Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xocalı – əsrin faciəsi


Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati sərhədləri daxilində, Ağdam-Şuşa-Xankəndi- Əskəran yolunun üzərində və regionun yeganə hava limanının yaxınlığında yerləşən Azərbaycan şəhəri idi. Regionun yeganə mülki hava limanı burada yerləşdiyindən şəhər nəqliyyat-kommunikasiya baxımdan xüsusi əhəmiyyətə malik idi. Məhz buna görə Dağlıq Qarabağ münaqişəsi başlamazdan öncə Xocalı şəhər qaçqınların pənah getirdiyi yerə çevrilmişdir.

1992-ci il fevralin 25dən- 26 – na  keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatici alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini ələ keçirmişdir. Xocalının azərbaycanlı əhalisinə qarşı misli görülməmiş soyqırım törədilmişdir. Xocalı Soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər özü yerlə-yeksan edilmişdir.

Ermənistan silahlı qüvvələri və xarici hərbi birləşmələr Xocalıdan və ətraf yerlərdən çıxa bilməmiş insanların demək olar ki, hamısını vəhşicəsinə qətlə yetirmişlər. Bunun nəticəsində 613 nəfər, 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Qətlə yetirilənlərdən 56 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş, onların başları kəsilmiş, gözləri çıxarılmış, diri-diri yandırılmış, hamilə qadınların qarnı süngü ilə deşilmişdir.

Ermənistan rəsmiləri münaqişə zamanı törətdikləri cinayətlərə, o cümlədən Xocalı əhalisinə qarşı törətdikləri vəhşiliklərə görə məsuliyyəti inkar edir, faktarı saxtalaşdırir öz mülahizələrinə uyğunlaşdırırlar. Onların bu yanaşması nəinki reallıqdan uzaq, həmçinin sadə məntiq qaydalarına ziddir. Bütün bunlara baxmayaraq, ən kəskin təbliğat belə real vəziyyəti əks etdirən faktları inkar etməyə və Ermənistan tərəfinin təqdim etdiyi reallıqdan uzaq yanaşmanı qəbul etməyə imkan verməyəcəkdir.

XX əsrin sonunda törədilmiş bu faciə sadəcə Azərbaycan əhalisinə qarşı törədilməmiş, bu, insanlıq əleyhinə törədilmiş ən qanlı cinayətlərdən biridir. Beynəlxalq konvensiyalar, universal qanunlar, Xocalı faciəsi kimi faciələri dəfələrlə pisləmiş və onların qəbulolunmaz olduğunu bildirmişdir. Ermənistan Respublikası tərəfindən Xocalıda törədilmiş bu insanlıq əleyhinə cinayətə beynəlxalq siyasi və hüquqi qiymət verilməsi üçün Azərbaycan bir çox beynəlxalq təşkilatlar və dünya ölkələrinin parlamentlərində qətiyyətli addımlar atmışdır.

Bu gün Azərbaycan bayrağı 30 ildən sonra işğaldan azad olunan torpaqlarda dalğalanır. İk növbədə Azərbaycan Respublikasının Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük möhtəşəm zəfər yürüşünü həyata keçirən, öz torpaqlarının bir qarışını da Ermənistana güzəştə getməyən şanlı  Azərbaycan Ordusunun rəşadəti, şəhidlərimizin və qazilərimizin müqəddəs qanı bahasına başa gəldi.  Ölkəmizin qazandığı bu qələbə Azərbaycan tarixinin ən parlaq səhifələri kimi milli yaddaşımıza əbədi olaraq həkk olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.