Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alim Stenford Universitetinin reytinq siyahısında


2019-cu ildən başlayaraq hər ilin oktyabr ayında ABŞ-ın Stenford Universiteti dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısını dərc edir. Reytinq siyahısı baş ofisi Amsterdam şəhərində yerləşən, dünyanın ən böyük və nüfuzlu akademik nəşriyyatı olan “Elsevier” şirkətinin “Scopus” bazasının bir il əvvəlki məlumatları əsasında tərtib edilir. Siyahı aşağıdakı meyarlar üzrə tərtib edilir və iki mərhələdə həyata keçirilir:

İlkin seçim məhsuldarlıq göstəricisi əsasında aparılır. Belə ki, 1-ci mərhələdə ən azı 5 məqaləsi “Scopus” bazasında indeksləşən alimlər seçilir. Sonrakı mərhələdəki seçim isə keyfiyyət göstəriciləri əsasında aparılır. Keyfiyyət göstəriciləri dedikdə, istinadların ümumi sayı, özünə istinadlar nəzərə alınmadan istinadların sayı, h-indeksi (Hirş indeksi), hm-indeksi (çoxmüəllifli məqalələr üçün h-indeksi), tək müəllifli məqalələrə istinadların sayı, birinci müəllifi olduğu məqalələrə istinadların sayı və s. nəzərdə tutulur. Sonra bu göstəricilər əsasında ümumiləşmiş (kompozit) indikator hesablanır və alimlər bu indikatora nəzərən ranqlaşdırılılr. Ranqlaşdırmadan sonra ilk 2 faizə daxil olan alimlərin reytinq siyahısı tərtib edilir. Qeyd etmək lazımdır ki, ranqlaşdırma 22 elm sahəsinin hər biri üzrə ayrılıqda aparılır.

2022-ci ilin siyahısında Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxlu sayda soydaşlarımızın adı daxil edilib. Bu reytinq siyahısında ölkəmizi 6 elm sahəsi üzrə 14 alim təmsil edib ki, onlar da 8 təşkilatın nümayəndəsidir.

Bu siyahıya Riyaziyyat sahəsində Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin adı daxil edilmişdir.

Bu münasibətlə kollektivimiz adından Vaqif müəllimi təbrik edirik!

 

http://iam.bsu.edu.az/az

Faydalı linklər