Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

27 sentyabr Anım Günü Vətən müharibəsi şəhidlərinin ailələri AMEA Riyaziyyat və Mexanika İnstitutun rəhbərliyi tərəfindən ziyarət olunub


2020-ci il dekabrın 2-də İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır.

Sərəncamda qeyd olunur ki, “Dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:

  1. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri dos.İradə Mirzəzadənin təşəbbüsi ilə İnstitutun bir neçə əməkdaşı Anım Günü ilə əlaqədar olaraq Vətən uğrunda son damla qanınadək döyüşərək əbədi ölümsüzlük zirvəsinə yüksəlmiş cəsur şəhidlərimiz baş çavuş Cəfərov Vüqar İnşallah oğlu, Məhərrəmov Fərid Asif oğlu, Məmmədzadə Kəmaləddin Vüqar oğlunun ailələrinə baş çəkmişlər.

Baş çavuş Vüqar Cəfərov 1991-ci martın 23-də Bakı şəhərində anadan olub.

Vüqar orta təhsilini Bakının Nizami rayonunda yerləşən 70 saylı məktəb-liseydə alıb. Uşaq yaşlarından idmana və hərbi xidmətə böyük maraq göstərdiyindən, orta təhsilini başa vurduqdan sonra, böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yollanıb. Müddətli həqiqi hərbi xidmətini 2009-cu ilin oktyabr ayından 2011-ci ilin aprel ayınadək Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasında keçib. Hərbçi peşəsinə qəlbdən bağlı olduğundan, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra, yenidən ordu sıralarna qayıdaraq xidmətini davam etdirməyə qərar verib. Beləliklə, Daxili Qoşunların 67987 saylı hərbi hissəsinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə olan borcunu şərəflə yerinə yetirməyə başlayıb. 2011-ci ilin oktyabr ayından etibarən hissənin “Kobra” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsinin xüsusi həmlə qrupunda pulemyotçu vəzifəsində xidmətini davam etdirən Vüqar Cəfərov, yüksək döyüş hazırlığı və nümunəvi xidmətilə hər zaman fərqlənib, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib.

Xalqımızın qələbəsilə başa çatmış İkinci Qarabağ müharibəsinin ilk günündən hərbi əməliyyatlara qatılan baş çavuş V.Cəfərov silahdaşları ilə birgə Murovdağ silsiləsi, eləcə də Füzuli və Cəbrayıl rayonlarının bir sıra yaşayış məntəqələrinin və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

5 oktyabr 2020-ci il… Cəbrayıl istiqamətində gedən döyüş Vüqarın son döyüşü oldu.

Baş çavuş V.Cəfərov 2020-ci il oktyabrın 6-da Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli, 22 dekabr 2020-ci il tarixli, 24 iyun 2021-ci il tarixli müvafiq sərəncamları ilə baş çavuş Cəfərov Vüqar İnşallah oğlu (ölümündən sonra) “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Məhərrəmov Fərid Asif oğlu 2002-ci il fevralın 8-də Bakı şəhərində anadan olmuşdur. Əslən Zəngilan rayonun Cahangirbəyli kəndindəndir. 2008-ci ildə ibtidai sinifə Xocavənd rayon tam orta məktəbindən başlamış, sonradan idmanla bağlı olaraq Kəlbəcər rayonun 17 saylı tam orta məktəbində təhsilin davam etdirmişdir. 2019-ci ildə 11-ci sinifi bitirib İdman Akademiyasına qəbul olmasına baxmayaraq təhsilindən imtina edərək hərbi xidmətə yollanıb.

25 may 2020-ci ildə Zəngilan rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə yollanmışdır.

Əsgər olmasına baxmayaraq 27 sentyabrda  başlanan Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılmışdır. 29 sentyabrda  Ağdərə rayonunun  Talış kəndi istiqamətində gedən döyüşlərdə mənfur ermənilərin atdığı raket nəticəsində yaralansa da, döyüş yoldaşlarını xilas etməyə nail olub və çoxlu qan itirərək qəhramancasına şəhidlik zirvəsinə ucalmışdır. 6 oktyabrda nəşi ailəsinə təhvil verilmiş, 7 oktyabrda Sumqayıt şəhər məzarlağında dəfn olunmuşdur.

07.09.2021-ci il tarixində Sumqayıt Şəhər qəbristanlığından anasının arzusu ilə çıxarılaraq (İcra hakimiyyətinin iştirakı ilə) Bakı şəhər Suraxanı rayonu Dədə Qorqud şəhidlər qəbristanlığında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli Sərəncamı ilə Məhərrəmov Fərid Asif oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Məmmədzadə Kəmaləddin Vüqar oğlu 1999-cu ildə sentyabrın 14-ü  Bakı şəhəri Xətai rayonunda anadan olmuşdur. Kəmaləddin 249 saylı tam orta məktəbin  məzunu olub. 11 illik təhsilini bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakultəsinə daxil olub. 2 il AZMİU-da ali təhsil aldıqdan sonra təhsilini dondurub və 08.01.2020 tarixində hərbi xidmətə yollanıb. 10 ay Vətənə xidmət edib. Vətənə olan sevgisi uşaqlıqdan var idi. Çox sevirdi Vətənini, yurdunu.

Kəmaləddin 27 sentyabrdan başlayaraq 8 noyabra kimi bütün döyüşlərdə ön cəbhədə qəhrəmancasına iştirak etmişdir. Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Xocavəndin kəndləri, Şuşa şəhəri, bütün qəsəbə və yüksəkliklərin işğaldan azad edilməsində döyüşmüş və əsgər yoldaşları ilə birlikdə  düşmənin çox sayda tankını məhv etmişdirlər. Düşmənə ağır zərbələr endirmişdir.

Döyüşlərdə ağır yaralanmış əsgər yoldaşının sağ qalması üçün onu xilas etmişdir. Noyabrın 8-də Şuşa şəhərində ermənilər tərəfindən muhasirəyə alınır və boynundan snayperlə vurularaq qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.

Kəmaləddin ölümündən sonra Prezidentin sərəncamı ilə  Vətən uğrunda, Cəsur döyüşçü, Qubadlının azad olunmasına görə, Cəbrayıl, Füzuli və Şuşanın azad olunması uğrunda medalları ilə təltif edilmişdir.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 27 sentyabr Anım Günü münasibətilə keçirilən tədbirdə çıxış edərək qeyd etmişdir:

“Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir”.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi Vətənə igid oğullar bəxş edən valideynlərə minnətdarlıq edib:

“İnanırıq ki, Vətən uğrunda şəhid olmuş igid oğullarımızın əziz xatirəsi qədirbilən xalqızımın qəlbində hər zaman əbədi olaraq yaşayacaqdır”.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.