Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü Misir Mərdanovu 75 illik yubileyi münasibətilə təbrik edirik!


AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun 75 yaşı tamam olur.

Mərdanov Misir Cumayıl oğlu 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olmuşdur. 1964-cü ildə orta məktəbi bitirib, həmin il Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuş, 1969-cu ildə Universitetin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1970-1972-ci illərdə BDU-nun əyani aspiranturasında təhsilimi və elmi araşdırmalarımı davam etdirmişdir. 1973-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında “İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyamı müdafiə etmişdir. 1973-cü il 28 setyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür, 1981-ci il 25 noyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə dosent elmi adını almışdır.

1989-cu ildə Ukrayna Elmlər Akademiyasının riyaziyyat institutunun müdafiə şurasında “Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1989-cu il 3 noyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1971-ci ildən 1989-cu ilədək Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent vəzifələrində işləmiş, 1985-1986-ci illərdə BDU-nun qəbul komissiyasının məsul katibi vəzifəsində, 1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifəsində çalışmış,1996-cı ildən 1998-ci ilə qədər Bakı Dövlət Universitetinin nəzdində doktorluq dissertasiyası üzrə müdafiə şurasının sədri olmuşdur. 1989-1990-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində ali təhsil idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində təhsil nazirinin müavini işləmişdir.
1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.
1997-1998-ci illərdə Bakı Dövlət Universitetin rektoru kimi fəaliyyətimi davam etdirmişdir. 1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışmışdır.  2000-ci ilin yanvarın 28-dən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür. 2005-ci ilin aprelin 27-dən Rusiya Təhsil Akademiyasının xarici üzvüdür.

2013-cü ilin aprel ayından indiyə qədər Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə çalışır.
2011-2014-cü illərdə Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, 2014-cü ildən Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidentidir.
1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, 2014-cü ilin оktyabrın 28-dən Pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva)akademikidir.
2013-cü ilə qədər “Kurrikulum”, “Ali təhsil və cəmiyyət” elmi-metodiki jurnallarının və “Elektron təhsil”, “Təhsil”, “Təhsil xəbərləri” jurnallarının baş redaktoru olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri jurnalının fizika-texnika və riyaziyyat elmləri seriyasının riyaziyyat və mexanika buraxılışının redaktor müavinidir. “Azerbaijan journal of Mathematics” jurnalının redaksiya heyətinin üzvidir.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının baş redaktoru,
“TWMS Journal of Pure and Applied Mathematics” (Turkic World Mathematical Society) jurnalının beynəlxalq redaksiya heyətinin, “Чебышевский сборник” jurnalının beynəlxalq redaksiya heyətinin üzvidir.
Riyaziyyat və Mexanika İnstitutunun D 01.111 dissertasiya Şurasının üzvü,
Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının sədridir.
2015-ci ilin martın 2-dən Riyaziyyat və Mexanika İnstitutunun D.01.111 Dissertasiya Şurasının sədridir.
Bir elmlər doktorunun məsləhətçisi olmuş və dörd fəlsəfə doktoru hazırlamışdır.

1973-1998-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakultəsində analitik həndəsə, diferensial həndəsə, optimal idarəetmənin riyazi üsulları fənlərindən mühazirələr oxumuş, eyni zamanda optimal idarəetmə ilə bağlı ixtisas kurslarında mühazirələr demiş və seminarlar aparmış, tələbələrin diplom işlərinə rəhbərlik etmişdir. 2015-2016-ci tədris ilində Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakultəsinin magistrlarına “Optimal idarəetmənin riyazi üsulları fənnindən” ixtisas kursu keçmiş, 2016-2017-ci tədris illində AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistrlarına “Riyaziyyatın tarixi və metodologiyası” fənnindən mühazirələr oxumuşdur.

Əsas elmi nəticələri:

Geniş sinif-müxtəlif məhdudiyyətləri olan optimalidarəetmə məsələləri üçün Pontryaginin maksimum prinsipini, həmçinin ikinci tərtib zəruri və kafi şərtlər isbat etmək məqsədi ilə yeni, vahid metod işlənmişdir. Təklif olunan metod, məlum metodları tətbiq edərkən ortaya çıxan bəzi prinsipial çətinlikləri aradan qaldırmağa imkan vermişdir. Həmin çətinliklərə-idarəediciyə daxil olan gecikmələrin bir-biri ilə müqayisə oluna bilməməsi, tədqiq olunan ekstremalın normallıq şərtini ödəməməsi, faza məhdudiyyətlərinin olması, tənliyin sağ tərəfinin zamana görə ölçülən olması və zamanın qeyd olunmaması daxildir. Gecikən arqumentli sistemlərdə məxsusi idarəedicinin optimallığı üçün yeni ikinci tərtib zəruri şərtlər isbat edilmişdir. Diskret sistemlərlə xarakterizə olunan daha geniş sinif optimal idarəetmə məsələlərinin həlli üçün yeni anlayışlar daxil eilmiş və daha səmərəli metod işlənmiş, onların tətbiqi ilə optimallıq üçün daha güclü birinci və yüksək tərtib zəruri şərtlər alınmışdır.

Bundan başqa 2000-ci ildə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Əməkdar elm xadimi” fəxri adına, 2001-cı ildə “Qızıl qələm” media mükafatına, 2006-cı ildə isə “Şöhrət” ordeninə layiq görülmüşdir. 2011-ci ildə Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdir.

2013-cü ilə qədər Yeni Azərbaycan Partiyasının İdarə heyyətinin üzvü, hazırda Yeni Azərbaycan Partiyasının Siyasi şurasının üzvüdir.

Misir müəllim gənc tədqiqatçıların yüksəkixtisaslı kadr kimi formalaşmasına, onların elmə cəlb olunmasına hər zaman böyük qayğı və həssaslıqla yanaşır.

Hörmətli Misir müəllim! Sizi Riyaziyyat və Mexanika İnstitutunun kollektivi adından 75 illik yubileyiniz münasibətilə təbrik edir, sizə möhkəm can sağlığı və elmi yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər