Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

30 noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür


Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü 1988-ci ilin 30 noyabrından qeyd olunur. Məhz həmin ilin noyabrında universitetlər, elmi-tədqiqat institutları və hərbi idarələr də daxil olmaqla, ARPANET-in minlərlə qovşağını sıradan çıxaran ilk kompyuter virusu meydana gəldi və nəhəng itkilərə səbəb oldu. Yaradıcısının adı ilə Morris “soxulcanı” adlandırılan bu virusun vurduğu ziyan, təxminən, 100 milyon dollar həcmində qiymətləndirilmişdir. Morris “soxulcanı” göstərdi ki, informasiya təhlükəsizliyi, həqiqətən də, çox ciddi məsələdir və insanlar tərəfindən böyük səylər və müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Bunları əsas tutaraq, 1988-ci ildə Kompyuter Avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü elan etdi. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu gün qeyd olunur.

İnformasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatına geniş nüfuz etdiyindən, müstəqil Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri də, məhz qlobal informasiya məkanında layiqli yer tutması və inteqrasiyası idi. Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ aktlar qəbul edilib. İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi ixtisası üzrə alimlərin, o cümlədən də bu sahədə yüksək ixitisaslı kadrların yetişdirilməsi məsələlərinə son illərdə xüsusi diqqət yetirilir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması”, 2009-cu ildə ölkədə “Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani sübutudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər