Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Gənclərin vətənpərlik ruhunda böyüməsində Azərbaycan Prezidentinin müstəsna xidmətləri var


Ötən il sentyabrın 27-dən noyabrın 9-dək rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları ilə əldə edilən parlaq qələbə nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin edildi. Hazırda respublikamızın qarşısında duran ən ümdə məsələ bu zəfərin əbədiləşdirilməsi üçün doğma torpaqlarından 30 ilə yaxın bir müddətdə didərgin salınan insanların öz yerlərinə qayıdışını təmin etməkdir.

Bunu AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

E.Bağırov vurğulayıb ki, “Böyük Qayıdış” strategiyası vətəndaşlarımızın işğaldan azad edilən torpaqlarda dayanıqlı məskunlaşmasını və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını reallaşdıracaq. Bununla bərabər Azərbaycanın regionda beynəlxalq nəqliyyat-logistika dəhlizinin respublikamızın qlobal bazarlara çıxış imkanlarının artırılmasına, faşistlərdən təmizlənən xaraba torpaqlar­da həyatın canlanmasına əhəmiyyətli təkan verəcək.

Hazırda, ilk növbədə, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün ərazilər minalardan təmizlənir. Erməni vandal­larına qarşı beynəlxalq səviyyədə təzminat da­vasının açılması üçün onların vurduqları ziyanın qiymətləndirilməsi reallaşdırılır. Bütün bunlarla bərabər, lazımi inventarlaşdırma, pasportlaşdır­ma işləri aparılır. Magistral və dəmir yollarının çəkilişi, energetika sisteminin yenidən qurulma­sı, digər infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılır.

Kənd təsərrüfatı və texnologiya sahələrində böyük potensialın olduğunu nəzərə alaraq, azad olunmuş ərazilərdə aqrar sektorun inkişafına və “ağıllı” kənd və şəhərlərin salınmasına da mühüm əhəmiyyət verilir. Azərbaycan Prezidenti İlham Əliyevin “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında 19 aprel 2021-ci il tarixli sərəncam imzalaması da bunun bariz ifadəsidir.

E.Bağırov daha sonra bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Meh­riban Əliyeva, qızları Leyla Əliyeva aprelin 26-da Zəngilanda olarkən, dövlətimizin başçısı rayonun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoyub. Bu münasibətlə keçirilən mərasimdə “Huayvey-Azərbaycan” şirkətinin baş meneceri dövlətimizin başçısına “Ağıllı kənd” rəqəmsal texnologiyasını təqdim edib. Adı çəkilən şirkətin nümayəndəsi Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasının istifadə olunacağını, bu texnologiyanın fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısalda biləcəyini, beləliklə, şəbəkənin qurulmasını sürətləndirə və xərclərə qənaət edəcəyini, eyni zamanda, “ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq, “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini reallaşdı­racağını vurğulayıb”.

E.Bağırovun sözlərinə görə, keçmiş məcburi köçkünlər üçün bu cür “ağıllı kəndlər” yaradılmasa belə onlar adi, əvvəlki qaydada bərpa olunan yurd yerlərinə həvəslə, sevinc hissi ilə dönməyə hazırdırlar. Çünki hər bir azərbycanlıda, xüsusilə dogma torpaqlarında illərlə didərgin düşən soydaşlarımızda Vətənə bağlılıq son dərəcə güclüdür. Gənclərin də belə duyğu ilə yaşamaları hamımızda iftixar, qürur hissi doğurur. Sevindirici haldır ki, qəlbində güc­lü Vətən sevgisi olan belə bir gənc nəsil tərbiyə edilib yetişdirilməsində möhtərəm Prezidentimiz İlham Əliyevin müstəsna xidmətləri danılmazdır. Çünki dövlətimizin başçısının vurğuladığı kimi, bu yerləri görməyən hər bir gənc böyüyəndən sonra dogma torpağına qayıtmaq, burada qurub-yaratmaq istəyi ilə tərbiyə olunub, boya-başa çatdırılıb. Ermənilər isə əksini düşünür, Azərbaycanın gənc nəslinin onların xaraba qoyduqları torpaqlara qayıtmayacaqlarını fikirləşirdilər. Lakin zaman düşmənin səhv dü­şündüyünü, əyri yolda olduğunu sübuta yetirdi.

xalqqazeti.com

Faydalı linklər