Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Humanizmin, xeyirxahlığın və nəcib əməllərin ucalığında…


Mehriban xanım Əliyevanın dövlət, xalq naminə gördüyü işlərin miqyasını gözlərimiz önündə canlandıranda, bu Azərbaycan qadınının hansı zəka, məharət və enerji sahibi olduğunu aydın görə bilirik.  Onun Vətən naminə atdığı ciddi addımlar, həyata keçirdiyi müxtəlif təyinatlı ictimai-mədəni tədbirlər xalqımızın yüksəlişinə, müstəqil dövlətimizin möhkəmlənməsinə, Azərbaycanın dünya birliyində layiqli yer tutmasına xidmət etməkdədir.
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti istər ölkə daxilində, istərsə də xaricində cəmiyyətin ayrı-ayrı sahələrinə dair müxtəlif məsələlər barədə qəti mövqe bildirir, cəmiyyətin üzləşdiyi çətinliklərin aradan qaldırılmasında fəal iştirak edir. Ölkənin birinci xanımının ardıcıl gerçəkləşdirdiyi çoxsaylı, davamlı layihələr ona nəcib, xeyirxah, faydalı əməllər sahibi kimi böyük nüfuz qazandırır.
Çoxsahəli sosial-mədəni quruculuq fəaliyyəti və səmərəli humanitar layihələri Azərbaycanın Birinci vitse-prezidentinin ölkənin ictimai-siyasi həyatında nufuzunu nə qədər yüksəltmişdirsə, BMT-nin mötəbər təşkilatı olan UNESCO-nun xoşməramlı səfiri kimi yorulmaz işi də onu mədəniyyət sahəsində çevik diplomat kimi tanıdıb və dünyada məşhurlaşdırıb.
Bəs son dərəcə geniş ictimai-siyasi fəaliyyəti ilə Azərbaycanda milli-mənəvi varlığımızın yaşadılmasına və zənginləşdirilməsinə, humanist dəyərlərin qorunmasına, güclənməsinə layiqli, dəyərli töhfələr verən Mehriban xanım Əliyeva belə bir bəşəri zirvəyə necə yüksələ, yüzlərlə, minlərlə insan sevgisini necə qazana bilib? Sualın cavabı çox sadədir: Ona xarakterində ifadəsini əks etdirən humanizm, xeyirxahlıq, həssaslıq, qayğıkeşlik irsən keçib və bu keyfiyyətlər böyüyüb tərbiyə aldığı mühitdə formalaşıb. Bu fikri bir qədər də sadələşdirib deyə bilərəm ki, Mehriban xanım öz ideallarına, mənəvi dəyərlərə, milli ənənələrə sadiq qalan Azərbaycan ziyalılarının əhatəsində böyüyüb, tərbiyə alıb. Birinci vitse-prezident müsahibələrinin birində bu barədə deyib: “Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə–bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur”.
Mehriban xanım Əliyevanın ictimai-siyasi və dövlət xadimi kimi nüfuz qazanmasında ulu öndərimiz Heydər Əliyevin isə müstəsna rolu olub. Məhz elə buna görə də Birinci vitse-prezident yazılarının birində “Bu nəhəng şəxsiyyətə hədsiz ehtiram, heyranlıq, pərəstiş və sevgi hissini ömrümün sonunadək yaşadacağam. Heydər Əliyev güc və qüdrət, hədsiz intellekt, mətin iradə, yüksək əxlaq və ləyaqət, sonsuz vətənpərvərlik, doğma torpağa və xalqa məhəbbət rəmzidir. O, əlçatmaz ideal və mənim həyatımda əsas Müəllimdir”, -deyə bildirib.
Mehriban xanım Əliyeva daha sonra həyat yoldaşı Prezident İlham Əliyev barədə fikirlərini diqqətə çatdıraraq, Azərbaycanın qüdrətli, uğurla inkişaf edən, bütün dünyada nüfuz qazanan və bizim – müstəqil Azərbaycan vətəndaşlarının haqlı olaraq qürur duyduğu bir ölkə olması istiqamətində dövlətimizin başçısının bütün nailiyyətləri öz xalqına təmənnasız sevgi və sədaqətinə əsaslandığını vurğulaylb. Eyni zamanda, ölkə rəhbərinin başlıca missiyasının hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaq olduğunu qeyd edib.
Bax, belə bir mühitdə dünyagörüşü formalaşan, milli-mədəni düşüncəsi zənginləşən Mehriban xanım Əliyeva bütün fəaliyyəti dövründə gənc müstəqil dövlətimizin mədəni quruculuğunda yaxından iştirak edib və xalqımızın qədim mədəniyyətini dünyada tanıtmaq üçün Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradıb. Bununla da milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, xalqımızın dünya mədəniyyətinə inteqrasiyası, yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin gerçəkləşməsində önəmli uğurlara imza atıb.
Mehriban xanım bütün bunlarla bərabər, qayğıya ehtiyacı olan uşaqlara diqqət yetirməklə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına dəstək göstərməklə mənsub olduğu xalqın mənəvi zənginliyini dünyaya nümayiş etdirib. Eyni zamanda, bunu-xalqımızın mənəvi zənginliyini, milli mədəniyyətini bəşəri mədəni dəyərlərlə qovuşdurub, nəticədə beynəlxalq aləmdə    humanist insan, mədəniyyət hamisi kimi tanınıb, böyük nüfuz qazanlb. Azərbaycanın birinci xanımının UNESCO və İSESCO kimi nüfuzlu beynəlxalq humanitar qurumların xoşməramlı səfiri seçilməsinə gedən yol da məhz onun bu nəcib, milli və ümumbəşəri hədəfləri qovuşduran fəaliyyətindən başlanıb.
Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondu uzun illər ərzində ulu öndərin xatirəsinin əbədiləşdirilməsi, dövlətçilik yolunun davam etdirilməsi istiqamətində gerçəkləşdirdiyi layihələrlə dahi şəxsiyyətin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayıb, bununla müasir cəmiyyət quruculuğunun inkişafını şərtləndirib, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələin tərəqqisinə töhfələr verməklə, ölkənin sosial-iqtisadi inkişafını sürətləndirib.
Mehriban xanım Əliyeva haqqında bəhs edərkən, mühüm bir məsələni də xatırlatmaq istərdim. O, Milli Məclisin deputatı kimi son dərəcə səmərəli fəaliyyət göstərdiyi illər ərzində əsl peşəkarlıq, siyasi yetkinlik nümayiş etdirməklə, seçicilərin etimadını qazanıb, bu platformada xalqına olan sevgisini nəzərə çarpdıra bilib, əzmkarlığı, təşəbbüskarlığı ilə ona etimad bəsləyən insanların arzu və istəklərini yüksək səviyyədə gerçəkləşdirib.
Məhz yuxarıda vurğuladığım qısa ştrixlərdən belə nəticəyə gəlmək olur ki, Mehriban xanım Əliyevanın mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən qaynaqlanan humanist fəaliyyətinin özülündə, təməlində məhz xalqa layiqli, nümunəvi xidmət məram-məqsədi dayanır, millətə dərin sevgisi, rəğbət hissi durur.
Mehriban xanım Əliyeva öz səmərəli, çoxşaxəli, zəngin fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq, tarixdə yeni bir mərhələnin əsasını yaradıb. Bununla həm də Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası barədə beynəlxalq aləmə dövlətimizin bu sahədəki mövqeyni çatdırıb.
Beləliklə, Mehriban xanım Əliyeva müxtəlif dövrlərdə müdrikliyi və qəhrəmanlığı ilə seçilən Azərbaycan qadınlarının şərəfli ənənələrini yaşadaraq, zənginləşdirib, mədəniyyətin, incəsənətin, elmin bir sıra sahələrində ilklərə imza ataraq, sivil işgüzarlığı, intellektual potensialı ilə beynəlxalq ictimaiyyətdə böyük nüfuz qazanıb.
Emin BAĞIROV,
AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru
http://moderator.az/

Faydalı linklər