Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bu gün Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azerspace-1”in orbitə buraxılmasından 10 il  ötür


2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” sayəsində 2013-cü il fevralın 7-də (Bakı vaxtı ilə fevralın 8-i) Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılıb.

Faydalı yük üzrə 36 fəal transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan “Azərspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşərək  Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Orbitdə istismar müddəti ən azı 15 il təşkil edəcək “Azərspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulmuşdur.

Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunur, qalan 80 faizi isə dünya bazarlarına ixrac edilir. “Azərspace-1” peykinin texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən üçdəbir hissəsini əhatə edəcək coğrafiya üzrə milyonlarla insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə edə bilir. Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Belə ki, “Azərspace-1” peyki bütün Azərbaycan ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsini təmin edir, ümumiyyətlə, ötürülən bütün məlumatlara daha yaxşı nəzarət olunur.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilib. Dövlətimizin başçısının göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək və Konqres Azərbaycanın kosmik arenadakı mövqeyində önəmli iz buraxacaq. Bu, ölkəmizdə kosmik sənayenin inkişafının təzahürü kimi qiymətləndirilməlidir. Bakıda keçiriləcək beynəlxalq tədbir Azərbaycanın qlobal kosmik sənayenin hərəkətverici qüvvələrindən biri olmasına təkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər