Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dahiləri bir də belə tanıyaq!


Con Steynbek

Amerika ədəbiyyatının nəhəngi, Nobel mükafatına layiq görülmüş yazıçı  Con Steynbek… Kitabları bütün dünyada oxunan bu yazıçının adı Vilyam Folkner və Ernest Heminquey kimi məşhur ədiblərlə əbəs yerə çəkilmir.  Ancaq arzuladığı  şöhrətin zirvəsinə ucalmaq  üçün qabyuyan,  qarovulçu, hətta zibilyığan belə işləməklə çətin yollardan keçərək  bir çox məhrumiyyətlər yaşamalı olmuşdu…

Kaliforniyada doğulan məşhur yazıçının uşaq ikən  ən sevimli məşğuliyyəti otağındakı pəncərənin qabağında oturub saatlarla xəyallara dalmaq idi. Tez-tez depressiv vəziyyətlərə düşən oğlunu belə görən anası narahat olaraq deyərdi: “Bilmirəm Con haqqında nə deyim: bu uşaq ya dahi, ya da bivec adam olacaq”.

Məktəbi bitirəndə Steynbek məşhur yazıçı olmaq qərarına gəlsə də, valideynləri yazıçılığı kişi işi hesab etmədikləri üçün onun bu arzusunu qəbul etmir, oğullarını normal təhsil almağa vadar edirlər. Anasının təkidi ilə Stenford Universitetinə qəbul olan yazıçı,  təhsilini davam etdirə bilmək üçün  yerli kafelərin birində  qabyuyan işləməyə məcbur olur. Gənc Steynbek 6 il Universitetdə əziyyət çəksə də,  kursu bitirməmiş təhsilini yarımçıq qoyur.  Valideynlərindən qorxmasına baxmayaraq, o, “böyük yazıçı olmaq” arzusuna sadiq qalır. Arzusunu həyata keçirmək üçün  isə sürücü, xarrat, qarovulçu, hətta zibilyığan belə işləyir. Bununla belə heç vaxt xəyallarına xəyanət etmir və mütəmadi olaraq müxtəlif nəşriyyatlara əlyazmalarını göndərir. Və bir gün nəhayət ki, zəhməti öz bəhrəsini verir…

Həyatı boyunca 33 kitab qələmə alan yazıçıya ən çox şöhrət gətirən əsərləri “Siçanlar və insanlar”, “Qəzəb salxımları” və “Cənnətdən Şərqə doğru” adlı romanları olub.

Deyilənlərə görə, yazıçı çox böyük qələm həvəskarı imiş. Yazı yazmağa başlayanda yanına düz 24 qələm qoyurmuş. Məşhur “Blackwing” markalı qələmlərini isə daha çox sevirmiş. Steynbekin “Cənnətin doğuşu”nu yazarkən 300, “Qəzəb salxımları”nı yazarkən isə 60 qələm işlətdiyini deyirlər.

Ömrü boyu 4 dəfə ailə həyatı quran yazıçının 3 evliliyinin sonu boşanma ilə nəticələnib. Yalnız  teatr rejissoru Eleyn Skott ilə olan axırıncı evliliyi ömrünün sonuna qədər davam edib.

Həyatı boyu tütün məhsullarından istifadə edən Steynbek  66 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

respublika-news.az

Faydalı linklər