Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

2022-ci ilin Nobel mükafatı laureatlarının adları açıqlanıb


İsveçin paytaxtı Stokholmda keçirilən mərasimdə 2022-ci ilin Nobel mükafatları təqdim edilib.

İlk qalib “Fiziologiya və ya tibb” nominasiyası üzrə mütəxəssis – isveçli bioloq Svante Paabo olub. O, bu mükafata insan təkamülünün genetik əsaslarını öyrəndiyinə görə layiq görülüb.

Həmçinin fizika üzrə 2022-ci il Nobel mükafatı qalibləri fransız fizik, kvant optikası üzrə mütəxəssis Alain Aspect, kvant mexanikası üzrə ixtisaslaşmış amerikalı fizik John F. Clauser və kvant informasiyası sahəsində çalışan avstriyalı alim Anton Zeilinger olub. Onlar bu mükafata “Bell bərabərsizliklərinin pozulmasını təyin edən və Kvant məlumat elmi olan dolaşıq fotonlara dair təcrübələr üçün” layiq görülüb.

Kimya üzrə Nobel mükafatı laureatları amerikalı kimyaçı, Stenford Universitetinin professoru Karolin Rut Bertozzi, danimarkalı kimyaçı, Kopenhagen Universitetinin professoru Morten P. Meldal və amerikalı kimyaçı, 2001-ci il Nobel mükafatı laureatı Karl Barri Şarplessdir. Onlar mükafatlarını klik kimyası (ayrı-ayrı kiçik elementlərin öz aralarında birləşməsi ilə kimyəvi maddələrin daha sürətli və effektiv alınmasını ehtiva edən kimyəvi reaksiyalar – red.) və bioortoqonal kimyanın inkişafına görə alıblar.

İsveç Milli Bankının 2022-ci il İqtisadiyyat Elmləri üzrə Alfred Nobel Memorial Mükafatı banklar və maliyyə böhranları ilə bağlı araşdırmalarına görə Ben Bernanke, Douglas Diamond və Philip Dybvig-ə verilib.  Elmi göstəricilərə əsaslanaraq potensial Nobel mükafatçılarının adlarını çəkən Clarivate bu il Çikaqo Universitetindən James A. Robinson, Daron Acemoğlu və Massaçusets Texnologiya İnstitutundan Saymon Consonun rəhbərlik etdiyi səkkiz yeni potensial iqtisadi Nobel mükafatçısını öz siyahısına əlavə edib. Hər üçü siyasi və iqtisadi institutların ölkənin inkişafına necə təsir etdiyini təhlil edib. Robinson və Acemoğlu öz araşdırmalarına əsaslanaraq “Niyə bəzi ölkələr zəngin, digərləri isə kasıbdır” kitabını yazıblar.

Qeyd edək ki, Nobel Həftəsi oktyabrın 3-dən 10-dək keçirilir.

Nobel mükafatı 1895-ci ildə isveçli ixtiraçı-alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilib.

İlk dəfə sahibinə 1901-ci ildə təqdim olunub.  Mükafat qızıl medal və pul mükafatından ibarətdir.

Nobel mükafatı İsveç Kral Elmlər Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və ya təşkilatlara fizika, kimya, ədəbiyyat, sülh və tibb sahəsində fövqəladə uğurlara görə verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər