Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz…” Nizami Gəncəvi


Elm həqiqəti öyrənir, həyatın qanunauyğunluqlarını, təbiətin sirlərini bir-birinin ardınca kəşf edir. Elm həmdə dünyaya sistemli baxışdır, insanı yüksəldən mənəvi uçalıqdır. İnsan yalnız elmi bacarığı ilə başqalarından fərqlənə, onlara nisbətən üstün mövqeyə malik ola bilər.

Martın 27-si Azərbaycanda  “Elm günü” kimi qeyd edilir. Bu tədbir elmlə məşğul olan hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır.

Qədim tarixi və böyük ənənələri olan Azərbaycan elmi bu gün ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib. Milli dövlətçilik maraqları əsasında inkişaf etdirilən elm ölkəmizdə daha işıqlı sabahların yaradılmasına yeni güc və qüvvət verir.

2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.  1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə xalqımız elm sahəsində daha böyük uğurlar əldə etməyə nail olub. Akademiyanın keçdiyi çətin və şərəfli yol elmimizin inkişafının böyük bir tarixi mərhələsi olmaqla yanaşı, ölkəmizin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elmi-ictimai hərəkatın, mədəni-texniki proseslərin də mühüm bir göstəricisidir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. Ulu Öndərin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib.

Müstəqillik illərində Azərbaycanda elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir. Nəticədə AMEA-nın strukturu, idarəetmə və təşkilati sistemi əsaslı olaraq təkmilləşdirilib, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün mühüm işlər görülüb.

Həmçinin  ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına, dünyada nüfuzunun artmasına adekvat olaraq beynəlxalq elmi əlaqələr sahəsində də xeyli uğurlar qazanılıb. Alimlərimiz beynəlxalq elmi qurultay, konfrans və simpoziumlarda elm və texnikanın aktual problemlərinə dair məruzələrlə çıxış edirlər.

Elmi fəaliyyət sahəsində hüquqi islahatların ən böyük uğuru Milli Məclisin 2016-cı il iyunun 14-də qəbul etdiyi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli Fərmanı ilə ölkədə tətbiq olunan “Elm haqqında” Azərbaycan Respublikası Qanunudur. Bu sənəd müstəqil dövlətimizin elm siyasətinin əsaslarını təşkil edir.

Azərbaycan Milli Elmlər Akademiyası bir çox nüfuzlu beynəlxalq elmi təşkilatların üzvüdür, onun əməkdaşları MDB ölkələri, ABŞ, Yaponiya, İsrail, İsveçrə, İngiltərə, Almaniya, Pakistan, Türkiyə, İran və başqa dövlətlərin aparıcı elm və təhsil müəssisələri ilə birgə proqram çərçivəsində tədqiqatlar aparır, kadr və informasiya mübadilələrində iştirak edirlər.

Müstəqillik dövründə Azərbaycanda yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində də mühüm nailiyyətlər qazanılıb. Ölkənin elm və ali təhsil müəssisələrində demək olar ki, elmin bütün sahələri üzrə dissertasiya şuralarında elmi dərəcələrə malik yüksəkixtisaslı mütəxəssislər hazırlanır.

Dövlətimizin ideoloji əsaslarını təşkil edən azərbaycançılıq məfkurəsi ölkəmizdə elmi fəaliyyətin də istiqamətlərini və hədəflərini müəyyənləşdirir. Azərbaycan elmi müstəqil dövlətçiliyin yaratdığı geniş imkanların işığında irəliyə doğru inkişaf edir və ölkəmizin müasir inkişafına töhfələr verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər