09/11/2021
Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!
Bayraq – bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, dövlət rəmzi olub, müharibələr zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.
Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Bayrağımızın yaranma tarixi XIX əsrin əvvəllərinə təsadüf edir. Bu bayraq 1918 -1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarından biridir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli milli bayrağının təsdiq olunması haqqında qərar qəbul olundu. Milli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırıldı.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və 1920-ci ildə qonşu iri dövlətlərin mənfur planları nəticəsində süqut etdi. 70 il Azərbaycan xalqı doğma və əziz bayrağından zorla ayrı salındı. Lakin bu 70 il ərzində xalqın min bir əziyyətlə əldə etmiş olduğu üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də vətənimizin, doğma Azəribaycanımızın üzərində məğrurluqla dalğalanacağı anı səbirsizliklə gözlədi. 1990-cı il noyabrın 7-də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqləndi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması haqqında Konstitusiya Qanununu qəbul etdi. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Bayrağımıza hörmət və məhəbbət rəmzi olaraq dövlət başçımız xarici ölkələrə səfərə gedərkən milli bayrağımız onu qəbul edən dövlət tərəfindən qaldırılır. Mülki şəxslər isə bayrağa dərin hörmət əlaməti olaraq baş geyimlərini çıxarırlar.
Üçrəngli bayrağımız milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır. Dostlarımızı sevindirən, düşmənimizi xar edən üçrəngli bayrağımız dövlətimizin varlığını onun əzəmətini və gücünü bütün dünyada təsdiqlədi.
Bu gün Azərbaycan öz müstəqilliyi tarixində Dövlət Bayrağı Günü heç vaxt olmadığı qədər böyük qürur və fəxarət hissi ilə qeyd edir. Çünki, ilk dəfə olaraq bu il Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli iradəsi və rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətənə hədsiz məhəbbbəti və qanı bahasına üçrəngli bayrağımız son 28 ildə qaldırılmayan doğma torpaqlarımızda – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında, Ağdamda, Kəlbəcərdə və nəhayət, tək Azərbaycanın deyil, bütün Qafqazın incisi və bütün azərbaycanlılar üçün müqəddəs olan Şuşada ucaldıldı.
Müstəqil Azərbaycanımız siyasi və iqtisadi cəhətdən möhkəmlənib bərqərar olduqca üçrəngli milli bayrağımız daha yüksəklərə ucalacaq, sancılacağı məkanların sayı daha da artacaq.
Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.