Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan aliminin monoqrafiyası Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən çap edilmişdir


AMEA Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri r.e.d. Vüqar İsmayılovun “Ridge functions and applications in neural networks” adlı monoqrafiyası Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən çap edilmişdir.

Qeyd etmək lazımdır ki, Amerika Riyaziyyat Cəmiyyəti 1943-cü ildən başlayaraq monoqrafiya seriyasında 265 kitab çap etmişdir və indiyə qədər kitab müəllifləri arasında Zaqafqaziyada, Orta Asiyada və ya hər hansı müsəlman ölkəsində işləyən alimin adı yer almamışdır. Amerika Riyaziyyat Cəmiyyətinin bu seriyadan olan kitablarının illər üzrə siyahısına və müəlliflərin çalışdıqları ölkə adlarına aşağıdakı linkə keçid etməklə baxmaq olar: https://www.ams.org/books/surv

Monoqrafiya ridge funksiyalara və onların neyron şəbəkələr nəzəriyyəsindəki tətbiqlərinə həsr olunmuşdur. Ridge funksiyalar elmin müxtəlif sahələrində vacib rol oynayır. Məsələn, onlar xüsusi törəməli diferensial tənlikər nəzəriyyəsində, kompüter tomoqrafiyasında, statistikada geniş istifadə edilir. Ridge funksiyalar həmçinin bir sıra neyron şəbəkə modellərinin əsasını təşkil edir. Monoqrafiyada ridge funksiyaların müxtəlif nəzəri approksimativ xassələri öyrənilir. Kitabda həmçinin ümumiləşmiş ridge funksiyalar tədqiq edilir, onların xətti superpozisiyalarla və Kolmoqorovun superpozisyalar haqqında olan məşhur teoremi ilə əlaqəsi təsvir olunur. Kitabın son hissəsində birqat və ikiqat gizli laylı neyron şəbəkə modelləri müzakirə edilir. Bu hissədə alınmış nəticələr adi və ümumiləşmiş ridge funksiyaların xassələrinə əsaslanır. Baxılan neyron şəbəkə modellərinin universal approksimasiya xassələrinin yeni aspektləri aşkar edilir.

Monoqrafiya funksional analiz, approksimasiya nəzəriyyəsi, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi sahələrində çalışan mütəxəssislər və PhD tələbələri üçün maraqlı ola bilər. Kitabdan həmçinin neyron şəbəkələr üzrə istisaslaşmış tədqiqatçılar və ridge funksiyaların tətbiq olunduğu digər sahələrin mütəxəssisləri istifadə edə bilər.

Kitab haqqında geniş məlumatla Amerika Riyaziyyat Cəmiyyətinin aşağıdakı internet səhifələrində tanış olmaq olar:

https://bookstore.ams.org/surv-263

https://www.ams.org/books/surv/263

https://www.ams.org/books/surv/263/surv263-endmatter.pdf

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.