05/04/2023
Süni intellekt texnologiyası hər keçən gün yeni bir sahədə tətbiq olunmağa davam edir. Bu dəfə isə sözügedən texnologiyadan Alzheimer xəstəliyinin diaqnozunun qoyulması üçün istifadə edilib. Maşın öyrənmə və dərin öyrənmə üsullarından istifadə edən tədqiqatçılar uğur əldə ediblər.
Dünyada təxminən 40 milyona yaxın insan nevroloji xəstəlik olan Alzheimerdən əziyyət çəkir. Lakin indiyə qədər xəstəliklə bağlı bir çox araşdırmalar aparılsa da, qəti bir müalicə üsulu tapılmayıb. Yaddaşla əlaqəli xəstəlik olduğu üçün isə erkən diaqnoz çox önəmlidir .
“Webtekno” saytında yayımlanan informasiyaya əsasən Massachusetts Alzheimer Xəstəlikləri Araşdırma Mərkəzinin tədqiqatçıları tərəfindən aparılan araşdırmanın nəticələri göstərib ki, süni intellekt vasitəsilə Alzheimerin erkən diaqnozunun qoyulması mümkündür.
Bir çox məlumat və alqoritmlər üzərində çalışan tədqiqatçı qrup süni intellektə Alzheimer xəstəliyini aşkar etməyi öyrədib. Daha sonra isə süni intellektə müxtəlif xəstəxanalardan toplanmış Alzheimer xəstəliyi olan və olmayan xəstələrin MRT görüntüləri göstərilib.
Xəstəlik riski olan 2,348 xəstədən cəmi 11,103, Alzheimer xəstəliyi olmayan 8,456 xəstədən isə 26,892 MRT görüntüsü toplanıb. Süni intellektin hesablamaları nəticəsində insanlarda sözügedən xəstəlik riski 90,2 faiz dəqiqliklə aşkar edilib.
respublika-news.az