Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dahiləri bir də belə tanıyaq!


Orxan Kamal

“Yad qızı”, “Xanımın çiftliyi”, “Murtaza” adlı məşhur əsərləri ilə oxucularının qəlblərini fəth edən, Türkiyənin tanınmış yazıçısı Orxan Kamal… İnsanlar onu bəlkə də öz ad-soyadı ilə tanımır. Onun əsl adı Məhmət Raşit Öyütçüdür. Ancaq hamı onu Orxan Kamal kimi tanıyır. Həyatı boyunca keçirdiyi əzablı günlər, özünün və atasının həbs həyatı, dəfələrlə başqa yerlərə köçmək, fəhlə işləmək, 4 övlad böyütmək, Nazim Hikmətlə eyni həbsxanada qalmaq və s… Bəlkə də bütün bunlar idi Orxan Kamalın daha da güclü yazıçı olmasına səbəb…

Müasir türk ədəbiyyatının, türk ədəbi dilinin formalaşmasında əvəzsiz rol oynayan Orxan Kamal Adanada dünyaya göz açıb. Yazıçının atası topçu leytenantı olan vəkil Əbdülqadir Kəmali bəy, anası isə iki ilə qədər ibtidai sinif müəllimliyi etmiş adanalı Əzim xanımdır. Uşaqlıq illərini Adanada keçirən yazıçı Birinci Dünya müharibəsindən sonra şəhərin fransızlar tərəfindən işğala uğraması səbəbindən ailəsi ilə birgə Niğdeyə, daha sonra isə Konyaya köçüb. Atası bir müddət Kastamonudan Türkiyə Böyük Millət Məclisinə seçilən millət vəkili olsa da, sonralar qəzetçiliklə məşğul olub. Bir müddət sonra isə qəzet bağlanıb və yazıçının atası 11 ay həbsdə qalıb.

Türkiyə və Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində əsərləri ən çox oxunan Orxan Kamal roman, hekayə, pyes, şeir kimi fərqli janrlarda əsərlərə imza atsa da, daha çox romanları ilə tanınmışdır.

Orxan Kamal hərbi xidmət dövründə “Maksim Qorki və Nazim Hikmətin kitablarını oxumaq” və “Xarici rejimlər lehinə üsyana səsləmə”də günahlandırılaraq 5 il həbs cəzasına məhkum edilib. İlk şeirini də elə həbsxanada yazan yazıçı orada Nazim Hikmətlə tanış olub. 3 il həbsxanada Nazim Hikmətlə dostluq edən Orxan Kamal ondan fransız dili, fəlsəfə və siyasət dərsləri alıb. Məhz Nazim Hikmətin tövsiyəsi ilə sonralar şeir yerinə roman və hekayələrə daha çox üstünlük verib.

Bir müddət Dövlət Dəmiryolu İdarəsində fəhləliklə məşğul olan yazıçı həbsə girdiyinə görə yarımçıq qalan 35 günlük hərbi xidməti bitirmək üçün yenidən əsgərliyə çağırılıb. Əsgərlikdən qayıtdıqdan sonra isə tərəvəz satışı ilə məşğul olub. Daha sonra “Vərəm müharibəsi” dərnəyində məmur kimi fəaliyyətə başlayıb. Amma heç bir işdə uzun müddət işləməyib. Yeri gəlmişkən qeyd edək ki, yazıçı bir dəfə də dostları ilə birlikdə həbs edilsə də, əməllərində cinayət faktı olmadığı üçün bir ay sonra azad edilib.

Gənc ikən işlədiyi fabrikdə Nuriyə adlı fəhlə xanımla ailə həyatı quran yazıçının bu evlilikdən dörd övladı dünyaya gəlib.

Nənəsinin əsil-kökünün olduğu yerləri gəzmək və qeydlər götürərək “93-dən bu yana” adlı ailə hekayəsini yazmaq məqsədilə Sofiyaya gedən yazıçı bu istəyini reallaşdıra bilməyib. Belə ki, səfər ərəfəsində beyin qanaması diaqnozu ilə xəstəxanaya yerləşdirilən Orxan Kamal 55 yaşında dünyasını dəyişib. Yazıçının cənazəsi xüsusi avtomobil karvanı ilə Türkiyəyə gətirilərək Zincirlikuyu Məzarlığında dəfn edilib.

respublika-news.az

Faydalı linklər