Məmmədov: “Final görüşünün hər iki günündə Teymur özünü yüksək səviyyədə göstərdi, bütün partiyalarda vəziyyətə nəzarəti özündə saxladı. İkinci günün birinci partiyası hər iki şahmatçı üçün şanslar və taktiki imkanlarla zəngin idi. Bu mübarizədən Teymur layiqincə çıxdı. Nəticədə “daimi şah” alındı. Bu, artıq Teymurun mənəvi qələbəsi idi. İkinci partiya nəzəri heç-heçə vəziyyətində olsa belə, Teymur Rəcəbov incə nüanslarla Levon Aronyanı qaçılmaz məğlubiyyət qarşısında qoydu”.

Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov: “Teymurun keçirdiyi final matçlarını ilin ən yaxşı oyunlarından biri hesab etmək olar, ümumiyyətlə isə bu, Teymurun tərcümeyi-halında ən yüksək qələbələrdən biridir. Prezident İlham Əliyev gənclərlə görüşündə dəfələrlə xalqımızın həm fiziki, həm də intellektual cəhətdən daha güclü olduğunu qeyd edib. Teymur Rəcəbov bu fikirləri gözəl oyunu ilə bir daha təsdiqlədi”.

Qrossmeyster Şəhriyar Məmmədyarov: “Bu il bizim ilimizdir. Təbrik edirəm, Teymur. Uğurlarının davamı gəlsin”.

Hələ yeniyetməlik çağlarından dünya şahmat arenasına çıxan Teymur Rəcəbovun uğurlu karyerasının şahmatsevərlər tərəfindən maraqla izlənməsi təsadüfi deyil. O, 14 yaşında şahmat tarixində ən gənc ikinci qrossmeyster adını qazanıb. İki il sonra, 16 yaşında dünya çempionu Harri Kasparovu məğlub edib. Həmin il keçmiş dünya çempionları Vişvanatan Anand və Ruslan Ponomaryov üzərində qələbə qazanıb və bu nəticələrlə bir ildə üç FIDE dünya çempionunu məğlub edən yeganə şahmat ustası kimi tarixə düşüb. Əldə etdiyi 2793 reytinq xalı ilə 2012-ci ildə dünyanın ən güclü şahmatçıları arasında dördüncü sırada yer alıb.

İstedadlı qrossmeysterimiz iki dəfə – 2011 və 2013-cü illərdə iddiaçılar turnirində mübarizə aparıb. Azərbaycan komandasının heyətində 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu olub. 2019-cu ildə Azərbaycan şahmat tarixində ilk dəfə olaraq dünya kubokunu qazanıb.

Qarşıda Teymur Rəcəbovu yeni yarışlar, mötəbər beynəlxalq turnirlər gözləyir. Əminik ki, o, bizə yeni-yeni qələbə sevincləri yaşadacaq.

Faydalı linklər