Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

27 Mart – Azərbaycanda Elm Günüdür


Martın 27-si Azərbaycanda  “Elm günü” kimi qeyd edilir. Bu tədbir elmlə məşğul olan hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır.

2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə xalqımız elm sahəsində daha böyük uğurlar əldə etməyə nail olub. Akademiyanın keçdiyi çətin və şərəfli yol elmimizin inkişafının böyük bir tarixi mərhələsi olmaqla yanaşı, ölkəmizin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elmi-ictimai hərəkatın, mədəni-texniki proseslərin də mühüm bir göstəricisidir. Ölkəmizdə elmin sistemli inkişafında XX əsr xüsusi mərhələ təşkil edir.

Azərbaycanda elmin inkişafı istiqamətində həyata keçirilən islahatlar Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. Heydər Əliyev dövlətə rəhbərlik etdiyi illərdə ölkə elminin inkişafı üçün əsas istiqamətləri müəyyən edərək, məqsədyönlü tədbirlər həyata keçiribdir. Ümummilli lider hər zaman Azərbaycan tarixinin elmi əsaslarla öyrənilməsi, ayrı-ayrı görkəmli alimlərin xidmətlərinin qiymətləndirilməsinə qayğı göstərərək, fəaliyyətini stimullaşdırıb.

Azərbaycanda elmin çox zəngin tarixi və ənənələri var. Əsrlər boyu Azərbaycan alimləri elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri sanballı əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstərib, Şərqlə Qərb arasında elmin varislik əlaqələrinin qorunub saxlanması işinə dəyərli töhfələr veriblər.

Hörmətli alimlərimiz, 27 mart – “Elm Günü” münasibətilə hər birinizi təbrik edir, elmi fəaliyyətinizlə daha böyük uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər