04/05/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında AMEA RMİ-nin “Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin müdiri f.-r.e.d., professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastiklik nəzəriyyəsinin kvazistatik sərhəd məsələsinin dəqiq həll metodu”mövzusunda məruzə etdi.
Məruzədə özlüelastiklik nəzəriyyəsinin kvazistatik sərhəd məsələsinin məruzəçi tərəfindən yaradılan səmərəli həll metodu təqdim edilir. ABŞ alimləri Y.Peng və D.Zhou tərəfindən bu metodla həll edilən və uyğun istinadla “Journal of Computations and Modelling, 2012, vol. 12, №4. P.51-74” jurnalında dərc edilən “Topalaşmış qüvvə təsiri altında özlüelastik yarımsonsuz fəzada gərginliyin paylanması” (“Stress Distributions Due to Concentrated Force on Viscoelastic Half –Space”) məsələsinin timsalında metod nümayiş etdirilir. Bununla bərabər, fırlanan qalın diskin deformasiyası haqqında özlüelastikliyin yeni sərhəd məsələsinin təqdim edilən metodla alınmış dəqiq həlli verilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.