30/03/2022
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi. İlk öncə 31 Mart Soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, akademiyanın müxbir üzvü, professor Misir Mərdanov tədbirdə çıxış edərək, xalqımızın tarixinə yazılmış ən qanlı hadisələrdən biri kimi erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş 1918-ci ilin soyqırımı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də insanlıq əleyhinə törədilmiş dəhşətli cinayətlərdən və qanlı faciələrdən biridir. Tarixi şərait nəticəsində əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar.
Daha sonra tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı mövzusunda geniş məruzə edib. Bu qanlı hadisələrin tarixi səbəbləri, cərəyan etməsi, bununla əlaqədar olaraq faktların, zəruri sənədlərin tapılması və ortaya çıxarılması, kitabların dərc edilməsi, habelə əsrlər boyu ölkəmizə qarşı erməni təcavüzünün məqsədi və miqyası barədə ətraflı məlumat verib. Nariq vurğulayıb ki, erməni daşnakları sadəcə Bakı şəhərində və eyni adlı quberniyaya daxil olan digər şəhər və qəsəbələrdə deyil, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də kütləvi qırğınlar və vandalizm aktları törədiblər. Qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş şəkildə qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 104 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir.
Sonda bildirilib ki, 31 mart soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vandalizm aktıdır. Soyqırımı qurbanlarının xatirəsi daim əziz tutulacaq və heç vaxt unudulmayacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.